Azərbaycan İdeyası

"SƏNİN BOYUN BALACADIR" DEYİB BOŞANDIĞI ƏRİN VALİDEYNLƏRİNİN EVİNİ ƏLLƏRİNDƏN ALAN GƏLİN

Tarix:17-01-2017, 15:34
Baxış Sayı:301


Sabunçu rayonunun Sabunçu qəsəbəsinin Yefim Saratov küçəsi ev-22 ünvanda yaşayan Əsgərov Allahverdi Hüsynqulu oğlu və onun həyat yoldaşı ev sahibi Əsgərova Asya İmamqulu qızı redaksiyamıza ərizə ilə müraciət edərək, onların mənzil hüquqlarını pozan, döyüb-söyərək evlərindən qovan keçmiş qohumlarından və ikincilərə qeyri-qanuni dəstək verən hüquq-mühafizə işçilərindən şikayətlənmişlər.
Şikayətçilərin - Əsgərovların oğlu Əsgərov Elsevər Allahverdi oğlu 08 fevral 2003-cü il tarixdə Əsgərova (qızlıq soyadı Binnətova) Şəhla Əmirxan qızı ilə rəsmi nikah qeydiyyatından keçməklə ailə qurmuş, birgə nikahlarından 31 oktyabr 2003-cü il tarixdə Vəfa adlı qız uşaqları doğulmuşdur. Suraxanı rayon Məhkəməsinin 23 sentyabr 2014-cü il tarixli qətnaməsi ilə tərəflər arasındakı nikah qarşılıqlı razılaşma əsasında pozulmuş və məhkəmə qərarı əsasında Elsevər hər ay 105 manat aliment ödəməli olmuşdur. Əsgərovlar bildirirlər ki, Şəhla və valideynləri onun əsəb xəstəsi olduğunu onlardan gizlətmişlər və elə əsəbiliyi səbəbindən əri ilə yola getmirmiş, "sənin boyun balacadır, bilmirəm gözüm kor idi, yoxsa nə səbəbdənsə bunu görməmişəm, səni heç vaxt sevməmişəm" deyib mübahisə edirmiş. 2009-cu ilin mayında valideynləri müalicə etdirmək vədi ilə Şəhlanı öz evlərinə aparıblar və bir daha qaytarmayıblar. 5 il ərzində Əsgərovlar gəlini geri qaytarmaq üçün xeyli cəhdlər etsələr də, qız evi yola gəlməyib. Boşanandan sonra keçmiş qohumlar arasında Əsgərovların 1999-cu ildə Sabunçu qəsəbəsində 1 sot yerin içində tikdirmiş olduqları bir otaqlı evin üstündə mübahisə yaranmışdır. Binnətovlar və qohumları Əsgərovları təhdid etməyə başlamış və evə olan iddialarını əsaslandırmaq üçün tanışları Zeynalov Nadir Şurya oğlunu və digərlərini təlimatlandıraraq razılaşdırılmış qanunsuz hərəkətlər etməyə sövq etdirmişlər.
