Adamın adı, atasının adı, soyadı onunla bir ömürlük yol yoldaşıdır. Şəxsiyyətin kimliyinin təsdiqi olan bu isimlər əksər hallarda məna kəsb edir və onu daşıyan şəxsin xasiyyətinin formalaşmasına, eləcə də cəmiyyətdə ona münasibətdə önyarğıların yaranmasına təsir edir desək, yanılmarıq. Məsələn, heç inandırıcı deyil ki, adı Pəhlivan olan oğlan qolunun gücünü sınamasın, adı Gözəl olan qadın öz xarici görkəminə fikir verməsin. Başqa sözlə, ad bir növ məsuliyyət doğurur.
Beyləqan rayonu üzrə Maliyyə İdarəsinin rəisi İslam Allahverdiyev də həmişə daşıdığı adın, soyadın, təmsil etdiyi nəslin, tutduğu vəzifənin məsuliyyətini dərk edib. İslam müəllim istər həmkarları arasında, istərsə də cəmiyyət içində özünə dərin hörmət qazanmış, dərin savadı, nümunəvi əxlaqı, şərqli mədəniyyəti, qərbli işgüzarlığı ilə diqqəti cəlb etmişdir. Üstün məziyyətləri ilə hamının gözündə ucalıb. Böyük erudisiyaya, geniş məlumata, zəngin həyat təcrübəsinə malikdir. Ona işi düşənlərə münasibətdə tutduğu obyektiv mövqe, müxtəlif məsələlərin həllində sərgilədiyi ədalətli yanaşma tərzi insanları cəlb edir; hamı bilir ki, öz dərdini və şikayətini ona çatdırsa, səbrlə qulaq asacaq, düzgün məsləhət verəcəkdir.
İşlədiyi vəzifələr onu deyil, o, tutduğu vəzifələri hörmətə mindirib. İslam Allahverdiyevin qanuna hörmətinin, ədalətsevərliliyinin, həqiqətpərəstliyinin şahidi olanların hamısı onun bu müstəvidə nümunə olduğunu təsdiqləyirlər. Ən müsbət cəhətlərindən biri də özünün bilik və qabiliyyətini, səy və bacarığını müntəzəm olaraq təkmilləşdirməsidir. Hansı işdə çalışmasından asılı olmayaraq, İslam müəllim onu tanıyanların nəzərində yetkin maliyyəçi, ciddi və tələbkar rəhbər işçi, fəal vətəndaşlıq mövqeyinə malik ziyalı kimi ucalmışdır. Hazırda İslam Allahverdiyev və rəhbərlik etdiyi idarənin kollektivi dövlətimizin maliyyə siyasətinin Beyləqan rayonunda uğurla həyata keçirilməsi üçün əllərindən gələni əsirgəmirlər. Son illər müharibə və pandemiya dövrünün çətinliklərinə rəğmən rayonun maliyyə göstəricilərinin yaxşılaşmasında bu kollektivin də əhəmiyyətli xidmətləri olmuşdur.
Bütün qeyd olunanlar belə deməyə əsas verir ki, İslam Allahverdiyevin qüsursuz fəaliyyətinə kölgə salmağa yönəlik hər hansı şər-böhtan cəhdlərinin uğursuz olacağı elə qabaqcadan məlumdur. Ancaq nə qədər təəccüblü olsa da, belə cəhdlərdə bulunanlar vardır. Təsəvvür edin, adı İslam, soyadı Allahverdiyev olan, damarlarında əsl azərbaycanlı, müsəlman qanı cövlan edən belə bir şəxsi erməni ilə qohumluq əlaqəsində suçlayan da tapılıb. Əslinə qalsa, bildiyimiz kimi, tolerantlığın, çoxkonfessiyalılığın hökm sürdüyü, multikulturalizm ənənələrinin qorunub inkişaf etdirildiyi Azərbaycanda heç kim dini, milli, irqi mənsubiyyətinə görə təqib olunmur və müxtəlif millətlərin nümayəndələrinin qohumluq münasibətləri qurmalarında hansısa qadağa və məhdudiyyətlər yoxdur. Amma etiraf etməliyik ki, cəmiyyətimizdə torpaqlarımızı otuz il işğal altında saxlamış, məscidlərimizdə donuz otarmış bədnam qonşularımıza nifrət hissi hələ qalmaqdadır və yəqin, xeyli müddət ətalət qüvvəsi ilə qalmaqda davam edəcəkdir. Kimlərisə (çox vaxt da cəmiyyətdə tanınmış, mənsəb-izzət sahibi olan şəxsləri) ermənilərlə əlaqədə suçlayanlar məhz xalqın şüurunda iz salmış bu nifrət faktoruna istinad edirlər.
İndi isə gəlin görək, İslam Allahverdiyevin uzaq qohumunun guya erməni olduğunu aşkar etməklə, böyük bir “kəşfə” imza atmış həmin adamcığaz kimdir. Söhbət Beyləqan rayon sakini Zeynalov Anar Ədalət oğlundan gedir. Adam bir neçə gün əvvəl “Youtobe”, “Facebook”, “Tik-tok” kimi internet platformalarında çıxış edərək bu “kəşfini” ictimailəşdirməyə çalışıb. Söz yox, bu məlumat izləyici marağı, rezonans doğurmayıb, əksinə, iddiaçının özünə qarşı ikrah hissi yaradıb. Çünki Anar Zeynalovun həmin məsələ ilə bağlı iyrənc çıxışını izləyəndə məlum olur ki, o, təkcə İslam Allahverdiyevi deyil, onun övladlarını da hədəf götürüb.
