AZƏRBAYCAN RESPUBLİKASININ PREZİDENTİ CƏNAB İLHAM ƏLİYEVƏ
AZƏRBAYCAN RESPUBLİKASININ BİRİNCİ VİTSE- PREZİDENTİ XANIM MEHRİBAN ƏLİYEVAYA
Surəti: AZƏRBAYCAN RESPUBLİKASININ ƏDLİYYƏ NAZİRİ CƏNAB FİKRƏT MƏMMƏDOVA
Surəti: AZƏRBAYCAN RESPUBLİKASININ İNSAN HÜQUQLARI ÜZRƏ MÜVƏKKİLİ XANIM ELMİRA SÜLEYMANOVAYA
MƏKTUB
Təşkilatın üzvü, etibarnamə üzrə nümayəndəsi olduğum, Şəhid Ailəsi, Xırdalan şəh. Abşeron Gənclər Şəhərciyi, blok 6, mən 39 ünvanında yaşayan Qədimalıyeva Səmərqa Məhərrəm qızı və Qarabağ müharibəsi veteranı, Yeni Yasamal, bina 14, mən.59 ünvanında yaşayan Fərzalıyev Fəxri Fərzalı oğlu ərizə ilə təşkilata müraciət edərək köməklik istəmişdir.
Onlar bildirirlər ki:”Respublika əhəmiyyətli məsələlərin həllində gecə-gündüz çalışdığınızı, əsas qayənizin xalqımızın rifahının yüksəldilməsi, onların layiqli həyat şəraitinin yüksəldilməsi, pozulmuş hüquqlarının bərpa edilməsi olduğunu bilirik. Sizin öndərliyinizdə həyata keçirilən hüquq islahatları çərçivəsində vətəndaşlarımızın hüquqlarının maksimum müdafiə olunması əsas məqsəd kimi qarşıya qoyulmuş və əksər dövlət və hüquq-mühafizə orqanları Sizin göstərişlərinizi layiqli şəkildə həyata keçirmişlər. Lakin, bəzi hallarda istər dövlət orqanlarının vəzifəli şəxsləri, istərsə də hüquq-mühafizə orqanlarının bəzi əməkdaşları Sizin siyasətinizin əsl mahiyyətini dərk etməyərək həmin siyasətin əleyhinə fəaliyyət göstərmiş, vətəndaşların hüquqlarını qorumaq əvəzinə hansısa maraqlar konteksindən çıxış edərək şəxsi maraqlarını güdmüş, bununla da vətəndaş və dövlət arasında narazılıqlara zəmin yaratmışlar. Elə bizə qarşı həyata keçirilən qanunsuz hallara görə Sizlərə müraciət etməkdən başqa çıxış yolumuz yoxdur.
Belə ki, – Şahverdiyev Namiq Maarif oğlu, Qədimalıyeva Səmərqa Məhərrəm qızı və Fərzalıyev Fəxri Fərzalı oğlu 04.05.2015-ci il tarixli, 0640765 saylı «Çıxarış»la Bakı şəhəri Binəqədi rayonu 9-cu mkr. Cəfər Cabbarlı küçəsində yerləşən ünvanda torpaq sahəsi almışlar. Binəqədi rayonu , M.Ə.Rəsulzadə Bələdiyyəsinin sədri Hümbət Hüseynov onlara məxsus olan bu torpağı qanunsuz şəkildə ələ keçirmək məqsədi güdür. O, həmin torpağa olan iddiasını onunla əsaslandırır ki, 12 il bundan öncə bu torpağın alqı-satqısını Binəqədi Baş Bələdiyyə İdarəsi deyil, məhz, onu M.Ə.Rəsulzadə Bələdiyyəsi etməli idi. Bu məsələ ilə bağlı iki dəfə Bakı Apellyasiya Məhkəməsində, iki dəfə Ali Məhkəmədə iddialara baxılmış və M.Ə.Rəsulzadə bələdiyyəsinin iddiası rədd edilmiş, Namiq Şahverdiyevin iddiası təmin edilmişdir. Bu qərarlardan sonra Binəqədi rayon M.Ə.Rəsulzadə Bələdiyyəsinin sədri H.Hüseynov yenidən öz nüfuzundan istifadə edərək Bakı Apellyasiya Məhkəməsinə şikayət ərizəsi ilə müraciət etmiş və onun müraciəti əsasında işə yenidən baxılması ilə bağlı qanunsuz bir qərar qəbul edilmişdir. Ali Məhkəmə Bakı Apellyasiya məhkəməsinin həmin qərarını ləğv etmiş və yenidən ekspertiza keçirilməklə işi Bakı Apellyasiya Məhkəməsinə geri qaytarmışdır. Bakı Apellyasiya Məhkəməsində işə yenidən baxan zaman Məhkəmə ekspertizası təyin edilmiş, həmin iş üzrə Azərbaycan Respublikası Əmlak Məsələləri Dövlət Komitəsi yanında Daşınmaz Əmlakın Kadastrı və Ünvan Reyestr Xidməti tərəfindən tərtib edilmiş mütəxəssis rəyində «Kadastr və Yer Quruluşu-Layihə Tədqiqat Mərkəzi» nin elektron -baza məlumatlarına əsasən mübahisələndirilən ərazinin M.Ə.Rəsulzadə Bələdiyyəsinin mülkiyyətinə aid torpaq sahələrinin hüdudlarından kənarda olmaqla Binəqədi rayon 2 saylı SİƏD-nin hüdudları daxilində yerləşdiyi göstərilmişdir. Həmin rəyin bir surəti də vətəndaşa verilmişdir. Lakin, 2 saat ərzində həmin rəy dəyişdirilmiş, məhkəməyə göndərilən rəydə tamamilə qanunsuz şəkildə Binəqədi Bələdiyyəsinin və M.Ə.Rəsulzadə Bələdiyyəsinin sərhədləri müəyyən edilməklə xəritələrin hazırlanması işinin tam başa çatmaması səbəbindən mübahisəli ərazinin hansı Bələdiyyənin hüdudları daxilində yerləşməsinin müəyyən edilməsinin mümkün olmadığı göstərilmişdir. Göründüyü kimi Binəqədi rayonu M.Ə.Rəsulzadə Bələdiyyəsinin sədri H.Hüseynov tərəfindən mütəxəssis rəyinə qanunsuz müdaxilə olunmuş və nəticədə öz mənafelərini əks etdirən rəyin alınmasına nail olunmuşdur. Eyni zamanda bildiririk ki, ƏMDK yanında Torpaqların Dövlət İdarəsinin Təşkili Üzrə Dövlət Agentliyinin direktoru Möhümə Heraçiyev tərəfindən 10 noyabr 2016-cı il tarixdə Azərbaycan Respublikası Ədliyyə Nazirliyinin Bələdiyyələrlə İş Mərkəzinə 160820001989 saylı müraciəti ilə bu torpaq sahəsinin Rəsulzadə Bələdiyyəsinin ərazisi olmaması barədə və onun bu torpağa dair verdiyi sənədlərin qanunsuz olduğu bildirilmişdir.
