“Vətən müharibəsində öz canını fəda etməyə hazır olan gənclərimiz işlə təmin edilsin”. Bunu Prezident İlham Əliyev fevralın 18-də icra başçılarının təyinatı ilə əlaqədar videoformat şəklində keçirdiyi görüşdə deyib. Dövlət başçısı bildirib:
"Kadr sahəsində kadrların düzgün seçilməsi böyük dərəcədə işlərin uğurla getməsinə şərait yaradacaq. Ona görə kadrların seçilməsində, ilk növbədə, insanların iş qabiliyyəti nəzərə alınmalıdır, dövlətçiliyə, dövlətə sədaqət nəzərə alınmalıdır, vətənpərvərlik nəzərə alınmalıdır. Tanışlıq, qohumluq əlaqələri və hansısa başqa prinsiplər tamamilə aradan qaldırılmalıdır. Elə kadrlar seçilməlidir ki, bu kadrlar dövlət məmurları qarşısında duran vəzifələri şərəflə yerinə yetirsinlər. Eyni zamanda, qeyd etdiyim kimi, vətənpərvər insanlar, dövlətə, xalqa bağlı olan insanlar, əlbəttə ki, ön plana çıxmalıdır və kadr təyinatları aparılanda bu, nəzərə alınmalıdır.
Vətən müharibəsində qəhrəmanlıq göstərmiş övladlarımızın məşğulluq məsələləri də mənim göstərişimlə öz həllini tapır. Əmək və Əhalinin Sosial Müdafiəsi Nazirliyi bu sahədə genişmiqyaslı işlər görür - Məşğulluq Marafonu keçirilir. Mənim tərəfimdən sahibkarlara tövsiyə edilib ki, işə qəbulda, ilk növbədə, Vətən müharibəsində fərqlənmiş gənclərimizi nəzərə alsınlar. Əlbəttə ki, dövlət qurumları qarşısında bu vəzifəni mən qoymuşam. Siz də bu amili nəzərə almalısınız ki, öz canını fəda etməyə hazır olan gənclərimiz işlə təmin edilsin. Onların peşə qabiliyyətinin təkmilləşdirilməsi üçün müxtəlif tədbirlər görülməlidir. Yəni, biz onları gələcək fəaliyyətə hazırlamalıyıq. Bir daha qeyd etmək istəyirəm ki, kadr məsələlərinin düzgün təşkilində əsas prinsiplər, bax, dediyim iş qabiliyyəti, vətənpərvərlik və dövlətçilik əsasları olmalıdır".
Məşğulluq proqramı çərçivəsində 4000-nə yaxın şəxs təklif olunan işlərdən imtina edib. Bir ay əvvəl bu sözləri Dövlət Məşğulluq Agentliyinin İdarə heyətinin sədri Mustafa Abbasbəyli Vətən müharibəsi qazilərinin məşğulluğunun təmin edilməsi, onlara göstərilən sosial dəstəklə bağlı keçirilən mətbuat konfransında deyib. O bildirib ki, bunun səbəbi ya həmin şəxslərin məşğulluqlarının mövcud olması, ya da bu işlərə ehtiyacları olmamasıdır.
Maraqlıdır, bu qədər iş təklifi nəyə görə Ağcabədi rayonu Taxta Körpü qəsəbəsi, 552 – ci məhəllə, ev – 491 ünvanda məskunlaşan laçınlı məcburi köçkün, həyat yoldaşı Vətən müharibəsində qəhrəmancasına şəhid olmuş Sahilə Bəhrəm qızı Cabbarovaya edilməyib?
S.Cabbarova işsizlikdən ağır durumda olduğunu Laçın Rayon İcra Hakimiyyətinin başçısı cənab Aqil Nəzərliyə, rayonu Milli Məclisdə təmsil edən deputata, yerli məşğulluq mərkəzinə və bir çox aidiyyəti qurumlara çoxsaylı müraciətlərində bildirib. Şəhidin yadigarı olan övladını çox çətinliklə saxladığını bildirən Cabbarovanın problemi “Korrupsiya və Qanun” qəzetində hələ keçən ilin noyabr ayında ictimailəşdirilib, bu barədə qələmə alınmış “Laçın rayonunun icra hakimi şəhid ailəsinə nə vaxt kömək edəcək?” sərlövhəli məqalə müşayiətedici məktubla tərəfimizdən cənab Aqil Nəzərliyə göndərilib. Lakin çox təəssüf ki, Laçın RİH tərəfdən hələ də səs-səmir yoxdur.
***
Müharibə iştirakçılarının məşğulluğunun təmin olunması istiqamətində aparılan işlərlə bağlı mətbuata danışan Vətəndaşların Əmək Hüquqlarının Müdafiəsi Liqasının sədri Sahib Məmmədov hazırda bu sahədə müəyyən işlərin görüldüyünü bildirib: “Birinci Qarabağ müharibəsində iştirak edib hələ əmək qabiliyyətli olanlar da var. Bu, onlara da aiddir. Eyni zamanda şəhid ailələrinin də məşğulluğu təmin olunmalıdır. Amma hər təklif olunan iş qəbul oluna bilmir. Vətən müharibəsi iştirakçılarının içərisində sağlamlığını itirib əllilik dərəcəsi almış insanlar var. Onlar üçün hər iş münasib deyil. Buna görə bəzən problemlər yaranıb. Yerli icra hakimiyyəti orqanları bir çox hallarda bu problemləri həll etməyə yetərincə səy göstərmirlər. Hələ müharibə dövründə qazilərlə görüşdə dövlət başçısı bildirmişdi ki, "mən həmişə sizin yanınızdayam". Eyni zamanda birinci vitse-prezident onlara müraciət edərək, "siz mənim qardaşlarımsınız", demişdi. Yəni bu problemlər ölkə başçısının və birinci vitse-prezidentin diqqət mərkəzindədir”.
“Korrupsiya və Qanun”