Azərbaycan İdeyası

“İttihamdan 120-ci maddəni götürmək” bazarlığı – Kim aldandı, kim aldatdı, kim yedi?!

Tarix:17-06-2021, 12:41
Baxış Sayı:1 317

Azərbaycanda reallıq bundan ibarətdir ki, “güclü vəkil” deyəndə heç də adamın ağlına çox savadlı hüquq müdafiəçisi deyil, təqsirləndirilən şəxslə müstəntiqin, prokurorun, hakimin arasında dəllallıq edən, rüşvət alıb ötürən, dövlət büdcəsinə az xeyir vermək üçün aşağı məbləğlə xidmət müqaviləsi bağlayan, əlmuzdunu isə xeyli yüksək qiymətə sövdələşən zirək işbaz başa düşülür. Zülüm ondadır ki, hələ həmin vəkillə müştərinin arasına daha bir tamahkar vasitəçi düşür. Bu “karuselə” ürcah olan adamın çox vaxt verdiyi pulu da “it-bata” düşür, özü aldanır, vaxtı və əziyyəti hədər gedir, mənəvi iztirablara düçar olur. Belə neqativ hallar barədə informasiya məkanında çoxsaylı məlumatların olması həm də hüquq-mühafizə, cinayət təqibi və ədliyyə orqanlarında baş alıb gedən korrupsiyanın dərinliyindən xəbər verir. Başqa sözlə, əgər polis, prokurorluq, məhkəmə sistemində rüşvətxorluq olmasa, dəllal vəkillərin, işbaz vasitəçilərin də fitnə-felinə düşən olmaz. Yəni, cinayət törətmisənsə, ədalətli mühakimə ilə layiqli cəzanı alarsan, vəssalam.
Bakı şəhəri, Xəzər rayonu, Mərdəkan qəsəbəsi, Oktyabr küçəsi, ev-15 ünvanda yaşayan Əliyeva Stella Hacıbala qızı və Mərdəkan qəsəbəsi, Şahin İsgəndərov küçəsi, “Qartal balası” düşərgəsində yaşayan Əliyev Savalan Mirzəxan oğlu ərizə ilə “Korrupsiya və Qanun” qəzeti redaksiyasına müraciət edərək bildirmişlər ki, 2020-ci il yanvar ayında oğurluq üstündə cinayət məsuliyyətinə cəlb olunmuş oğulları Əliyev Ələsgər Zakir oğlunun və Əliyev Ehtiram Savalan oğlunun hüquqi müdafiəsi yönündə addım atdıqları vaxt korrupsiya hüquqpozmaları ilə üzləşərək aldanıldıqlarını, onlardan külli miqdarda rüşvət alındığını, övladlarının isə müdafiəsinin təmin olunmadığını bildirmişlər.
Müraciət müəllifləri bildirirlər ki, qohumları Quliyev Anar Mansur oğlu onları “güclü vəkil” kimi tanıdığı Ağayev Tərlan adlı şəxslə tanış edəndən sonra 2020-ci ilin may ayında ona 2520 (iki min beş yüz iyirmi) manat pul veriblər, vəkillə isə 100 (bir yüz) manatlıq müqavilə bağlayıblar. Söylədiklərinə görə, Anar Quliyev vəkilin onların oğullarını bir aya həbsdən qurtaracağını vəd edib və onları tələsdirib ki, müttəhim oğullarının üzərindən Cinayət Məcəlləsinin 120-ci maddəsi üzrə ittihamı ortadan götürtdürmək üçün 16000 (on altı min) manat rüşvət vermələri lazımdır. Qeyd edirlər ki, bu pulu əldə etmək üçün həyətlərini dəyər-dəyməzə satmaq qərarına gəliblər. Lakin satılma məsələsi ləngidiyinə görə həmin məbləği başqa mənbələrdən borc tapıb Tərlan Azayevə veriblər.
“Sonra Anar bizə gəlib “muştuluğumu verin, 120-ci maddə götürülüb” deyə bizi sevindirdi. - ərizədən oxuyuruq: - Bir gün heç kimə demədən gedib Xəzər rayon prokurorluğunun müstəntiqi Toğrul müəllimdən uşaqlarımızın hansı maddələrlə ittiham olunduqlarını soruşduq, müstəntiq 120-ci maddənin də ittiham aktında olduğunu deyəndə şoka düşdük və anladıq ki, aldanmışıq. Anara və vəkilimizə deyəndə ki, həqiqəti öyrənmişik, onlar dedilər ki, prokurorluğa getməklə işləri qarışdırmısız, ona görə də uşaqlar içəri gedəcəklər. Bir gün satlıqda olan həyətimizə görə bizə 15000 (on beş min) manat pul verdilər. Bunu Anar görüb, həmin günü bizi güdüb, hətta bizə pul verən adama zəng edib özünü ailəmizin bir üzvü kimi təqdim edərək hansı məbləğdə pul verdiyini soruşub. O adam da ona: “ailənin üzvüsənsə, elə onlardan soruş da” - deyib. Həmin ərəfədə hər gün səhərdən axşama kimi bizdə olan Anar hər bir işimizdən xəbərdar olub, küçə və ev qapılarımızın surətlərini çıxartdırıb. Evdə heç kəs olmadığı gün 5000 ( beş min) manat pulumuzu oğurlayıb. Biz o 15000 (on beş) min manatı evdən aparıb başqa yerdə saxlamaq istəyirdik, lakin vəkilimiz zəng edib dedi ki, bu həftə pul lazım olacaq. Anar plan qurub, bizə ayrı-ayrılıqda zəng edib bilib ki, evdə heç kəs yoxdur və evdən 5000 (beş min) manat pulumuzu oğurlayıb”.
Şikayətçilər yazırlar ki, polisə şikayət etmək istəyiblər, lakin Anar onları bu fikidən daşındıra bilib: “Bizi hədələdi ki, polisə getməyin, çünki “strelkalar” avtomatik olaraq mənim üstümə yönələcək, mən də bir hərəkətlə uşaqların işini9 180 dərəcə fırladacam”.
Bu hədədən sonra Əliyevlər işin axırını gözləməyə qərar veriblər: “Son məhkəmələr ərəfəsində vəkilimiz bizdən 50000 (əlli min) manat pul istədi. Dedi otuz min mnaat Əliyev Ehtiram üçün, iyirmi min manat Əliyev Ələsgər üçün... Bir gün küçənin ortasında bizim vəkilimiz Savalanın yaxasından yapışıb ki, bu işin qiyməti 100000( bir yüz min) manatdır, qaçqınsınız deyə Ağır Cinayətlər məhkəməsinin hakimi Mahmud müəllim 50000 (əlli min) manata razılaşıb. Nəhayət, son məhkəmə bitdikdən və oğullarımızın hər birinə 14 (on dörd) il iş veriləndən sonra məcbur olub Anar Quliyevdən və vəkil Tərlan Azayevdən şikayət etməyə qərar verdik”.
Başlarına gələn olayların ictimailəşdirilməsini redaksiyadan xahiş edən ərizə müəllifləri Şuşa şəhərindən məcburi köçkündürlər. Çoxuşaqlı ailənin başçısı işsizdir, ailə üzvlərindən Əliyev Fərqan Zakir oğlu Vətən müharibəsində şəxsi igidlik və şücaət nümayi9ş etdirdiyinə görə Azərbaycan Respublikası Prezidentinin Sərəncamı ilə “Xocavəndin azad olunmasına görə” medalı ilə təltif edilmişdir. Cinayət məsuliyyətinə cəlb olunmuş 23 yaşlı Əliyev Ehtiram Savalan oğlu isə “Nevrasteniya” diaqnozu ilə müalicəyə ehtiyaclıdır.
Mövzuya qayıdacağıq.
“Korrupsiya və Qanun”

