Azərbaycan İdeyası

Kürdəmir polisi “Novruzova” soyadlı şəxsə cinayət işi açmaqdan niyə çəkinir?

Tarix:22-10-2021, 18:35
Baxış Sayı:448

Kürdəmir polisi “Novruzova” soyadlı şəxsə cinayət işi açmaqdan niyə çəkinir? – Təhqiqat 190 hektar torpağın sahibinin 9 adamı qeyri-leqal işə cəlb etməsi faktına göz yumub
Qüvvədə olan Azərbaycan Respublikası Cinayət-Prosessual Məcəlləsinin (bundan sonra CPM) 212-ci maddəsində cinayət təqibi orqanı tərəfindən cinayət işi başlanması haqqında qərarın qəbul edilməsi əsasları, proseduru və qərar qəbulundan sonra şikayətlə bağlı görülə biləcək tədbirlər nəzərdə tutulmuşdur.
CPM-nin 212.1.-ci maddəsində cinayət işinin başlanması üçün səbəblərin qanunsuz olduğu və ya əsasın olmadığı halda cinayət təqibi orqanının vəzifəli şəxsi tərəfindən cinayət işinin başlanmasının rədd edilməsi haqqında qərar qəbul olunması göstərilmişdir. CPM-nin 204, 205, 206, 208-ci maddələrində törədilmiş və ya hazırlanan cinayətlər haqqında fiziki və hüquqi şəxslərin, kütləvi informasiya vasitələrinin məlumatları, habelə belə məlumatların cinayət təqibi orqanı tərəfindən bilavasitə aşkar edilməsinin cinayət işi başlanması üçün səbəblər ola biləcəyi təsbit olunmuşdur. Cinayət-prosessual qanunvericiliyində törədilmiş və ya hazırlanan cinayətlər haqqında imzalanmamış, saxta imza ilə imzalanmış, yaxud uydurma hüquqi şəxs adından yazılmış və ya digər anonim məlumatın cinayət işi başlanması üçün səbəb ola bilməyəcəyi müddəası əks edilmişdir. Cinayət işinin başlanması üçün əsas isə cinayət tərkibi əlamətlərinin (yəni subyekt, subyektiv cəhət, obyekt, obyektiv cəhət) mövcudluğunu nəzərdə tutur.
Hüquq ədəbiyyatında cinayət işinin başlanmasının rədd edilməsi haqqında prosessaul qərarın maddi və prosessual hüquq normalarının pozulması ilə qəbul edilməsi onun qanunsuz hesab edilməsinin şərtləri olaraq qəbul edilmişdir. Belə pozuntuların yaratdığı mənfi assosiasiyalar onlarla üzləşən vətəndaşlarda haqlı olaraq narazılıq doğurur və bu narazılıqlar çox vaxt vəzifəli şəxslərin kabinetlərində həllini tapmadığı üçün KİV müstəvisinə gəlib çıxır. “Korrupsiya və Qanun” qəzeti də bu mənada istisna deyildir.
Kürdəmir rayonunun Topalhəsənli kənd sakini Dəmirov Şaməddin Şamil oğlu redaksiyamıza müraciət edərək bildirib ki, 2021-ci ilin aprel-may aylarında Pərvanə adlı qadın onu sahədə işlədib aldadaraq zəhmət haqqı kimi vəd etdiyi 2850 manat pulu verməmiş, tələb etdiyi vaxt onu nalayiq söyüşlərlə təhqiqr edib hədə-qorxu gəlmişdir. Dəmirov daha əvvəl – 08.07.2021-ci il tarixdə bu barədə Kürdəmir Rayon Polis Şöbəsinə müraciət etmiş və onun müraciəti təhqiqatçı polis mayoru Əzizov Elçin Mübariz oğlu tərəfindən icraata götürülmüşdür. Təhqiqatçı şikayətçinin və onun hal şahidi kimi adlarını çəkdiyi, onu Pərvanə ilə tanış edən şəxslərin izahatlarını alaraq müəyyən etmişdir ki, Novruzova Pərvanə Cəmil qızı Şaməddini özünə məxsus torpaq sahəsində suçu kimi işə cəlb edərək hər hektarın suvarılmasına görə 15 manat pul verəcəyini vəd etmişdir. Şaməddin də öz növbəsində adları məlum 8 nəfəri özü ilə gətirmişdir. Pərvanə işin lap əvvəlində pulun az bir qismini vermiş, torpaq sahəsində işlər qurtarandan sonra isə borclu qaldığı 2250 manat pulu müxtəlif bəhanələr gətirərək ödəməkdən imtina etmişdir.
Təhqiqatçı bu qənaətə gəlmişdir ki, tərəflər arasındakı mübahisə borc üstündə düşdüyü üçün mülki xarakterlidir və ona görə toplanmış material üzrə cinayət işinin başlanılması rədd edilməlidir. Maraqlıdır, görəsən polis mayoru cənab Əzizov hansı “toplanmış materialı” nəzərdə tutur? Təhqiqatçı hətta heç barəsində şikayət olunan şəxsi çağırıb dindirməmişdir. Haqlı olaraq sual doğur: Bəlkə heç o adda adam yoxdur? Bəlkə şikayətçi onu işlədib aldadan şəxsin adını polisə verdiyi ərizədə düz yazmayıb?
Amma yox, qərarın giriş hissəsində qeyd olunub ki, Dəmirov ərizəsində “Pərvanə adlı qadın”dan şikayət edib. Pərvanənin soyadının Novruzova, atasının isə Cəmil olduğunu məhz qərardan oxuyuruq. Bu isə o deməkdir ki, təhqiqatçı araşdırma aparıb və barəsində şikayət olunan şəxsin initsiallarını özü müəyyənləşdirib. İstisna deyil ki, hətta onu idarəyə çağırıb görüşüb də. Lakin görüşün nəticəsi bu olub ki, Novruzovadan heç rəsmi izahat alınmadan cinayət işinin başlanılmasının rədd edilməsi “məqsədəuyğundur”.
Qəribədir, təhqiqatçı polis zabiti nədənsə belə bir nüansa da fikir verməyib ki, 2850 rəqəmini 15-ə böləndə 190 alınır. 190 hektar torpağın vətəndaşa pay olaraq verilməsi ağlabatan deyil. Ağıla gələn ilk fikir odur ki, Pərvanə Novruzova həmin ərazini ya icarəyə, ya da istifadəyə götürüb. Bunu etmək isə hər vətəndaşa, hətta hər pulu olan şəxsə də müyəssər olmur. Bunun üçün müasir Azərbaycan reallığında “adamın adamı” da lazım olur. Bəlkə Pərvanə Novruzova onunla soyadaş olan Kürdəmir Rayon İcra Hakimiyyəti başçısının az öncə məsuliyyətə cəlb olunaraq həbs edilmiş sabiq birinci müavini Tacəddin Novruzovun yaxın qohumudur və məhz vəzifəli şəxsin öz səlahiyyətlərindən sui-istifadə edərək ələ keçirdiyi geniş torpaq sahəsini idarə edir? Üstəgəl, burada söhbət bir vətəndaşın digərindən borc aldığı puldan deyil, sahibkarlıqla məşğul olan fiziki və ya hüquqi şəxsin gəlir əldə etmək məqsədilə qurduğu təsərrüfata qeyri-leqal cəlb etdiyi, əmək və ya xidmət müqaviləsi bağlamadan işlətdiyi adamlara borcundan gedə bilərdi. Əlbəttə, bütün bunlar bizim mülahizələrdir. Amma əminik ki, bu sadaladığımız fikirlər polis mayoru Elçin Əzizovun ağlına gəlməyə bilməzdi, əlbəttə, əgər onu bu fikirlərdən daşındıran ciddi səbəb olmayıbsa!
Xuraman Quliyeva