Həmçinin bildiririk ki, Bakı şəh.İcra Hakimiyyəti tərəfindən Bakı Apellyasiya Məhkəməsinə ünvanlanmış məktubda qeyd edilən ünvanda yerləşən torpaq sahəsinin Bakı şəhər İcra Hakimiyyətinin müvafiq sərəncamı ilə M.Ə.Rəsulzadə və Binəqədi Bələdiyyələrinə ayrılmış ərazinin hüdudları xaricində yerləşdiyi, sözügedən torpaq sahəsinin Şahverdiyev Namiq Maarif oğlunun xüsusi mülkiyyətində olduğu göstərilmişdir. Bu işlə bağlı qanuni şəkildə araşdırma aparıldıqda aydın şəkildə görmək olar ki, Rəsulzadə Bələdiyyəsinin sədri H.Hüseynov bizim torpaq sahəsinə qonşu olan iki qardaşa həyətyanı sahələrini genişləndirilməsi üçün hər birinə 9-4 sot torpaq sahəsinə qeyri-qanuni bələdiyyə sənədi vermişdir. Ancaq evlərinin qarşısında dövlətə məxsus boş torpaq sahəsi olduğu halda bizim torpağın orta hissəsindən 9 sot, qonşulara əks baş tərəfindən isə 4 sot torpaq sahəsinə Bələdiyyə sənədi verilmişdir. Həmin şəxs öz vəzifə səlahiyyətlərindən istifadə edərək bildirir ki, “hara istəyirik ora müraciət edə bilərik,heç kim ona heç nə edə bilməz. Sonda Məhkəmə qərarı da onun xeyrinə qəbul olunacaqdır””.
Onlar Bələdiyyə sədrinin həmin qanunsuz hərəkətləri barəsində müxtəlif dövlət orqanlarına Binəqədi rayon İcra Hakimiyyətinə müraciət etsələr də problemlərinin həlli istiqamətində hər hansı müsbət addım atılmamışdır. Ərizəçilərdən biri “Qəhrəman ana” adını qazanmış Fərzalıyeva Dilşad Teymur qızının oğlu Fərzalıyev Fəxri Fərzalı oğlu torpaqlarımızın düşmən işğalı nəticəsində Laçın rayonundan məcburi köçkün olmaqla, 3 il 6 ay Azərbaycanın ərazi bütövlüyü uğrunda gedən döyüşlərdə könüllü iştirak etmiş, Qədimalıyeva Səmərqa Məhərrəm qızı isə Laçın rayonundan məcburi köçkün olmaqla həyat yoldaşı Azərbaycanın ərazi bütövlüyü uğrunda gedən döyüşlərdə şəhid olmuş, 7 nəfər ailə üzvü ilə birlikdə Xırdalan şəhərində müvəqqəti məskunlaşmışdır. Ərizədə adları qeyd edilən həmin şəxslər min bir əziyyətlə özlərinə yurd-yuva salmaq üçün torpaq sahəsi almış, lakin, xalqa xidmət etmək yerinə öz səlahiyyətlərindən sui-istifadə edən M.Ə.Rəsulzadə Bələdiyyəsinin sədri H.Hüseynov tərəfindən öz qanuni torpaqlarından məhrum olmuşlar. Bakı Apellyasiya Məhkəməsində işə qanunsuz baxılmış və onların hüquqlarının pozulması ilə nəticələnən qərar qəbul edilmişdir.
Odur ki, ərizədə qeyd edilən halların ədalətli şəkildə araşdırılması üçün işi öz nəzarətinizə götürməyinizi, barələrində vəzifə səlahiyyətlərindən sui-istifadə etməklə qanunsuzluğa yol verən M.Ə.Rəsulzadə Bələdiyyəsinin sədri H.Hüseynovun əməllərinə hüquqi qiymət verilməsi və mülkiyyət hüquqlarının qorunması istiqamətində göstəriş verməyinizi Sizdən xahiş edirik.
Hörmətlə sədr: Q.Ş.Şahmuradov
“Qafqaz Xəbər”