Azərbaycan İdeyası

ASTARALI ŞƏHİD AİLƏLƏRİNİN "QAN PULU" VƏ "QƏZƏNFƏR AĞAYEV" PROBLEMLƏRİ

Tarix:24-04-2018, 13:28
Baxış Sayı:415

Şəhid ailələri, Qarabağ əlilləri neçə müddətdir ki, müxtəlif dövlət orqanlarına, deputatlara müraciət edərək qanunla onlara çatacaq sığorta pullarını almaları üçün köməklik göstərmələrini xahiş edirlər. Bu insanlar məhkəmələrə müraciət edərək öz haqlarını tələb ediblər. Hətta Azərbaycan Respublikası Konstitusiya Məhkəməsinə qədər gedib çıxıblar. Və Konstitusiya Məhkəməsi də bu pulun Şəhid ailələrinə, Qarabağ əlillərinə ödənilməsi üçün qərar qəbul edib. Amma məsələ hələ də həll olunmamış qalıb.
Astara rayonundan olan bir qrup vətəndaş redaksiyamıza müraciət etmişlər. Həmin şəxslər - Kərimov Məmməd Mirzəhəsən oğlu, İsmayılov Yəhya Qəni oğlu, Əhmədov İsi Rəzzaq oğlu, Əliyev Raziyar Mahmud oğlu Camalov Feyruz Ağadədə oğlu, İsmayılov və digərləri cəmiyyətin həssas, imtiyazlı kateqoriyasına mənsub adamlardır. Bildirirlər ki, Astara rayonu 1990-cı illərdən ta ki 2016-cı ilin aprel döyüşlərinədək 83 nəfər şəhid verib, amma onların ailələri indiyədək "qan pulu"nu ala bilməyiblər, 11000 manat təşkil edən həmin kompensasiya haqda onlara məlumat belə verən yoxdur: "Aldığımız aylıq təqaüdlə dolana bilmirik. Qaz, işıq pulunu ödəməyə yetmir. Hələ dərman pulu da var. Hamımız xəstə, yaşlı insanlarıq, ömrümüzün bitməsinə az qalıb. Bəs nə vaxt verəcəklər?"
Azərbaycan Respublikası Dövlət Sığorta Kommersiya Şirkəti isə neçə ildir ki, onlara nöqtəsinə, vergülünə kimi eyni olan bu cavabı verir:
"Ərizənizə cavab olaraq bildiririk ki, "Hərbi qulluqçuların dövlt icbari şəxsi sığortası haqqında" Azərbaycan Respublikası Qanununun bəzi müddəalarının şərh olunmasına dair 28 yanvar 2014-cü il tarixli Azərbaycan Respublikası Konstitusiya Məhkəməsi Plenumunun Qərarına əsasən "Hərbi qulluqçuların dövlət icbari şəxsi sığortası haqqında" 20 may 1997-ci il tarixli Qanu qüvvəyə minənədək həlak olmuş, itkin düşmüş, xəsarət almış, lakin hal-hazıra qədər sığorta məbləğini almamış hərbi qulluqçulara, həmin məbləğin ödənlməsi qaydasının və şərtlərinin qısa müddətə müəyyən edilməsi Azərbaycan Respublikasının Milli Məclisinə tövsiyə edilmişdir. Ona görə də bu məsələyə Azərbaycan respublikası Milli Məclisi tərəfindən müvafiq normativ hüquqi akt qəbul edildikdən sonra baxılacaqdır".
Milli Məclisin iqtisadi qanunvericilik şöbəsindən, Maliyyə Bazarlarına Nəzarət Palatasından verilən cavablar da təxminən eyni məzmunludur.
Xatırladaq ki, indiyədək bir sıra millət vəkilləri Şəhid ailələri, Qarabağ əlillərinin “qan pulu” məsələsini qaldırıb. Amma hələ də bu vəsaiti ödəyəcək rəsmi dövlət qurumlarından cavab yoxdur. Bu problemi daim qaldıran təşkilatlardan biri “Qarabağ qaziləri” birliyinin sədri E. Əsədov demişdir: “Necə olur ki, gəbərib cəhənnəmə vasil olmuş işğalçı erməni əsgərlərinin ailələrinə hökumətləri 20 min dollara yaxın, əlillərinə isə 16 min dollar civarında vəsait verir, ancaq onlardan qat-qat