Dövlət Torpaq və Xəritəçəkmə Komitəsi ləğv olunandan sonra qurumun struktur vahidlərində mövcud olan və ətalət qüvvəsi ilə o vaxtadək həlli yubanan əmək mübahisələri ictimaiyyət üçün açıq müstəviyə çıxdı. Bu qəbildən olan çəkişmələr kütləvi informasiya vasitələrinə yol tapmağa başladı. “Korrupsiya və qanun” qəzeti də bu mənada istisna deyildir.
Bakı şəhəri, Xətai rayonu, general Mehmandarov küçəsi, ev 22 A, mənzil 31-də yaşayan, 25 ildir ki, II qrup ömürlük Çernobıl əlili, şəkərli-diabet xəstəsi, Prezident təqaüdçüsü Zeynalov Eldar Əşrəf oğlu qəzetimizə ərizə ilə müraciət etmişdir.
15 sentyabr 2015-ci il tarixli həmin ərizənin tam mətnini təqdim edirik:
Mən, müddətsiz əmək müqaviləsi əsasında uzun müddət (17 il) Dövlət Yerquruluşu və Layihə İnstitutunda işləmişəm. Dövlət Yerquruluşu və Layihə İnstitutunun direktorunun 28 mart 2014-cü il tarixli, 41-K nömrəli əmri ilə mənimlə bağlanmış əmək müqaviləsinə 01 aprel 2014-cü il tarixdən etibarən xitam verilmiş və mən, qanunsuz olaraq tutduğum (mühəndis) vəzifədən azad edilmişəm. İşdən azad edilərkən mənə 2014-cü ilin mart ayı üçün gördüyüm işlərə görə ödəniş edilməmiş, o cümlədən 2014-cü il ərzində əmək məzuniyyətindən istifadə etmədiyim halda, mənə istifadə etmədiyim əmək məzuniyyətinə görə müvafiq kompensasiya ödənilməmişdir. Bununla da, mənə maddi ziyan vurulmaqla yanaşı, həmçinin mənəvi zərər vurulmuşdur.
Dövlət Yerquruluşu və Layihə İnstitutunun qanunsuz əmrindən iddia ərizəsi ilə Yasamal rayon Məhkəməsinə müraciət etmişəm (əmrin ləğv olunması, vurulmuş maddi və mənəvi zərərin ödənilməsi tələbinə dair).
Yasamal rayon Məhkəməsinin (sədrlik edən hakim: Ayaz Məmmədov) 12 iyun 2014-cü il tarixli qətnaməsi ilə iddiam təmin edilməmişdir.
Yasamal rayon Məhkəməsinin qətnaməsindən apellyasiya şikayəti ilə Bakı Apellyasiya Məhkəməsinə müraciət etmişəm.
Bakı Apellyasiya Məhkəməsinin (sədrlik edən hakim: İsmayıl Vəliyev) 17 sentyabr 2014-cü il tarixli qətnaməsi ilə Yasamal rayon Məhkəməsinin 12 iyun 2014-cü il tarixli qətnaməsi dəyişdirilmədən saxlanılmışdır.
Bakı Apellyasiya Məhkəməsinin 17 sentyabr 2014-cü il tarixli qətnaməsindən kassasiya şikayəti verərək Bakı Apellyasiya Məhkəməsinin 17 sentyabr 2014-cü il tarixli qətnaməsinin ləğv edilməsini xahiş etmişəm.
Lakin Azərbaycan Respublikasının Ali Məhkəməsi (sədrlik edən hakim: Əhməd Əhmədov) qanunsuz çıxarılmış apellyasiya instansiyası məhkəməsinin qətnaməsinin dəyişdirilmədən saxlanılması barədə qərar qəbul etmişdir.
Qeyd etmək istəyirəm ki, Dövlət Yerquruluşu və Layihə İnstitutu dövlət büdcəsindən maliyyələşən müəssisə olmadığından mənimlə bağlanmış əmək müqaviləsinə müəyyən edilmiş yaş həddinə (65 yaş) çatmağımla əlaqədar xitam verilməsinin yolverilməz olduğunu məhkəmələrin diqqətinə çatdırsam da, bu hal məhkəmələr tərəfindən nəzərə alınmamışdır. Məhkəmə instansiyaları Dövlət Yerquruluşu və Layihə İnstitutunun qanunsuz əmrini ləğv etmək əvəzinə, əksinə həmin əmri təsdiq etmişlər.