OXŞAR XƏBƏRLƏR
1) 2021-2023-cü illərdə Saatlı rayonunda “İdmanın əsas göstəriciləri haqqında” məlumat
1) 2021-2023-cü illərdə Saatlı rayonunda “İdmanın əsas göstəriciləri haqqında” məlumat
Bakının bu ərazisində qaz olmayacaq
Bakının bu ərazisində qaz olmayacaq
Dubay şokoladı ilə bağlı şok İDDİA: "Xərçəng etmək üçün..."
Dubay şokoladı ilə bağlı şok İDDİA: "Xərçəng etmək üçün..."
Azərbaycanda Dövlət Bayrağı Günüdür
Azərbaycanda Dövlət Bayrağı Günüdür
Bu gün Şuşa Şəhəri Günüdür
Bu gün Şuşa Şəhəri Günüdür
Kim kimə borc vermək istəsə, Fəqan Şabanovla məsləhətləşsin.
Kim kimə borc vermək istəsə, Fəqan Şabanovla məsləhətləşsin.
SENSASİYA! Dönərxanalar BAĞLANA BİLƏR - "Çiy ət" qərarı
SENSASİYA! Dönərxanalar BAĞLANA BİLƏR - "Çiy ət" qərarı
Azərbaycanda məzənnə rejimi DƏYİŞƏ BİLƏR? – Dollarla bağlı…
Azərbaycanda məzənnə rejimi DƏYİŞƏ BİLƏR? – Dollarla bağlı…