Paytaxtın bir sıra ərazilərində piyada səkilərinin müxtəlif səbəblərdən zəbt olunması, eləcə də standartlara uyğun olmaması sosial media hesablarında və KİV-lərdə geniş müzakirə olunur.
Bakı Nəqliyyat Agentliyi son açıqlamasında bildirib ki, səkilərin şəhərdə piyada mühitinin yaxşılaşdırılmasının ən vacib elementlərindən olduğunu nəzərə alaraq piyada təhlükəsizliyinin təmin edilməsi, piyadalar üçün uyğun şəraitin yaradılması istiqamətində bir sıra işlər görülür. Bəs, paytaxtda piyadaların təhlükəsiz, fasiləsiz və rahat hərəkətini təmin edilməsi Bakı Şəhər İcra Hakimiyyəti başçısının tabeliyində Bakı Nəqliyyat Agentliyinin strateji məqsədlərindəndir. Bakının piyadayönümlü şəhərə çevrilməsi üçün ardıcıl tədbirlər həyata keçirilir. Dövlət başçısının bu istiqamətdə tapşırıqları əsas götürməklə BNA tərəfindən icra olunan tədbirlər sayəsində səkilərdə və piyada keçidlərində hərəkət təhlükəsizliyi, eləcə də əlçatanlıq səviyyəsi əhəmiyyətli dərəcədə artırılıb. Belə ki, ötən yeddi il ərzində 198 küçədə pandus inşa edilib. Səkilərdə piyadaların rahat və təhlükəsiz hərəkəti, həmçinin qanunsuz parklanma hallarının qarşısının alınması məqsədilə 183 küçədə təhlükəsizlik tumbası quraşdırılıb, 136 küçədə məhəccər qoyulub. Ümumilikdə 72 küçədə səkilər standarta uyğunlaşdırılmaqla 140 kilometr uzunluğunda səkinin davamlılığı təmin edilib. Yol infrastrukturunda əlçatanlığın təmin edilməsi məqsədilə “ideal səki” layihəsi çərçivəsi reallaşdırılıb və bu işlər davam etdirilir.
Bakı Şəhər İcra Hakimiyyəti və “Regional İnkişaf” İctimai Birliyi arasında imzalanmış əməkdaşlıq memorandumu çərçivəsində paytaxt rayonlarında birgə monitorinqlər zamanı da piyadaların hərəkət təhlükəsizliyi diqqətdə saxlanılır. Keçirilən monitorinqlərin nəticələri əsasında 70 piyada keçidi yenilənib, 6 küçədə pandus və məhəccərlər, 2 küçədə isə 14 təhlükəsizlik tumbası bərpa edilib.
Hərçənd, Bakı Şəhər İcra Hakimiyyətinin, Bakı Nəqliyyat Agentliyinin, “Regional İnkişaf” İctimai Birliyinin, eləcə də Baş Dövlət Yol Polisi İdarəsinin nəzərindən qaçan bir səki də var. Di gəl, səki heç də “gözdən-könüldən uzaq” yerdə deyil, paytaxtın abad, geniş, gedişli-gəlişli, necə deyərlər, “göz qabağında olan” Şəfayət Mehdiyev küçəsindədir. Söhbət həmin küçədəki 307 B nömrəli binanın qarşısındakı səkidən gedir. Maraqlıdır ki, səki heç də təsadüfi, həmin həndəvərə qəfil işi düşən, yolüstü dayanmaq məcburiyyətində olan avtomobillər tərəfindən deyil, binanın alt mərtəbəsində fəaliyyət göstərən, giriş hissəsində adı yazılmamış firmaya məxsus avtomobillər tərəfindən zəbt olunub. Əməkdaşımızın həmin ərazidə qeydə aldığı video görüntülərdən məlum olur ki, səkidə “parklanmış” avtomobillərin əksəriyyəti “FİAT” markalı, “Doblo” modelli, dövlət nömrə nişanının iki hərfinin birincisi “J” ilə başlayan kiçik həcmli mikroavtobuslardır. Həmin yük avtomobillərində karton qutularda mal yüklənib-boşaldığı müşahidə olunub. Qəribə burasıdır ki, səkini zəbt edən avtomobillərin sürcülərindən biri piyada statusunda olan əməkdaşımıza “niyə yolun ortası ilə getdiyini” irad tutmağa çalışmışdır. Təbii ki, əməkdaşımız həmin sürücüyə səkinin maşınlara deyil, məhz piyadalara xidmət etdiyini xatırlatmışdır. Amma nə fayda?!
Qeyd edilən ünvanda qeydə aldığımız video-materialı “Korrupsiya və Qanun” qəzetinin “Yutub” səhifəsində paylaşmışıq. Yuxarıda adlarını çəkdiyimiz əlaqədar qurumlar piyadaların məmnunluğunun təmini məsələsində səmimi olsalar, həmin video-görüntülərdən nömrə nişanları aşkar qeydə alınmış avtomobilləri və onların məxsus olduğu firmanın sahibini müəyyənləşdirib tədbir görə bilərlər.
Ətraflı linkdə:https://youtu.be/uOUYnx2ZBxg