Azərbaycan İdeyası

Mülkiyyətçinin “20 yanvar faciəsi” və polisin dələduz qarşısında acizliyinin etirafı

Tarix:25-07-2022, 11:10
Baxış Sayı:697

Ölkədə dələduzluq cinayətləri getdikcə çoxalır. Mediada, sosial şəbəkələrdə şikayət edən adamların açıqlamalarından bəlli olur ki, əsasən işədüzəltmə, mülkiyyət məsələləri ilə bağlı aldadılırlar. Bir problem də odur ki, dələduzluq cinayətinə məruz qalan adamların bir çoxu nə pulunu ala bilir, nə də cinayət törədən şəxs həbs olunur. Bəzilərinin himayəçisi olduğu bildirilir.
Maraqlıdır ki, bir çox insanlar heç bir rəsmi görəvi olmayan, ilk baxışda dələduz olduğu şübhə doğurmayan adamlara rahatlıqla, sadəlövhcəsinə pul verirlər. Məşhur “yalançının tamahkarı aldatması” tendensiyası da müşahidə olunur. Eyni zamanda tora salınan səmimi insanlar da kifayət qədərdir, bu, xüsusilə ev, mənzil alışı ilə bağlıdır. İnsanlar dələduzluğa məruz qalmamaq üçün nələrə diqqət etməlidir? Necə davransın ki, aldanmasın? Hüquq bu məsələdə nə deyir?
“Bakı” Hüquq Şirkətinin rəhbəri Natiq Ələsgərovun fikrincə, bunun bir səbəbi də sosial-iqtisadi vəziyyətə dirənir. İnsanlar qazanc üçün yollar axtarır, əlində olan-qalan pulu bir işə qoyub pul qazanmağa çalışırlar. Bu yolda ən ağlasığmaz addımlar atmağa belə hazır olanlar var. Belələri dələduzların “asan yemi”nə çevrilir. Ağır sosial-iqtisadi durum amili dələduzluq cinayətlərinin intensivləşməsində katalizator rolunu oynayır. Sosial durum nə qədər ağırdırsa, bu növ cinayətkarlığın artması da labüddür. Bunun bir neçə səbəbi var. Hüquq maarifləndirilməsi kifayət qədər deyil, hüquq normaları sərtdir. Vətəndaş hüququna çatmaq üçün çox çətin prosedurlardan keçmək məcburiyyəti ilə üz-üzə qalır. Odur ki, qanundan kənarda rahat yol axtarmağa başlayır. Bu halda vətəndaşın dələduzun ağuşuna rahat şəkildə düşüb pul-parasından, mal-mülkündən olmasını da elə bəzən qanunlarımızın sərtliyi şərtləndirir. Vətəndaş hüququna çatmaq üçün əl atdığı yolun qanunsuz olduğunu tam şəkildə dərk etmiş olsa da, qanunsuz sövdələşmədən çəkinmir. Belə hallar son vaxtlar demək olar ki, kütləvi xarakter daşıyır. Bu gün Azərbaycanda istənilən sahədə dələduzların yalançı vədlərinə aldanaraq, onların toruna düşən çoxsaylı insanlar var. Bu işlə vəzifəli şəxslər, tanınmış simalar, hakimlər, vəkillər də məşğul olurlar.
Azərbaycanda dələduzluq faktları ilə bağlı əksər hallarda cinayət işinin başlanılması rədd olunur. Vətəndaşa mülki qaydada məhkəmələrə müraciət edilməsi tövsiyyə olunur. Məhkəmələrdə isə belə işlərdən qalib çıxan yenə də dələduzlar olur. Çünki Azərbaycan məhkəmələri həmin o dələduzun əməlinə müvafiq qiymət verməkdə maraqlı deyil. Bəzi hakimlər daha çox dələduzun məhkəməyə verdiyi “qiymətə” üstünlük verir. Nəticə etibarı ilə belə mülki işlərdə uduzan tərəf də evi, pulu, malı əlindən gedən olur.
