Sadiq oxucularımız xatırlayarlar, vətəndaş Həsənov Əli Mükafat oğlunun redaksiyamıza ünvanladığı şikayət ərizəsi və həmin ərizə ətrafında apardığımız araşdırmalar əsasında qəzetimizdə "Sabunçu polisi statistikaya işləyir" sərlövhəli birinci, "Polisə "hörmət"sizlik edənin şikayətinə baxılmır" başlıqlı ikinci, "Bakı şəhər Prokurorluğu polisin dələduza bayram hədiyyəsi olan qərarını ləğv edəcəkmi?" sərlövhəli üçüncü yazı dərc olunmuşdur.
Vətəndaş Əli Həsənov 2015-ci il dekabr ayında internetdə gördüyü elanın izi ilə Rzayev Zaur Mobil oğlunun "Qazel" markalı avtomaşını satın almaq üçün ona 3300 manat pul vermiş, sonucda ikinci ona nə maşını vermiş, nə də pulunu qaytarmışdır. Əli Həsənovun 23 dekabr 2016-cı ildə şikayət etdiyi Sabunçu RPİ-nin 15-ci PB-ndən "aidiyyati" üzrə Nizami rayon Polis İdarəsinə göndərilmiş, Əli Həsənovun ərizəsi üzrə iş "aidiyyati" üzrə Nizami rayon Polis İdarəsinə göndəriləndən sonra Nizami rayon 25-ci Polis Bölməsində 20 mart 2017-ci il tarixdə material üzrə Azərbaycan Respublikası CPM-nin 39.1.2-ci maddəsinə əsasən cinayət təqibinin başlanılmasının rədd edilməsi haqqında qərar qəbul edilib və həmin qərar şikayətçidən gizlədilib. Lakin, Zaur Rzayevin əməlinin dələduzluq olduğu qənaətində olan Əli Həsənov Bakı şəhər Baş Polis İdarəsinə müraciət etmişdir. Cinayət təqibinin başlanılmasının rədd edilməsi haqqında polis qərarının mövcudluğu barədə məlumatı da biz BBPİ-nin redaksiyamıza 22 mart tarixdə ünvanladığı, lakin arada xeyli qeyri-iş günləri keçdiyindən gec gəlib yetişən cavab məktubundan öyrəndik. İdarənin İstintaq və Təhqiqat İdarəsinin rəsinin imazaladığı həmin məktubda həmçinin qeyd olunmuşdur ki, Əli Həsənovun müraciətində göstərilən xüsusatlar və digər halların tam və hərtərəfli araşdırılmasını təmin etmək məqsədilə cinayət işinin başlanılmasının rədd edilməsi haqqında 20 mart 2017-ci il tarixli qərarın ləğv edilməsi üçün Bakı şəhər Prokurorluğu qarşısında vəsatət qaldırılmış, müraciət cinayət-prosessual qanunvericiliyinə müvafiq olaraq vəsatətlə Bakı şəhər prokurorluğuna göndərilmişdir.
Nizami rayon prokurorluğunun redaksiyamıza göndərdiyi 17 avqust 2017-ci il tarixli N: 467Ş-17 saylı məktubda bildirilir ki, rayon prokurorluğu tərəfindən Ə.M.Həsənovun şikayəti əsasında Nizami RPİ-də toplanmış material tələb edilərək öyrənilmişdir: "Müəyyən edilmişdir ki, Nizami RPİ-nin müstəntiqi Tural Qaralov tərəfindən həmin material üzrə qəbul etdiyi 20.03.2017-ci il tarixli cinayət işinin başlanılmasının rədd edilməsi haqqında qərar Bakı şəhər prokurorluğu tərəfindən ləğv edilərək Nizami RPİ-nin İŞ-nə qaytarılmışdır. Müəyyən edilmişdir ki, müstəntiq Tural Qaralov tərəfindən müraciət üzrə tam, obyektiv və hərtərəfli araşdırma aparılmamış, Bakı şəhər prokurorluğunun 01.04.2017-ci il tarixli qərarında verilmiş göstərişlər icra edilməmiş və 13.04.2017-ci il tarixdə cinayət işinin başlanmasının rədd edilməsi haqqında qərar qəbul edilmişdir. Bu səbəbdən də, 17 avqust 2017-ci il tarixdə rayon prokurorluğu tərəfindən həmin qərar ləğv edilərək toplanmış material üzrə tam, obyektiv və hərtərəfli araşdırma aparılması, eyni zamanda rayon prokuruorluğuna daxil olmuş məktubunuzda, habelə "Korrupsiya və Qanun" qəzetində "Sabunçu polisi statistikaya işləyir" və "Polisə "hörmət"sizlik edənin şikayətinə baxılmır" başlıqları ilə dərc olunmuş yazılarda göstərilən xüsusatların hərtərəfli yoxlanılması barədə bir sıra göstərişlər verilərək material qanuni və əsaslı qərar qəbul edilməsi üçün Nizami RPŞ-nin İŞ-nə qaytarılmışdır".
Təəccüb doğuran hal budur ki, Nizami RPŞ-nin İŞ-nə qaytarılan material yenidən məhz müstəntiq Tural Qaralovun icraatına verilib. Anlamağa çalışsaq da, bir məntiq bula bilmirik ki, niyə belə qərar qəbul edilib. Bəlkə mütəntiq Qaralovu intizam tənbehindən sığortalamaq üçün ona səhvini düzəltmək şansı verilib? - bilmirik. Hər nə səbəbdən olur-olsun, təki zərərçəkənin ziyanının qarşılığı ödənilsin.
Korrupsiya və Qanun