Binəqədi rayonu, Rəsulzadə qəsəbəsi, C.Cabbarlı küçəsi - 100 ünvanda yaşayan Süleymanov Vidadi Firudun oğlu redaksiyamıza müraciət edərək bildirmişdir ki, göstərdiyi ünvanda 30 ildir ki, üç ailə yaşayırlar. Evlərinin qanuni sənədləri vardır. Yaşadıqları müddət ərzində evlərin qabaq hissəsindən keçən yüksək gərginlikli elektrik xətlərinin alt və yan hissələrindəki zibili təmizləyib 100-ə yaxın meyvə ağacı əkiblər.
Bakı şəhəri Binəqədi rayonu Rəsulzadə qəsəbə Bələdiyyəsi özünün 25 mart 2005-ci il tarixli 53 saylı qərarı ilə vətəndaş Hüseynova Fəridə Bəşir qızının Rəsulzadə qəsəbəsi C.Cabbarlı küçəsində xüsusi mülk kimi ona məxsus olan 106 saylı fərdi yaşayış evinin həyətyanı torpaq sahəsinə aid olan və 1994-cü ildən bağ kimi istifadə etdiyi 400 kv.m torpaq sahəsini ona satmışdır. Bələdiyyə elə həmin tarixli 54 saylı digər qərarı ilə vətəndaş Süleymanov Vidadi Firudin oğluna xüsusi mülk kimi ona məxsus olan Rəsulzadə qəsəbəsi, C.Cabbarlı küçəsi 100 saylı fərdi yaşayış evinin həyətyanı torpaq sahəsinə aid olan və 1994-cü ildən bağ kimi istifadə etdiyi 900 kv.m torpaq sahəsini onun mülkiyyətinə satmışdır.
2013-cü ildə Vidadi Süleymanovun mülkiyyəti kimi istifadə etdiyi torpağa şərik çıxan tapılmışdır. Belə ki, Binəqədi rayon Polis İdarəsinin müstəntiqi ona zəng edərək idarəyə dəvət etmişdir. Məlum olmuşdur ki, eyni torpaq sahəsini Binəqədi Bələdiyyəsi qərarla Kərimov Qabil Abuzər oğlu adlı vətəndaşa satmışdır. (Süleymanov yazır ki, araşdırma zamanı həmin qərarın arxa tarixə verildiyi məlum olmuşdur.) V.Süleymanov yazır ki, 2014-cü ildə ona yenidən polisdən zəng olub və bu dəfə məlum olub ki, Qabil Kərimovun əlində torpaq çıxarışı var. V.Süleymanov öyrənmişdir ki, Q.Kərimov Əmlak Məsələləri Üzrə Dövlət Komitəsində işləyən əmisi oğlu Xdaverdi Kərimovun köməkliyi ilə 1 saylı Bakı İnzibati - İqtisad Məhkəməsinin hakimi Tahirə Əsədovanın yerli baxış keçirmədən, sənədin saxtalığının fərqinə varmadan çıxardığı qərarı əsas götürərək çıxarış verilmişdir.
Süleymanov yazır: "Hakim Tahirə Əsədovaya evlərimizin, torpağın sənədini təqdim etdikdən sonra özü öz qərarını ləğv etdi və Baş Prokurorluğa xüsusi qərardad da göndərdi. Binəqədi Bələdiyyəsinin keçmiş sədri Natiq Məmmədovun izahatı alınmış, o, cinayət törətdiyini etiraf etmiş, saxta sənəddən istifadə edən Qabil Kərimovun işi araşdırılması üçün Binəqədi Polis İdarəsinə göndərilmişdir. Binəqədi rayon Polis İdarəsinin çıxardığı qərarda Qabil Kərimovun şəxsiyyətini müəyyən etmək mümkün olmamışdır. O gündən bu günə qədər 3 dəfə 1 saylı Bakı İnzibati İqtisad Məhkəməsində, 4 dəfə Bakı Apellyasiya Məhkəməsində, 3 dəfə Ali Məhkəmədə baxılmışdır".
Süleymanov həmçinin dəfələrlə basqına məruz qaldıqlarını bildirmişdir: "29 mart 2018-ci ildə ADP-nin sədri Sərdar Cəlaloğlunun xahişi ilə evə basqın edən Binəqədi rayon Polis İdarəsinin 4-cü Polis Bölməsinin rəisi Etibar Baxşəliyevin mən evdə olmadığım vaxt saat 15 radələrində göndərdiyi dəstən məhkəmə qərarlarına hörmətsizlik edərək həyətin giriş darvazasını sındırıb, ağacları qırıb, daş hasarla həyəti evdən aralamışlar. 106 saylı evin girişini tamamilə bağlamışlar. Həmin anların çəkiliş lentini sizə təqdim edirəm. Qabil Kərimovun və şərti alıcı Namiq Şahverdiyevin nəfinə belə polis basqınları dəfələrlə baş vermişdir. Bu barədə polisin qərarları da vardır".
Süleymanovun ərizəsinə qoşma etdiyi materiallardan görünür ki, Binəqədi rayon Bələdiyyəsinin keçmiş sədri Natiq Məmmədov vəzifə səlahiyyətlərindən sui-istifadə edərək Binəqədi rayon Bələdiyyəsinin ərazi hüdudlarından kənarda 30 dekabr 2005-ci il tarixli 412 nömrəli qərarı ilə Kərimov Qabil Abuzər oğluna Binəqədi rayonu 9-cu mkr, C.Cabbarlı küçəsində 2750 kv.m torpaq sahəsi ayırmışdır. Rayon prokurorluğunun müstəntiqi Namiq Əliyev Natiq Məmmədovun törətdiyi cinayəti ("vəzifə səlahiyyətlərindən sui-istifadə") az ağır cinayətlər kateqoriyasına aid edərək üstündən yeddi il keçdiyinə görə keçmiş bələdiyyə sədrini cinayət məsuliyyətinə cəlb etməmişdir. Ədliyyə Nazirliyinin Bələdiyyələrlə İş Mərkəzi isə göndərdiyi məktubda sözügedən torpaq sahəsinin Rəsulzadə bələdiyyəsinin ərazisinə aid olmadığını, ümumiyyətlə Binəqədi rayonu ərazisində belə bir ünvanın olmadığını göstərmişdir. Natiq Məmmədov özü də qeyd olunan "az ağır" cinayəti törətdiyini danmamış, yalnız məsuliyyətə cəlb olunma müddəti keçdiyinə görə barəsində cinayət işinin başlanılmasının rədd edilməsini xahiş etmişdir.
Hələ bu harasıdır: Dadaşov Seymur Adil oğlu adlı şəxs Qabil Kərimovdan 2006-cı ildə 400000 dollara satın aldığını dediyi həmin torpaq sahəsinin 2011-ci ildə Vidadi tərəfindən zəbt olunduğu barədə Binəqədi polisinə ərizə ilə şikayət edibmiş. Ən nəhayət, Qabil Kərimov "tapılmış" və ƏMDK DƏDRX-nə qarşı iddia qaldıraraq mübahisəli torpaq sahəsinin qeydiyyata alınması və texniki pasport verilməsi üçün dava açmışdır. Həmin iddia təmin edilməmişdir.
Şikayətçi redaksiyadan hüquq-mühafizə, cinayət təqibi və məhkəmə orqanları tərəfindən başına açılan olayları ictimailəşdirib aidiyyəti instansiyalara çatdırmağı xahiş etmişdir.
Mövzuya qayıdacağıq.