Azərbaycan İdeyası

Astara məhkəməsinin hakimi Mübariz Məmmədov əvvəllər məhkumluğu olan iddiaçılara önyarğı ilə yanaşır

Tarix:21-12-2020, 17:38
Baxış Sayı:370

Əri həbsə düşəndən sonra boşanan qadın cehizlə birgə kişi ayaqqabılarını da ata evinə aparıb
Kişilər qadınlara nisbətən fiziki cəhətdən güclü olmaları səbəbindən həyatda, evlilikdə yükün ağır tərəfindən yapışırlar. Xüsusən də biz azərbaycanlıların mentaliteti kişilərin üzərinə daha artıq məsuliyyət qoyur. Müharibəyə də kişilərimiz gedir, ailənin dolanışığını da əsasən kişilər təmin edir, ictimai nəqliyyatda oturmaq haqqını, növbələrini zərif cinsin nümayəndələrinə güzəştə gedirlər və s. Ailədə əmək bölgüsü belədir ki, qadınlar əsasən ev işləri ilə məşğul olur, uşaqlara qulluq edir, onların tərbiyəsi ilə məşğul olurlar. “Gəzən ayağa daş dəyər”, “kişinin başına iş gələr” kimi məsəllər də boş yerdən yaranmayıb. Müharibəyə gedən kişi həyatını, sağlamlığını itirə, avtomobil sürəndə qəzaya düşə, ağır işdə çalışdığı zaman istehsalatda xəsarət ala, haqqı uğrunda mübarizə apararkən ədalətsizlkiyə məruz qala, həbs oluna, hətta durduğu yerdə şərlənə bilər. Kişinin bu sadaladığımız səbəblərdən ailəsi qarşısında öhdəliyini yerinə yetirə bilməməsi onun həyat yoldaşına heç də əsas vermir ki, ailə bağlarını qırsın, boşansın. Axı nikaha girənlər sağlıqda da, xəstəlikdə də, yaxşı gündə də, pis gündə də birlikdə olacaqlarına sədaqət andı içirlər. Amma müşahidələr göstərir ki, bir çoxları üçün içdikləri bu and formal prosedurdan başqa bir şey deyildir.
Quliyev Tağı Hatəm oğlu 10 iyul 2017-ci il tarixdə Salayeva Tünzalə Nurəddin qızı ilə rəsmi nikahla ailə qurub. Uşaqları olmayıb. Əvvəllər ərdə olmuş Tünzalənin birinci həyat yoldaşından da övladı olmayıbmış. Az sonra tibbi müayinə zamanı Tünzalı Salayevada hepatit C xəstəliyi aşkarlanıb. Tağı Quliyev sadiq ər kimi Tünzalənin sonsuzluğunu problemə çevirməyib, xəstəliyinə görə də qayğısız qoymayıb, diqqətini əsirgəməyib. Bir ildən bir az artıq müddətdə birgə yaşadıqdan sonra Tağı 2018-ci ilin sentyabr ayında şərlənərək həbs edilir. Tünzalə isə yığışıb atası evinə gedir. Hər dəfə evə baxmaq üçün gedib-gələndə qonşuların dediyinə görə ər evindən böyük çantalarla nəsə daşıyıb atası evinə aparır. Nəhayət, Tünzalə 07 oktyabr 2019-cu il tarixdə nikahın pozulması tələbi ilə Astara rayon məhkəməsinə müraciət edir. Astara rayon məhkəməsi 30 yanvar 2020-ci il tarixdə onun tələbini təmin edərək nikahın pozulması barədə qətnamə çıxarır. Lakin çox keçmədən cəzaçəkmə müəssisəsində nümunəvi davranışına görə özünü doğruldan Tağı Quliyev Qaradağ rayon məhkəməsinin 01 iyul 2020-ci il tarixli qərarı ilə vaxtından əvvəl həbsdən azad edilir. Elə həmin gün axşam Ərçivan qəsəbəsindəki evinə gəlib çıxan Tağı Quliyev aşkar edir ki, “lələ köçüb, yurdu qalıb”, mülkü və qiymətli əşyaları talanıb.
Tağı Quliyev məcbur olub məhkəməyə müraciət edərək Salayeva Tünzalə Nurəddin qızından mülkünün, əşyalarının və ya onların 3800 manat dəyərinin, həmçinin Tünzalənin atası Nurəddinə cehiz üçün verdiyi 2500 manat pulun alınaraq ona qaytarılması barədə qətnamə çıxarılmasını xahiş etmişdir. Tağının məhkəməyə təqdim etdiyi siyahıda Tünzaləyə məxsus əşyalar ayrı, Tağının özünə məxsus, amma yerində olmayan əşyaların siyahısı əlahiddə göstərilmişdir. Bu siyahıda qızıl zinət əşyalarının olması ağlabatandır, amma siyahıda kişi ayaqqabılarının olması təəccüb doğurur. Görəsən, Tünzalə geyilmiş kişi ayaqqabılarını niyə götürüb? Gələcək – üçüncü ərinə vermək üçünmü?
Məhkəmədə Tünzalə Salayeva ona qarşı irəli sürülən ittihamları təkzib edib, əksinə, Tağını günahlandırmağa çalışıb ki, guya birgə yaşadıqları vaxt onu döyüb incidirmiş, o deyil, əri onun zinət əşyalarını mənimsəyib və s. Məhkəmədə dindirilən şahidlər Tünzalənin evdən çıxarkən özü ilə iri çantalar apardığını bildirsələr də, təbii ki, həmin çantaların içindəkilərin konkret nələrdən ibarət olduğunu deyə bilməmişlər. Qəribədir ki, məhkəmədə Tünzalədən çantalarla nə daşıdığı soruşulmamışdır.
28 oktyabr 2020-ci il tarixli qətnaməsi ilə Tağı Quliyevin iddiasını əsassız sayaraq rədd edən Astara rayon məhkəməsinin hakimi Mübariz Məmmədov Ərçivan qəsəbə nümayəndəliyinin Tağı Quliyev üçün verdiyi, onun qəsəbədə yaşadığı müddət ərzində nümunəvi davranışı ilə seçildiyini təsdiqləyən müsbət xasiyyətnaməyə də əhəmiyyət verməmiş, sadəcə mülki işin içində belə bir xasiyyətnamənin olduğunu qeyd etmişdir. Halbuki, bu xasiyyətnamə Tünzalənin guya Tağı tərəfindən tez-tez döyüldüyü barədə iddiası ilə ziddiyyət təşkil edir. Hakim istəsəydi, Tünzalə Salayevadan soruşa bilərdi ki, əri onun dediyi qədər zalım idisə, niyə həbs olunmamışdan qabaq boşanmırdı. Amma... istəməyib. Yəqin, daxili inamı ona deyib ki, Tünzalə Salayeva çantaları boş aparıb, boş da qaytarırmış. Ya da hakim iddiaçıya önyarğı ilə yanaşıb, hesab edib ki, Tağı Quliyevin artıq məhkumluğu varsa, “qara siyahı”dadır, heç bir sözünə inanmaq olmaz.