OXŞAR XƏBƏRLƏR
1) 2021-2023-cü illərdə Saatlı rayonunda “İdmanın əsas göstəriciləri haqqında” məlumat
1) 2021-2023-cü illərdə Saatlı rayonunda “İdmanın əsas göstəriciləri haqqında” məlumat
Bakının bu ərazisində qaz olmayacaq
Bakının bu ərazisində qaz olmayacaq
Dubay şokoladı ilə bağlı şok İDDİA: "Xərçəng etmək üçün..."
Dubay şokoladı ilə bağlı şok İDDİA: "Xərçəng etmək üçün..."
Azərbaycanda Dövlət Bayrağı Günüdür
Azərbaycanda Dövlət Bayrağı Günüdür
Bu gün Şuşa Şəhəri Günüdür
Bu gün Şuşa Şəhəri Günüdür
Kim kimə borc vermək istəsə, Fəqan Şabanovla məsləhətləşsin.
Kim kimə borc vermək istəsə, Fəqan Şabanovla məsləhətləşsin.
SENSASİYA! Dönərxanalar BAĞLANA BİLƏR - "Çiy ət" qərarı
SENSASİYA! Dönərxanalar BAĞLANA BİLƏR - "Çiy ət" qərarı
Azərbaycanda məzənnə rejimi DƏYİŞƏ BİLƏR? – Dollarla bağlı…
Azərbaycanda məzənnə rejimi DƏYİŞƏ BİLƏR? – Dollarla bağlı…