Azərbaycan İdeyası

“Qayıdış”ın şəhidi

Tarix:24-12-2020, 10:10
Baxış Sayı:634

Şəhid olmamışdan on gün əvvəl kütləvi informasiya vasitələrində müsahibəsi dərc olunmuşdu. Duyğularını bölüşən jurnalist həmkarımız Zibeydə Şakir demişdi: “Çox şadam ki, Füzuli şəhəri işğaldan azad olunandan sonra o torpağa qədəm qoyan ilk qadın mən oldum. Keçirdiyim hisslərə gəlincə, orda yalnız gözlər və göz yaşları danışdı. On səkkiz ildir itirdiyim anamı və uşaqlıq xatirələrimi tapdım. “Ana”, “Vətən” kəlmələrinin mənasını, “Ana Vətən” ibarəsinin duyğusallığını, bu söz birləşməsinin ehtiva etdiyi müqəddəs mətləbi bir daha dərindən dərk etdim – Gəzməyə də, Ölməyə də Vətən yaxşı!”
Noyabrın 28-də bütün ölkə ictimaiyyətini, ələlxüsus da biz jurnalistləri çox məyus edən xəbər yayıldı. Füzuli rayon İcra Hakimiyyətinin mətbu orqanı olan “Qayıdış” qəzetinin redaktoru Zibeydə Şakir atası, əmisi və başqa bir nəfər qohumu ilə birlikdə Füzuli rayonunun işğaldan azad olunmuş Aşağı Seyidəhmədli kəndi ərazisində avtomobillə hərəkətdə olarkən tank əleyhinə minaya düşmələri nəticəsində həlak olublar.
Adilzadə Zibeydə Şakir qızı (Zibeydə Şakir) 1982-ci il noyabrın 30-da Füzuli rayonunun Hoğa kəndində ziyalı ailəsində doğulub. Ailəlikcə işğal nəticəsində rayonun Horadiz qəsəbəsində məskunlaşmışdılar. Atası rəhmətlik Şakir Hacıyev vaxtilə rayonda məsul vəzifələrdə çalışıb, rayonun sayılıb-seçilən ağsaqqallarından biri olub. Zibeydə xanım ali təhsilli idi. O, 2013-cü ildən Füzuli Rayon İcra Hakimiyyətində məsul vəzifələrdə çalışmışdı. 2015-ci ildə RİH – nin mətbu orqanı olan “Qayıdış” qəzetinin baş redaktorun müavini vəzifəsində işləmiş, 2019-cu ildə isə baş redaktor vəzifəsinə irəli çəkilmişdi.
Uşaqlıq, yeniyetməlik dövründən iti ağlı, savadı, qabiliyyəti ilə diqqəti çəkən Zibeydə erkiən gəncılik yaşlarından ictimai işlərdə fəallığı ilə seçilirdi. Anası vəfat edəndən sonra rəhmətlik Şakir müəllim Zibeydəni özünə sözün həqiqi mənasında dost seçmişdi, onu özü ilə ictimai əhəmiyyətli tədbirlərə aparırdı. Yerli ictimaiyyətin gözü qarşısında gələcəyin perspektivli kadrı yetişirdi. Hamı Zibeydə xanımın gələcəyinin parlaq olacağına inanırdı. Potensialına bələd olanlar onun karyera yüksəlişinin hələ qabaqda olduğuna şübhə etmirdi.
Erməni təcavüzkarlarının raket atəşləri nəticəsində həlak olan dinc sakinlər də şəhid statusu alıblar. Minaya düşənlər də bu qəbildəndirlər. Lakin, Zibeydə Şakirin şəhid olmasını şərtləndirən əsas amil onun işğaldan azad edilmiş zonaya məhz peşə fəaliyyəti ilə əlaqədar getməsi idi. Əvvəlki səfərində maraqlı çəkilişlər etmiş, hazırladığı foto-video görüntülərə təsirli şərhlər vermişdi. “Qayıdış” qəzetində və özünün sosisal şəbəkədəki profilində bu mövzuda paylaşdığı yazılar oxucular tərəfindən maraqla izlənilmişdi. Axırıncı dəfə rəfiqəsi Aysel xanım zəng vurub xəbər vermişdi ki, Aşağı Aybasanlı kəndindəki “İbrahim ocağı” deyilən yerdə babalarımızın qəbirləri dağıdılıb. Təbii ki, istedadlı, vətənpərvər jurnalist Zibeydə Şakir erməni vəhşiliyinin növbəti təzahürü olan bu faktı qeydə almaq, münasibət bildirmək üçün tələsməliydi. Amma sən demə əcəl onu tələsdirirmiş. Özü də ad gününə iki gün qalmış...
Qayğıkeş ana idi Zibeydə xanım. XI sinifdə oxuyan qızı ali məktəbə hazırlaşırdı. Ümid edək ki, o gənc yaşında aldığı bu ağır psixoloji zərbəyə duruş gətirəcək, təhsildə müvəffəqiyyət qazanacaq. Düşünürük ki, anasının şəhadətinin dövlətimiz və xalqımız tərəfindən dəyərləndirilməsi ona dəstək olardı.