Bakı şəhəri, Nəsimi rayonu, Topçubaşov – 103A ünvanda qeydiyyatda olan, hazırda Xəzər rayonu, Buzovna qəsəbəsi, “Qızıl Qum” bağlar massivində yaşayan Cəfərov Etibar Nadir oğlu “Korrupsiya və Qanun” qəzeti redaksiyasına yazılı müraciət edərək bildirib ki, Buzovna qəsəbəsində ona məxsus 400 kv/m sahəsi olan obyekti varmış. Həmin obyektdən “Çay Evi”ni və anbarı bir-iki aylığa icarəyə veribmiş. Lakin 2022-ci il yanvarın 19-dan 20-nə keçən gecə obyekti yandırıblar. Bu barədə həmin gecə saat 01:30 radələrində polis sahə müvəkkili Bəxtiyar adlı şəxs ona zəng vurub xəbər verib. Özü xəbər tutan kimi hadisə yerinə gəlsə də, artıq gec olub. Yanğınsöndürən ekipaj yetişənədək, obyekt yanıb külə dönübmüş. Sahə müvəkkili ona: “Başın sağ olsun!” – deyib. Lakin ertəsi gün zənginə cavab verməyib. Fövqəladə Hallar Nazirliyinin əməkdaşları Etibar Cəfdərovu çağırıblar və kimdən şübhələndiyini soruşublar. Etibar onlara bir ay əvvəl mübahisə etdiyi arxa qonşusundan şübhələndiyini deyib. Mübahisələri arxa qaraj qapısının yanındakı evkalipt ağacını həmin qonşunun kəsib-doğradığına görə düşübmüş. Etibar qonşunun hərəkətindən yerli icra nümayəndəliyinə, bələdiyyəyə, İcra Hakimiyyətində Tahirə xanım adlı məsul vəzifəli şəxsə, eləcə də Ekologiya və Təbii Sərvətlər Nazirliyinə şikayət edibmiş. Aidiyyəti qurumlardan nümayəndələr gəlib ağacın kəsildiyi yerin şəklini çəkib sənədləşdiriblərmiş. Ondan az sonra obyekt yandırılıb.
E.Cəfərov yazır ki, bu günə kimi yanğınla bağlı hansı istintaq hərəkətlərinin aparıldığı barədə məlumatı yoxdur, ona zəng edən də olmayıb. Bundan sonra özünə hüquq məsləhətçisi axtarmağa başlayıb və Əli adlı tanışının vasitəsilə vəkil olduğu deyilən Vəliyev Xanoğlan Yusif oğlu ilə Polis Akademiyasının yaxınlığında görüşüb. Özünü inanclı, imanlı adam kimi göstərən Xanoğlan ona istintaqın gedişini fəallaşdıracağını, dövlətdən kompensasiya alması üçün, qızının aliment məsələsində, habelə, daha bir neçə başqa işlərdə kömək edəcəyini vəd edərək ard-arda bir neçə dəfə müxtəlif məbləğlərdə, üst-üstə 8000 (səkkiz min) manat pullar almışdır. Lakin zaman keçdikcə Xanoğlan Vəliyevin verdiyi vədlərin heç birinə əməl etmədiyini görən Etibar Cəfərov aldadıldığını başa düşüb ilk növbədə onları tanış eləyən Əliyə gileylənib. Bundan sonra Xanoğlan ona zəng edib və telefondaca öz qudası Əlinin ünvanına nalayiq söyüşlər işlədib. Növbəti telefon danışıqlarında isə Xanoğlan Etibarın özünü də söyüb. Etibar ona eyni tərzdə cavab qaytarandan sonra o, Etibarı dəniz kənarına duelə çağırıb. Etibar bu təkliflə razılaşmayanda isə, evinə hücum çəkəcəyini deyib. Çarəsiz qalan E.Cəfərov Xanoğlanın hərəkətlərindən DİN-nin “102” xidmətinə zəng vurub şikayət edib və polisə ərizə yazıb. E.Cəfərovun yazdığına görə iyunun 29-da Xəzər Rayon Polis İdarəsinin 1 –ci Polis Bölməsində bu məsələ ilə bağlı iş aparan Şahin adlı polis zabiti arasında belə bir dialoq baş tutub:
“ - Sən bu Xanoğlanı tanımırsan?”
