Azərbaycan İdeyası

GÖRÜN, KİMİN TƏQAÜDÜNÜ KƏSİBLƏR

Tarix:16-05-2022, 20:41
Baxış Sayı:89


2015-ci il martın 19-da qondarma “DQR müdafiə nazirliyi” Azərbaycan ordusunun gücləndirilmiş xüsusi təyinatlı qrupunun Gülüstan istiqamətində, Çaylı kəndi ətrafında erməni ordusunun postuna hücumu barədə məlumat yaymışdı. Həmin məlumatda deyilirdi ki, səhər saat 08 radələrində başlayan hücum və daha sonra iki saata yaxın çəkən döyüş fəaliyyəti zamanı erməni tərəfi itki verib-hərbi qulluqçular Akob Xaçaturyan (1995), Eduard Ayrapetyan (1995) və Arşak Arutyunyan (1995) öldürülüblər. Daha 4 hərbi qulluqçu isə yaralanıb.
Bir neçə gün sonra-martın 26-da erməni tərəfi həmin döyüşdə yaralanan daha bir hərbi qulluqçunun Xankəndi hospitalında öldüyünü açıqlamışdı. Erməni tərəfi iddia edirdi ki, onların köməyə gələn əlavə qüvvələri postdakı qüvvələrlə birlikdə Azərbaycan xüsusi təyinatlılarını təqib ediblər. Azərbaycan mövqeləri yaxınlığında “tam məhv ediblər”.
Həmin tarixdən 7 ildən çox keçmiş bu döyüşün iştirakçılarından biri, xüsusi təyinatlıların ehtiyata buraxılmış hərbi qulluqçusu, Qazax rayonunda doğulmuş Ülfət Həsənovun sözlərinə görə, xüsusi təyinatlılarımız əslində həmin döyüşdə 4 yox, daha çox düşmən hərbçisini məhv etmişdi. Qəhrəman qazimizin "YouTube" kanallarından birində yerləşdirilmiş hekayətinə əsasən düşmənin ölən və yaralanan hərbçilərinin sayı 25-30 nəfər olub. Və Gülüstan meşələri qan gölünə dönüb, öldürülən düşmən hərbçilərinin qanı ağ qarı qırmızıya boyayıb. Döyüşdə Ü.Həsənov da ağır yaralanıb.
Düşmənə sarsıdıcı zərbə vuran 6 nəfərlik qrup yaralı Ülfətlə birlikdə geri çəkilib, onları həqiqətən köməyə gələn erməni xüsusi təyinatlıları təqib edib. Amma qondarma rejimin iddia etdiyi kimi, qrup məhv edilməyib və yaralılarla birlikdə düşmənin şiddətli atəşi altından çıxa bilmişdi.
Düşmən üzərində Qələbə ilə nəticələnən və torpaqlarımızın işğaldan azad olunması ilə yekunlaşan Vətən müharibəsi Azərbaycan igidlərinin daha əvvəl göstərdikləri rəşadəti kölgədə qoymamalıdır. Nə şəhidin, nə də qazinin “köhnəsi-təzəsi” yoxdur. İstər Birinci, istərsə də İkinci Qarabağ müharibəsinin şəhidlərinin ailələrinin, qazilərinin, veteranlarının sosial müdafiəsində ayrı-seçkiliyə yol verilməməlidir. Əgər belə hallar müşahidə olunursa, bu, artıq dövlətin deyil, ayrı-ayrı məmurların qüsurudur. Haqqında söz açdığımız qazi Ülfət Həsənov da belə ögey münasibətlə üzləşib. Halbuki, o, Vətən müharibəsində də könüllü iştirak edib, ön cəbhədə vuruşan əsgər və zabitlərimizə hər cür köməklik göstərib.
“Korrupsiya və Qanun” qəzeti redaksiyasına müraciət edən qazi bildirir ki, bu il fevralın 24-də onun müharibə əlili pensiyası və Prezident təqaüdü ilə təminatı dayandırılıb: “2015-ci ildə yarlanandan sonra Birinci xanım Mehriban Əliyevanın dəstəyi ilə Türkiyədə, Gülhanə hospitalında müalicə almışam. Son 5 ildə müxtəlif yerli və xarici tibb müəssisələrində, Rusiyada da müalicə almışam. Müalicəmin təşkilində hörmətli nazir Kəmaləddin Heydərov da köməklik göstərib. 9 ay bağırsağım çöldə, qolumda dəmir karkas gəzmişəm. Üçüncü aydır ki, heç kim maraqlanmır, bu adam acdı, ya toxdu. İş yerim yoxdu, iki övlad böyüdürəm Vətənə. Mən vəziyyəti başa düşüb dözsəm də, amma uşaqlar başa düşmür, əyinləri-başları, boğazları var...”
Qazi qardaşımız deyir ki, daha əvvəllər ev və maşın növbəsində dayandığı vaxt, indi də sosial təminatının bərpasından ötrü döymədiyi qapı qalmayıb: “2015-ci ildən ev növbəsində dayanmışam. Xeyli get-gəldən sonra deyiblər ki, sırada 55-ci adamsan. Növbəm yaxınlaşanda isə əvvəl pandemiya ortaya düşdü, qəbullarda məhdudiyyət yarandı, proses dayandı. Sonra da Vətən müharibəsi başladı. Məmurlar dedilər ki, ilk növbədə Vətən müharibəsi şəhidlərinin ailələri və əlilləri evlə təmin olunacaqlar, mənsə gözləməliyəm. Halbuki, mən növbəyə duranda hələ müharibənin səsi-sorağı yox idi. 2018-ci ildən də maşın növbəsi üçün dəfələrlə sənədlər toplayıb vermişəm, nəticə yoxdur. İndi də pensiya və təqaüddən ötrü sürnüdürülürəm. Əmək və Əhalinin Sosial Müdafiəsi Nazirliyinə, “DOST” Agentliyinə getmişəm. Sənəd yığdırıblar. Gah 1 saylı Respublika xəstəxanasına, gah Travmatologiya xəstəxanasına göndəriblər. Xəstəxanalarda həmişəki göstərişlər yenə təsdiqlənib, amma nə faydası, deyiblər vaxtı çatanda komissiyaya çağırılacaqsan. Tələb ediblər, “forma-88” sənədini sistemə vurdurmuşam, deyiblər 15 gün gözlə, xeyri yoxdur. Prezident Administrasiyasına da getmişəm, vəzifəli şəxslər qəbul etməyib, qapıda polis qarşılayıb. Deyiblər get, gələn ay qəbul olunacaqsan. İndi vəziyyətim belədir ki, qazi yoldaşlarım, dost – tanışlarım kartıma 5-10 manat pul göndərirlər. Neçə il xüsusi təyinatlı qüvvələrdə xidmət edən, döyüşlərdə yorulmayan, baçıuca çıxan birinə bu hal yaraşırmı?”
Ülfət deyir ki, qismən də olsa, hələ əmək qabiliyyəti var: “İşdən ötrü hara müraciət edirəm, gah deyirlər yaşın keçib, gah deyirlər cüssən böyükdü, ya da başqa nəsə bəhanə edib imtina cavabı verirlər. Odur ki, üzümü dövlətimizin başçısı cənab İlham Əliyevə, Birinci vitse-prezident Mehriban xanım Əliyevaya tuturam. Mənə çox şey lazım deyil, təqaüdümün, pensiyamın bərpasına, işlə təmin olunmağıma köməklik edin”.
Mövzuya qayıdacağıq
“Korrupsiya və Qanun”