***

44 günlük Vətən müharibəsinə qismən səfərbərlik və digər proqramlar çərçivəsində cəlb edilən, cəbhə xəttinə göndərilən, döyüşlərdə iştirak edən jurnalistlərin siyahısı hazırlanıb. Mətbuat Şurası və Jurnalistlərin Həmkarlar İttifaqı 27 sentyabr 2020-ci il tarixdən -Vətən müharibəsinin ilk günündən başlayaraq KİV təmsilçilərinin fəaliyyəti ilə bağlı monitorinq aparıblar.
Qeyd edilən dövrdə təqribən 27 nəfər jurnalist ehtiyatda olan zabit və digər kateqoriyalar qismində səfərbərlik proqramına cəlb ediliblər, cəbhə xəttinə göndəriliblər. 27 nəfərin sırasından 2 nəfər döyüşlərin gedişində yaralanıblar, müxtəlif dərəcəli xəsarətlər alıblar. Hər birinin xidməti qüsursuz, sağlıqları normaldır. Əlavə olaraq, döyüş bölgəsində səfərbərlik proqramından kənar xidmət keçən, həqiqi hərbi xidmətdə olan sabiq KİV işçisi- ATV-nin keçmiş montajçı-əməkdaşı Davud Qurbanov oktyabrın 5-də şəhid olub. Hərbi xidmətin davam etdiyini, təhlükəsizlik amillərini nəzərə alaraq, səfərbərlik proqramına cəlb edilmiş, cəbhə xəttinə göndərilmiş həmkarlarımızın adları hələlik açıqlanmayıb. Onların geri dönüşündən sonra daha detallı informasiyalar veriləcək. Cəbhə bölgəsində reportyor, xəbər istehsalçısı kimi fəaliyyət göstərən, atəşə, hücuma məruz qalan jurnalistlərlə bağlı ayrıca hesabat hazırlanır və yaxın zamanda təqdim ediləcək. Yəqin ki, şəhid Zibeydə Şakirin də adı bu siyahıda yer alacaq.

Xuraman Əhlimanqızı

OXŞAR XƏBƏRLƏR
Azərbaycanda ər arvadını bıçaqlayıb qaçdı
Azərbaycanda ər arvadını bıçaqlayıb qaçdı
Dollar bahalaşıb? - RƏSMİ MƏZƏNNƏ
Dollar bahalaşıb? - RƏSMİ MƏZƏNNƏ
Azərbaycanda Milli Dirçəliş Günü qeyd edilir
Azərbaycanda Milli Dirçəliş Günü qeyd edilir
1) 2021-2023-cü illərdə Saatlı rayonunda “İdmanın əsas göstəriciləri haqqında” məlumat
1) 2021-2023-cü illərdə Saatlı rayonunda “İdmanın əsas göstəriciləri haqqında” məlumat
Bakının bu ərazisində qaz olmayacaq
Bakının bu ərazisində qaz olmayacaq
Dubay şokoladı ilə bağlı şok İDDİA: "Xərçəng etmək üçün..."
Dubay şokoladı ilə bağlı şok İDDİA: "Xərçəng etmək üçün..."
Azərbaycanda Dövlət Bayrağı Günüdür
Azərbaycanda Dövlət Bayrağı Günüdür
Bu gün Şuşa Şəhəri Günüdür
Bu gün Şuşa Şəhəri Günüdür