“ - Mən onu vəkil kimi tanıyıram”.
“ – Xanoğlan peşəkar dələduzdur”.
“ – Bəs niyə həbs olunmur?”
“ – Bunları həbs etmək mümkün deyil”.
E.Cəfərov həmçinin qeyd edir ki, təhqiqatçı onun balankda üç yerə imza etməyini istəyib. O isə iki qrafaya imza atsa da, ertəsi gün boş blankı alıb cırıb.
E.Cəfərov həmçinin xatırlayır ki, hesablamalarına görə ona 200000 (iki yüz min) manat ziyanla ötüşən yanğın hadisəsi yerinə gələrək onun iştirakı olmadan akt tərtib edən FHN-nin Coşqun və digər əməkdaşları yanğının qısa qapanmadan olmadığını deyib və əl vurmamağı tövsiyə ediblər. O da izləri itirməmək üçün əşyalara toxunmayıb. Nəzarətsiz qalan əşyalar isə oğurlanıb. Hansı ki, aralarında metal xammal kimi satıla biləcək şeylər var imiş. Bir daha qeyd edək ki, istintaqın əsl səbəbin nə olduğu barədə gəldiyi qənaəti zərərçəkən özü də bilmir, çünki ona polisin qərarı verilməyib. “Xidmətindən” istifadə etdiyi Xanoğlan ona qərar barədə mücərrəd sözlər danışıb, zəng vurub sənədlərin, verdiyi pulun aqibətini soruşanda da Xanoğlan “bütün məsələlərin” Şahin müəllimlik olduğunu deyib. Etibarın əlində bunu təsdiqləyən səs yazısı da var.
Şikayətçi başına gələn hadisələrin KİV-də ictimailəşdirilməsini redaksiyadan xahiş etmişdir.
İnsanların maddi durumunun pisləşməsi, sosial təminat səviyyəsinin arzuolunan səviyyədə olmaması, işsizlik və sosial rifahın aşağı olması kimi amillər ölkədə baş verən cinayətlərin sayının artmasına səbəb olur. Belə bir mühit dələduzlar üçün əlverişlidir. Cəmiyyətdə potensial qurbanlar kifayət qədərdir. Dələduzlar həm də tez varlanmaq həvəsi ilə alışıb yananları müəyyən etməkdə ustadırlar. Şirnikləndirici təkliflərə hərisliklə reaksiya verənlər qısa müddətdə dələduzluq cinayətinin obyektinə çevrilirlər. Azərbaycan Respublikası Cinayət Məcəlləsi 178-ci maddəsi dələduzluq adlanır. Dələduzlu əməlinin yüngüllük və ağırlıq dərəcəsinə görə 1000 manatdan 2000 manatadək cərimə, 360 saatdan 480 saatadək ictimai işlər, 2 ilədək müddətə islah işləri, 2 ilədək müddətə azadlığın məhdudlaşdırılması və ya 2 ilədək müddətə azadlıqdan məhrum etmə ilə cəzalandırılırlar;
Xeyli miqdarda ziyan vurmaqla dələduzluq törədənlər - 4000 manatdan 7000 manatadək cərimə, 1 ildən 3 ilədək müddətə azadlığın məhdudlaşdırılması və ya 2 ildən 5 ilədək müddətə azadlıqdan məhrum etmə ilə cəzalandırılırlar;
Külli miqdarda ziyan vurmaqla cinayət törədən şəxslər- 5 ildən 10 ilədək müddətə azadlıqdan məhrum etmə ilə cəzalandırılırlar;
Xüsusilə külli miqdarda ziyan vurmaqla törədildiən dələduzluqlar -10 ildən 14 ilədək müddətə azadlıqdan məhrum etmə ilə cəzalandırılır.