OXŞAR XƏBƏRLƏR
1) 2021-2023-cü illərdə Saatlı rayonunda “İdmanın əsas göstəriciləri haqqında” məlumat
1) 2021-2023-cü illərdə Saatlı rayonunda “İdmanın əsas göstəriciləri haqqında” məlumat
Bakının bu ərazisində qaz olmayacaq
Bakının bu ərazisində qaz olmayacaq
Dubay şokoladı ilə bağlı şok İDDİA: "Xərçəng etmək üçün..."
Dubay şokoladı ilə bağlı şok İDDİA: "Xərçəng etmək üçün..."
Azərbaycanda Dövlət Bayrağı Günüdür
Azərbaycanda Dövlət Bayrağı Günüdür
Bu gün Şuşa Şəhəri Günüdür
Bu gün Şuşa Şəhəri Günüdür
Kim kimə borc vermək istəsə, Fəqan Şabanovla məsləhətləşsin.
Kim kimə borc vermək istəsə, Fəqan Şabanovla məsləhətləşsin.
SENSASİYA! Dönərxanalar BAĞLANA BİLƏR - "Çiy ət" qərarı
SENSASİYA! Dönərxanalar BAĞLANA BİLƏR - "Çiy ət" qərarı
Azərbaycanda məzənnə rejimi DƏYİŞƏ BİLƏR? – Dollarla bağlı…
Azərbaycanda məzənnə rejimi DƏYİŞƏ BİLƏR? – Dollarla bağlı…