Düzü, Beyləqanda İslam Allahverdiyevin özünün, həyat yoldaşının əsil-nəcabətini tanıyan hamı bilir ki, onların erməni milliyyəti ilə heç bir bağlılığı yoxdur. Bundan əlavə, İslam müəllimin hər üç övladı – iki oğlu, bir qızı ali təhsilə, daha önəmlisi isə nümunəvi əxlaqi keyfiyyətlərə, o cümlədən vətənpərvərlik tərbiyəsinə yiyələnərək, seçdikləri ixtisaslar üzrə bacarıqlı mütəxəssislər kimi yetişmiş və hazırda öz profilləri üzrə işləyərək ölkəmizin tərəqqisinə töhfə verməkdədirlər. Bəs elə isə, Anar Zeynalovun bu ailəyə qarşı apardığı qarayaxma kampaniyasının məqsədi nədir? Qeyd etməyə dəyər ki, Anar Zeynalovun İslam Allahverdiyevlə müqayisə müstəvisinə gəlmək üçün heç bir əsası yoxdur: eyni hədəflərə ulaşma yolunda rəqibi deyil, eyni vəzifəyə göz dikmiş həmkarı deyil, haradasa maraqları toqquşmur. Anarın sosial şəbəkədə özü barədə verdiyi təqdimata inansaq, o, özəl universitetin məzunudur, ya yarımçıq hüquqşünas, ya da natamam jurnalistdir. Cibində YAP vəsiqəsi gəzdirir, oturduğu yerdə başının üstündə ulu öndər Heydər Əliyevin portretini asır və bu fonda çəkdirdiyi şəkillərini nümayiş etdirərək özünü bir növ sığortalanmış, “toxunulmazlıq hüququ” qazanmış hesab edir. Onun barəsində dolğun informasiya tapmaq üçün heç Beyləqana gedib yerli sakinlər arasında sorğu aparmağa da ehtiyac yoxdur. Elə adını yazıb internet resurslarında səthi axtarış elan eləmək yetərlidir. Dərhal bəlli olacaq ki, bu adamın işi-gücü mərdimazarlıqdır və İslam Allahverdiyev onun qara yaxmağa çalışdığı yeganə məmur deyil. Əlində yalnız qeyri-rəsmi, qeyri-ciddi informasiya vasitələrinə çıxış imkanı olan Anar Zeynalov əsasən sosial şəbəkədən istifadə edir, olsa-olsa, kompromat məlumatları müxtəlif saytlara “Beyləqan rayon sakini Anar Zeynalov” adından ötürür. Təsəvvür edin, insan nə qədər “fəal vətəndaşlıq mövqeyinə malik ictimaiyyətçi” olmalıdır ki, başqa faydalı işlə-güclə məşğul olmadan bütün vaxtını, enerjisini haqqı ödənilməyən xəbərçiliyə (hətta yaydığı xəbər doğru olsa belə) sərf etsin? Bu halda ilk ağıla gələn fikir bu olur ki, paylaşdığı xəbərlərin arasında şantaj xarakterlilər, mənfəət güddüyü, ona çirkli gəlir gətirib dolanışığını təmin edənlər az deyil.
Rusların bir məsəli var: “Suka ne nauka” (Yəni, çuğulluq etmək üçün savadlı olmaq, elm öyrənmək vacib deyildir). Yazdığı bir cümlədə beş dənə səhv buraxan Anar Zeynalovun nişangahına cəmiyyətin bütün zümrələrinin adamları tuş gələ bilərlər. Təkcə məmurlar deyil, beyləqanlı sahibkarlar da onun əlindən dad döyürlər. Bir müddət əvvəl Anarın şantajlarından cana doyan yerli sahibkarlardan Məhəmməd Əliyev, Zakir Mehtiyev, Sadiq Əlizadə, Sarvan Ələkbərov bir araya gələrək, kollektiv surətdə mətbuatda aidiyyəti qurumlara ünvanlı açıq şikayət məktubu dərc etdirmiş və bildirmişlər ki, o, obyekt sahiblərini gah FHN, gah vergi orqanı, gah da baytarlıq xidməti adından hədələyərək aylıq haqq tələb edir. Anarın təhdidlərinə məruz qalmış məcburi köçkün Eyvazovlar ailəsi isə ondan və narkoman kimi tanıdıqları qardaşı Zeynalov Fəriddən birbaşa dövlət başçısına şikayət ünvanlamışlar.
Sonda isə Anar Zeynalovla bağlı ən ilginc məlumatı oxucuların diqqətinə çatdırırıq: İnternetdə hamı üçün əlçatan mənbələrdən götürdüyümüz məlumata görə, Anar psixi xəstə kimi qeydiyyatdadır və adına tibbi tarixçə açılıb. Bu nöqteyi-nəzərdən, əslində sevinməli, şərəf duymalıdır ki, bu məqalədə onun adını İslam Allahverdiyev kimi mötəbər bir şəxslə yanaşı çəkdik. Halbuki, çox hörmətli İslam müəllim onun səviyyəsinə enmək istəmir, yoxsa, xüsusi ittiham qaydasında məhkəməyə müraciət edər, şərəf və ləyaqət, işgüzar nüfuz davası açar və mütləq cəzalanmasına asanlıqla nail ola bilərdi.
Çuğulluğu özünə peşə edən Anar Zeynalova yekun sözümüzsə budur: Əgər psixopat yox, belə ağıllısansa, elə vətənpərvərsənsə, indi dinc şəraitdə həmyerlilərinin arasında “erməni ovuna” çıxmağı haqq etmək üçün il yarım əvvəl Vətən müharibəsinə könüllü gedəydin və düşmənlə kişi kimi döyüşəydin! Ya öləydin, ya öldürəydin - hər iki halda günahlarını yumuş olardın!
Xuraman Quliyeva