“Ötən ay Bakı və Abşerona 749% normadan artıq yağıntı düşüb” - bunu Milli Hidrometeorologiya Xidmətinin rəisi Nazim Mahmudov bildirib. Onun sözlərinə görə, may ayı ərzində bəzi günlərdə hava şəraiti fasilələrlə yağıntılı keçib, dağlıq ərazilərdə sulu qar və qar yağıb. Bəzi ərazilərdə yağıntılar leysan xarakterli, intensiv və güclü olub. Ümumilikdə, bölgələr üzrə 31 gün yağıntılı hava şəraiti müşahidə edilib. Ən çox yağıntı aylıq normanın 749 faizi olmaqla Bakı və Abşeron yarımadasına (Bakı – 148 mm), aylıq normanın 199 faizi olmaqla Balakən–Şəki zonasına (Kişçay-Şəki – 206 mm) və aylıq normanın 265 faizi olmaqla Lənkəran–Astara zonasına (Biləsuvar – 85 mm) düşüb. Yağan qar nəticəsində qar örtüyünün maksimal hündürlüyü mayın 9-da Şahdağda 9 sm qeydə alınıb".
Yaxşı, tutaq ki, Bakıda və Abşeron yarımadasında kanalizasiya xətlərində mühəndis səhlənkarlığı ilə əlaqələndiriləcək heç bir problem yoxdur, küçələri, zirzəmiləri dolsuran su yağıntının miqdarının normnadan artıq olması ilə bağlıdır. Bir sözlə, baş verənlər təbii fəlakət səviyyəsində deyilsə də, təbiətin şıltaqlığıdır. Hərçənd, bu hadisədən maddi ziyan çəkən hüquqi və fiziki şəxslər də az olmadı. Zəbt olunmuş ərazilərdə qanunsuz tikilmiş fərdi evlərə dəyən ziyana görə kompensasiya tələb edən vətəndaşlara imtina cavabı verildi. Daha araşdıran olmadı ki, o qanunsuz evlərin tikilməsinə hansı məmur və nəyin müqabilində göz yummuşdu.
Amma qanuni əldə olunduğu təsbit olunan daşınmaz və daşınar əmlaka dəyən ziyana görə kompensasiya ödənilməlidir. Necə ki, zəlzələyə, torpaq sürüşməsinə görə dağılan, çatlayan evlərin sahiblərinə verilmişdi.
Xırdalan şəhəri Əliağa Vahid küçəsi ev 1, mənzil 49 ünvanda yaşayan Quliyeva Sənubər Zərqam qızı “Korrupsiya və Qanun” qəzeti redaksiyasına yazılı müraciət edərək bildirib ki, sahibi olduğu “Toyota frontlander” markalı minik avtomobili həmin ünvandakı avtomobil duracağı kimi istifadə olunan zirzəmini basan suyun içində qalıb. 17 may 2026-cı il tarixdə avtomobil sahibi Fövqəladə Hallar Nazirliyinə zəng vurub kömək istəyib. Üstündən xeyli vaxt keçməsinə baxmayaraq yalnız iyunun 5-də FHN-dən ona bildirilib ki, bəs müraciəti qeydə alınıb. Amma əlbəttə ki, Sənubər xanım avtomobili özü zirzəmidən çıxartdıraraq təmir emalatxanasına aparıb. Mülkiyyətçinin əlində olan “Hibrid Auto Home” servis müəssisəsinin tərtib etdiyi Qüsur Aktına əsasən 90 NM 996 nömrə nişanlı avtomobilə toplam 17130 (on yeddi min bir yüz otuz) manat məbləğdə ziyan dəyib.
Maraqlıdır, belə hallarda dəymiş maddi ziyanı kim ödəməlidir?
Mövzuya qayıdacağıq.
X.Ə.Quliyeva, baş redaktor