Əsgərova Şəhla Əmirxan qızı keçmiş əri Əsgərova Elsevər Allahverdi oğluna qarşı yaşayış sahəsinə köçürülmə tələbinə dair Bakı şəhəri Sabunçu rayon Məhkəməsinə müraciət edərək, onun Bakı şəhəri Sabunçu qəsəbəsi Y. Saratov küçəsi 22 saylı yaşayış sahəsinə köçürülməsi barədə qətnamə çıxarılmasını xahiş etmişdir. Sabunçu məhkəməsinin 05 noyabr 2014-cü il tarixli qətnaməsi ilə iddianın təmin edilməklə, Şəhlanın qızı Vəfa ilə birlikdə mübahisəli evə köçürülməsi qət edilmişdir. Həmin qətnamədən narazı qalan Elsevər Əsgərov apellyasiya şikayəti vermişdir. Bakı Apellyasiya Məhkəməsinin 16 fevral 2015-ci il tarixli Qətnaməsi ilə Elsevərin apellyasiya şikayəti təmin edilməmiş, Sabunçu məhkəməsinin 05 noyabr 2014-cü il tarixli Qətnaməsi dəyişdirilmədən saxlanılmışdır. Hər iki instansiya məhkəmələrinin qətnamələrinin maddi və prosessual hüquq normalarının pozulması ilə çıxarıldığı, işə baxılarkən sübutlara obyektiv qiymət verilmədiyi qənaətində olan Elsevər Əsgərov Azərbaycan Respublikası Ali Məhkəməsinin Mülki Kollegiyasına Kassasiya Şikayəti vermişdir. Şikayətinə dəlil kimi göstərmişdir ki, birinci instansiya məhkəməsində yuxarıda adı çəkilən Nadir Zeynalov və digər şahidlər Şəhla Əmirxan qızının lehinə yalan ifadələr vermişlər. Guya Nadir 1997-2003-cü illərdə Sabunçu qəsəbəsi üzrə icra nümayəndəsi vəzifəsində işləmiş və şahid olmuşdur ki, mübahisəli torpaq sahəsini Şəhlanın əmisi ona bağışlamış, üstündəki fərdi yaşayış evini isə Şəhlanın atası Əmirxan öz vəsaiti hesabına 2005-ci ildə tikdirmişdir. İfadələrə görə həmin ev inşa edildikdən sonra Şəhla və Elsevər orada ər-arvad kimi yaşamış və birgə təsərrüfat aparmışlar.
Elsevər Əsgərov Sabunçu İcra Hakimiyyətinə Zeynalov Nadir Şurya oğlunun RİH-nin strukturunda nə vaxtsa işləyib-işləməməsi barədə sorğu göndərmiş, neqativ cavab almışdır. İH-nin cavab məktubunu Bakı Apellyasiya Məhkəməsinə təqdim etsə də, buna heç bir reaksiya verilməmişdir. Bundan başqa, iddiaçı Şəhla Əmirxan qızı özü də məhkəmədə yalan ifadə verərək, yaşamağa yerinin olmadığını demiş, atası Əmirxan Binnətovun elə həmin küçədə 4 evinin, 11 kirayənişinin olduğunu gizlətmişdir. Əsgərovlar bu qənaətdədirlər ki, məhkəmə dindirdiyi şahidlərin yalan ifadə verdiyini, qabaqcadan sözləşdiklərini ifşa etmək üçün gərəkən tədbirləri görməyib. Hətta Elsevərin lehinə söz deyəcək başqa şahidlərin gətirildiyi günə təyin olunmuş məhkəmə iclası qəsdən təxirə salınıb. Növbəti iclasda isə Elsevərin gətirdiyi şahidlərin bir qismi dindirilməmiş, dindirilənlərin isə ifadələri protokola salınmamış, məhkəmə qətnaməsində əksini tapmamışdır.
Bir məqama da xüsusi diqqət yetirməyə dəyər ki, mübahisə predmeti olan ev Şəhlanın keçmiş əri Elsevərə deyil, onun anası Əsgərova Asya İmamqulu qızına məxsusdur. Elsevərgil tərəfindən məhkəməyə təqdim olunmuş Sabunçu qəsəbə bələdiyyəsinin ödəyicisinin qəbzlərindən də məlum olur ki, torpaq və əmlak vergisini, həmçinin digər kommunal xidmətlərin (işıq, qaz, su, zibil daşınması) haqqını da məhz Əsgərova Asya İmamqulu qızı ödəmişdir. Bu nöqteyi-nəzərdən, həmin mənzil hətta heç mübahisələndirilə də bilməzmiş, nə Elsevərin, nə də Şəhlanın həmin o sənədsiz, özbaşına tikilmiş evə hüququ olmamışdır. Şəhla əslində Əsgərovların Gəncədəki evlərinə gəlin köçübmüş. 2004-cü ildə Bakıya gəlib bir müddət Şəhlanın atsıgildə, sonra da kirayədə yaşayıblar.