Dələduzluq cinayətinin daha bir spesifik xüsusiyyəti həmin cinayətin motivi , yəni dələduzluq edən şəxsin niyyəti ilə bağlıdır.
Əməl o halda dələduzluq kimi qiymətləndirilir ki, təqsirkarın özgə əmlakının talanmasına və ya əmlaka olan hüquqa yiyələnməsinə yönəlmiş niyyəti həmin əmlakı və ya əmlaka olan hüququ əldə edənədək yaranmış olsun. Belə desək, şəxs ona etibar edən şəxsi aldadaraq zərərçəkənə məxsus əmlakı ələ keçirməmişdən daha öncə beynində öz xəbis niyyətini formalaşdırmış olur. Dələduzluğun oxşar digər cinayətlərdən, habelə mülki münasibətlərdən irəli gələn mübahisələrdən əsas fərqi ondan ibarətdir ki, oğurluqdan, soyğunçuluqdan və quldurluqdan fərqli olaraq dələduzluğun törədilməsi zamanı təqsirkar zərərçəkmişin əmlakını gizli şəkildə, zor tətbiq etməklə və hədələrlə ələ keçirmir, həmin əmlak aldadılmış zərərçəkmiş şəxsin özü tərəfindən təqsirli əməli törədən şəxsə verir. Mülki münasibətlərdən irəli gələn öhdəliklərin yerinə yetirilməməsi zamanı əməl yalnız o halda dələduzluq kimi qiymətləndirilir ki, şəxsin həmin müqavilələri bağlamazdan əvvəl özgənin əmlakını və ya əmlaka olan hüququnu əvəzsiz olaraq ələ keçirmək niyyəti olsun.
Bunu sübut etmək o qədər də asan deyil. Dələduzlar niyyətlərini ustalıqla gizlətməyi bacaran kəslərdir. Bir çox hallarda onların öhdəliklərin yerinə yetirilməməsini cinayət kimi sübut etmək çətin olur, bu üzdən də məsələyə mülki mühakimə icraatı qaydasında baxılarkən nəticə çox vaxt zərərçəkənin xeyrinə olmur.
Mövzuya qayıdacağıq.
Xuraman Quliyeva

OXŞAR XƏBƏRLƏR
1) 2021-2023-cü illərdə Saatlı rayonunda “İdmanın əsas göstəriciləri haqqında” məlumat
1) 2021-2023-cü illərdə Saatlı rayonunda “İdmanın əsas göstəriciləri haqqında” məlumat
Bakının bu ərazisində qaz olmayacaq
Bakının bu ərazisində qaz olmayacaq
Dubay şokoladı ilə bağlı şok İDDİA: "Xərçəng etmək üçün..."
Dubay şokoladı ilə bağlı şok İDDİA: "Xərçəng etmək üçün..."
Azərbaycanda Dövlət Bayrağı Günüdür
Azərbaycanda Dövlət Bayrağı Günüdür
Bu gün Şuşa Şəhəri Günüdür
Bu gün Şuşa Şəhəri Günüdür
Kim kimə borc vermək istəsə, Fəqan Şabanovla məsləhətləşsin.
Kim kimə borc vermək istəsə, Fəqan Şabanovla məsləhətləşsin.
SENSASİYA! Dönərxanalar BAĞLANA BİLƏR - "Çiy ət" qərarı
SENSASİYA! Dönərxanalar BAĞLANA BİLƏR - "Çiy ət" qərarı
Azərbaycanda məzənnə rejimi DƏYİŞƏ BİLƏR? – Dollarla bağlı…
Azərbaycanda məzənnə rejimi DƏYİŞƏ BİLƏR? – Dollarla bağlı…