İşə Ali Məhkəmədə, 15 may 2015-ci il tarixdə baxılan zaman mənim və vəkilimin çıxışından sonra məhkəmənin hakimi (sədrlik edən) Əhməd Əhmədov qərar çıxarmaq üçün müşavirə otağına getdi. Hakim müşavirədən qayıtdıqdan sonra qərar elan etmək əvəzinə mənə və vəkilimə bildirdi ki, bizim kassasiya şikayətimizin əsas dəlili Dövlət Yerquruluşu və Layihə İnstitutunun təsərrüfat hesablı, yəni dövlət büdcəsindən maliyyələşməyən müəssisə olması ilə əlaqədar mənim işdən çıxarılmağımın qanunsuz hesab edilməsidir. Lakin bunu təsdiq etmək üçün Dövlət Yerquruluşu və Layihə İnstitutu ilə bağlı iş materiallarında hər hansı sənəd (institutun nizamnaməsi və ya əsasnaməsi) yoxdur. Hakim həmin sənədin məhkəməyə təqdim olunmasını vəkilimdən tələb etdi (halbuki, Ali Məhkəmədə işə baxılarkən Ali Məhkəmənin hakiminin hər hansı sənəd tələb etməsi yolverilməzdir. İnstitutun nizamnaməsi aşağı instansiya məhkəmələrində işə baxılarkən tələb edilməli idi) və işin baxılmasını 29 may 2015-ci il tarixə təxirə saldı. Halbuki, hakim institutun təsərrüfat hesablı müəssisə olmasına dair təqdim etmək istədiyim müvafiq sənədləri məndən qəbul etmədi. Baxmayaraq ki, bu sənədlər də iş materiallarında yox idi.
29 may 2015-ci il tarixinədək vəkilim tərəfindən Dövlət Yerquruluşu və Layihə İnstitutunun nizamnaməsinin əldə olunması üçün Azərbaycan Respublikasının Vergilər Nazirliyinə və Torpaq və Xəritəçəkmə Komitəsinə müraciət olundu.
Torpaq və Xəritəçəkmə Komitəsi tərəfindən nizamnamə verilməsə də, nizamnamənin təsdiq edilmiş surəti Azərbaycan Respublikasının Vergilər Nazirliyindən əldə edildi.
Dövlət Yerquruluşu və Layihə İnstitutunun nizamnaməsində qeyd olunur ki, institut təsərrüfat hesablı müəssisədir, dövlət büdcəsindən maliyyələşmir, yalnız hüquqi və fiziki şəxslərin sifarişlərindən əldə edilən şəxsi vəsait hesabına maliyyələşir. Bu qeydlər barəsində kassasiya şikayəti verdiyim Bakı Apellyasiya Məhkəməsinin 17 sentyabr 2014-cü il tarixli qətnaməsinin ləğv edilməsi üçün tam mötəbər sübut idi.
Beləliklə, institutun nizamnaməsi Ali Məhkəmənin 29 may 2015-ci il tarixli iclasında hakim Əhməd Əhmədova təqdim olundu və vəkilim öz çıxışında nizamnamənin müvafiq bəndlərinə istinad etməklə, bir daha bütün məsələləri məhkəmə kollegiyasının diqqətinə çatdırdı. Lakin hakim Əhməd Əhmədov Dövlət Yerquruluşu və Layihə İnstitutunun nizamnaməsinə baxmadan, sənədə əhəmiyyət vermədən, heç bir araşdırma aparmadan müşavirə otağına getdi. Müşavirə otağından qayıtdıqdan sonra hakim Əhməd Əhmədov kassasiya şikayətimin təmin olunmadığını, apellyasiya instansiya məhkəməsinin qətnaməsinin dəyişdirilmədən saxlanıldığını elan etdi.
Beləliklə, yuxarıda qeyd etdiyim hallardan görünür ki, məhkəmədə iddia tələbim üzrə işə baxan bütün hakimlər, xüsusən Ali Məhkəmənin hakimi Əhməd Əhmədov qanunvericiliyi tapdalamaqla, qərəzli şəkildə və özbaşınalığa yol verərək əmək hüquqlarımın pozulması ilə nəticələnən qərarlar qəbul etdilər. Halbuki tərəfimdən tam sübuta yetirildi ki, Dövlət Yerquruluşu və Layihə İnstitutu dövlət büdcəsindən maliyyələşən müəssisə deyil, təsərrüfat hesablı müəssisədir. Buna görə də Dövlət Yerquruluşu və Layihə İnstitutunun Azərbaycan Respublikası Əmək Məcəlləsinin 70-ci maddəsinin “e” bəndinə istinad edərək mənimlə bağlanmış əmək müqaviləsinə xitam verməsi tam qanunsuz olmuşdur.
Yuxarıda göstərilənləri nəzərə alaraq, məhkəmə hakimlərinin, xüsusilə hakim Əhməd Əhmədovun əmək hüquqlarımın kobud surətdə pozulmasına dair qərar qəbul etməsini, bununla da məhkəmələrə inam və etibarımın olmadığını nəzərə alaraq, mənim əmək hüquqlarımın bərpa olunmasında köməklik göstərməyinizi Sizdən xahiş edirəm.
Belə hakimlərin çıxardığı ədalətsiz, qanunsuz, qərəzli qərarlardan dövlətimiz külli miqdarda ziyan çəkir, vətəndaşlar Avropa İnsan Hüquqları Məhkəməsinə müraciət etmək məcburiyyətində qalır.
"Korrupsiya və Qanun"