Elsevərin valideynlərinin hər ikisi infarkt xəstəsi olduğundan ədalətsiz məhkəmə qərarları və həmin qərarların icrası adı ilə törədilən əməllər onların səhhət durumunu daha da ağırlaşdırmışdır. Faktiki olaraq məhz onların Konstitusiya ilə müdafiə olunmalı olan mənzil hüquqları pozulmuşdur. Yaşadıqları ünvanı məlum birotaqlı evə 14.06.2014-cü, 22.05.2015-ci, 22.11.2015-ci il tarixlərdə özlərinin dediklərinə görə Binnətovlar və onları müşayiət edən mülki geyimli polis işçiləri tərəfindən basqınlar olmuş, ağsaqqal və ağbirçək ev sahiblərinə zor tətbiqi ilə müxtəlif dərəcəli xəsarətlər yetirilərək keçmiş gəlinin onların yanına köçürülməsi təmin edilmişdir. Əsgərovların öz başlarına gələn bu müsibətlər, məruz qaldıqları mənəvi terror barədə hüquq-mühafizə orqanlarına 2014-2016-cı illər ərzində yazdıqları 200-dən çox şikayətnamələrə əhəmiyyət verilməmişdir. Ən "yaxşı" halda onlara guya müraciətlərinin Sabunçu RPİ-nin 12-ci bölməsində araşdırıldığı və guya ərizələrinin cinayət və inzibati xarakterli olmadığının müəyyən edildiyi barədə yayındırıcı, həqiqəti əks etdirməyən, qaneedici sayılmayan cavablar verilmişdir.
Qeyd edək ki, Allahverdi Əsgərov 1938-ci, həyat yoldaşı "Qəhrəman Ana", 1948-53-cü illərin deportasiya köçkünü Asya xanım isə 1937-ci il təvəllüdlüdürlər. Allahverdi müəllimin 50 il pedaqoji stajı var. Əmək veteranı, şair-publisist, bir neçə kitabın, yüzlərlə məqalənin müəllifidir. Hər ikisi dərmanların hesabına yaşayırlar. Amma buna yaşamaq demək olarmı?
Mövzuya qayıdacağıq.

OXŞAR XƏBƏRLƏR
Kim kimə borc vermək istəsə, Fəqan Şabanovla məsləhətləşsin Yüksək vəzifəli icra məmuru: “Malı verəndə bizə demişdin ki, indi də bizdən istəyirsən?”+VİDEO!
Kim kimə borc vermək istəsə, Fəqan Şabanovla məsləhətləşsin Yüksək vəzifəli icra məmuru: “Malı verəndə bizə demişdin ki, indi də bizdən istəyirsən?”+VİDEO!
Boşanmış ər keçmiş arvadı ilə bölünməli olan əmlakı öz anasına necə bağışlayıb?
Boşanmış ər keçmiş arvadı ilə bölünməli olan əmlakı öz anasına necə bağışlayıb?
Azərbaycanda ər arvadını bıçaqlayıb qaçdı
Azərbaycanda ər arvadını bıçaqlayıb qaçdı
Dollar bahalaşıb? - RƏSMİ MƏZƏNNƏ
Dollar bahalaşıb? - RƏSMİ MƏZƏNNƏ
Azərbaycanda Milli Dirçəliş Günü qeyd edilir
Azərbaycanda Milli Dirçəliş Günü qeyd edilir
1) 2021-2023-cü illərdə Saatlı rayonunda “İdmanın əsas göstəriciləri haqqında” məlumat
1) 2021-2023-cü illərdə Saatlı rayonunda “İdmanın əsas göstəriciləri haqqında” məlumat
Bakının bu ərazisində qaz olmayacaq
Bakının bu ərazisində qaz olmayacaq
Dubay şokoladı ilə bağlı şok İDDİA: "Xərçəng etmək üçün..."
Dubay şokoladı ilə bağlı şok İDDİA: "Xərçəng etmək üçün..."