Korrupsiya və Qanun

OXŞAR XƏBƏRLƏR
Azərbaycanda ər arvadını bıçaqlayıb qaçdı
Azərbaycanda ər arvadını bıçaqlayıb qaçdı
Dollar bahalaşıb? - RƏSMİ MƏZƏNNƏ
Dollar bahalaşıb? - RƏSMİ MƏZƏNNƏ
Azərbaycanda Milli Dirçəliş Günü qeyd edilir
Azərbaycanda Milli Dirçəliş Günü qeyd edilir
1) 2021-2023-cü illərdə Saatlı rayonunda “İdmanın əsas göstəriciləri haqqında” məlumat
1) 2021-2023-cü illərdə Saatlı rayonunda “İdmanın əsas göstəriciləri haqqında” məlumat
Bakının bu ərazisində qaz olmayacaq
Bakının bu ərazisində qaz olmayacaq
Dubay şokoladı ilə bağlı şok İDDİA: "Xərçəng etmək üçün..."
Dubay şokoladı ilə bağlı şok İDDİA: "Xərçəng etmək üçün..."
Azərbaycanda Dövlət Bayrağı Günüdür
Azərbaycanda Dövlət Bayrağı Günüdür
Bu gün Şuşa Şəhəri Günüdür
Bu gün Şuşa Şəhəri Günüdür