Bakı şəhəri, Qaradağ rayonu, Ələt qəsəbəsi, Sabir küçəsi, ev 13 ünvanda yaşayan İskəndərov Əhəd Barat oğlu neçə müddətdir ki, “İnturavto” ASC-də payı olduğu səhmlərə görə 1994-cü ildən hal-hazıradək ala bilmədiyi devidentlərə görə mübarizə aparır. Vətəndaş İskəndərov “İnturavto” ASC-yə qarşı “maddi ziyanın ödənilməsi” tələbinə dair iddia ərizəsi ilə məhkəməyə də müraciət etmişdir.
Lakin “qara məni basınca qoy qaranı mən basım” prinsipi ilə hərəkət edən “İnturavto” ASC-nin sədri Aydın Heydərov Nəsimi rayon məhkəməsinə qarşılıqlı iddia ərizəsi ilə müraciət edərək, sözün həqiqi mənasında nağıl danışmışdır. ASC tərəfindən verilmiş ərizədə bildirilib ki, səhmdar cəmiyyətin binası 09.04.2012-ci il tarixdə Bakı şəhər Icra Hakimiyyəti tərəfindən sökülüb. Bundan sonra ASC Bakı ŞİH-nə qarşı kompensasiya davası açıb və bir neçə instansiya məhkəmə proseslərindən sonra 2016-cı ildə respublikanın dövlət büdcəsi hesabına “İnturavto” ASC-yə 4587000 manat kompensasiya məbləğinin ödənilməsi qət edilib. İsgəndərov Əhəd Barat oğlunun da “İnturavto” ASC-də 18 ədəd səhmi olduğu üçün məhkəmə qətnaməsinə əsasən dövlət tərəfindən ASC-yə ödənilən ziyanla bağlı kompensasiya məbləğindən onun payına düşən 0,0163 % miqdarında, yəni, 735 manat pul ona ödənilmişdir. ASC-nin məlumatına görə, Əhəd İskəndərov 06.08.2019-cu il tarixdə Cəmiyyətin adına öz xətti ilə ərizə yazaraq göstərib ki, aldığı pul ASC-nin binasının söküldüyünə görə ona məxsus olan 18 ədəd səhmin kompensasiyasıdır. ASC sədri bunu əsas göstərərək, məhkəmədən xahiş etmişdir ki, “İnturavto” ASC-nin səhmdarı kimi Əhəd İskəndərovun adının Azərbaycan Respublikasının Milli Depozit Mərkəzinin qiymətli kağız mülkiyyətçilərinin reyestrindən çəxarılması barədə qətnamə qəbul edilsin.
Məsələ burasıdır ki, “İnturavto” ASC-nin inzibati binasının dövlət ehtiyacı üçün sökülməsi hələ onun fəaliyyətinin dayandırılması və ya fəaliyyətinə xitam verilməsi demək deyildir. Bu nöqteyi-nəzərdən, binanın sökülməsinə görə verilən kompensasiyadan səhmdarlara düşən payla onların səhmlərinin gətirdiyi devidentlər qarışdırılmamalıdır. Bundan başqa, diqqət yetirmək lazımdır ki, bina 2012-ci ildə sökülüb, Ə.İskəndərov isə 1994-cü ildən ala bilmədiyi devidentləri istəyir.
Onu da qeyd edək ki, ASC ləğv olunmayıb, axırıncı dəfə bu ilin oktyabr ayının 22-də Cəmiyyətin səhmdarlarının ümumi iclasının keçirildiyi barədə internetdə elan var. Binası sökülən, bununla da guya tifağı dağılan ASC-nin kiçik səhmdarları məhkəmələrdə sürünsələr də, deyəsən bu vəziyyətdən yeganə məmnun olan, tək qazanan elə Aydın Heydərovun özüdür. İmkanı olmasaydı, o, teleaparıcı Zaur Baxşəliyevə ev bağışlamaz, onlarla adamın Həcc ziyarətinə getməsini maliyyələşdirməzdi.
Korrupsiya və Qanun