güclü olan Azərbaycanımızda isə bu illərdir ödənilmir. Necə ola bilər ki, sənə verilən həyatı gedib Vətən, xalq yolunda qurban verəsən, ancaq dövlət sığorta pulunu ailəsinə verməyə? Axı onların tabutları ən müqəddəs varlığa, dövlət atributlarından ən yüksəyi olan bayrağa bükülərək son mənzilə götürülür! Axı elə həmin o müqəddəs bayrağı dövlət rəsmiləri öpüb gözünün üstünə qoyaraq şəhidin valideyninə, ailə üzvünə təqdim edirlər! Başımızın tacı olan şəhidlərimizin ailəsinə qarşı hörmətsizlikdir bu! Bu Azərbaycanımız adına, millətimiz adına yaxşı hal deyil! Belə olmaz axı! Artıq yüzlərlə Qarabağ müharibəsi əlili, Şəhid valideyni, xanımı dünyasını dəyişib. Onlar həmin vəsaitləri ala bilmədilər! İndi həmin insanların övladları böyüyür, onların qarşıda təhsili, ailə qurmağı var. Bu vəsait onların xeyir işində yardımçı ola bilər. Hazırda həmin ailələrin buna çox böyük ehtiyacı var".
Yeni Azərbaycan Partiyası (YAP) icra katibinin müavini, deputat Siyavuş Novruzov qaldırılan problemin həlli üçün praktik addım atmağa çağırıb:
“Bu məsələ müntəzəm qaldırılır, söz-söhbət get-gedə böyüyür, ancaq problem həll olunmur. Əgər bu "qan pulu" deyilən vəsaitlər verilməlidirsə, mən konkret təklif irəli sürürəm ki, bu ödənişlər üçün hər il dövlət büdcəsinə 10 milyon manat ayrılsın. Beləliklə də, bu problem bir neçə ilə arada verilsin, verilməli deyilsə, verilməsin. Bununla bağlı qanunvericilikdə dəyişikliklər etmək lazımdırsa, zəhmət çəkək, edək".
Astaralı şəhid ailələri yazırlar ki, rayon rəhbərliyi onların sosial rifahının yaxşılaşması, övladlarının məşğulluğunun təmini üçün heç bir əməli iş görmür, lazımi diqqət və qayğı göstərmir. Kollektiv müraciətə imza atmış sıradan birinci şəhid atası - Ərkivan qəsəbə sakini Məmməd Kərimov oğlunu Çocuq Mərcanlı uğrunda gedən döyüşlərdə itirib. Digər oğlu Nadir Kərimov ixtisasca gömrükçüdür, 1995-ci ilin məzunudur. İş tapa bilmir.
Mirzəyev Hidayət Həsən oğlunun övladı 1993-cü ildə Cəbrayıl rayonunda şəhid olub. 80 yaşlı ağsaqqalın sözlərinə görə, iki dəfə Astara rayon İcra Hakimiyyətinin başçısı Qəzənfər Ağayevə teleqram vurub, başçı onu qəbul etməyib, rədd cavabı verib.
Rayon rəhbərliyinin, eləcə də ayrı-ayrı məmurların şəhid ailələrinə ögey münaqsibətini əks etdirən şikayətnamələrdə göstərilən bu və digər məsələlərlə əlaqədar araşdırma aparmaq məqsədilə Astara rayonuna ezamiyyətə yollanan əməkdaşlarımızı isə Rayon İcra Hakimiyyətində qəbul etməyiblər. Onları müşayiət edən şəhid valideynlərini də qapıdan qovublar. RİH-nin ictimai təşkilatlar və siyasi partiyalarla iş şöbəsinin müdiri jurnalistlərə bildirib ki, onların ezamiyyə vərəqəsində müvafiq qeydlərin aparılması üçün guya redaksiyanın hansısa arayışı təqdim olunmalıdır. Əməkdaşlarımız indiyədək belə bir tələblə üzləşmədiklərindən, şöbə müdirindən istədiyi arayışın heç olmasa bir nümunəsini göstərməsini xahiş ediblər. O isə cavabında: "arayış bizdə qalmır" - deməklə kifayətlənib.
Aşkar görünür ki, Astara RİH-nin mənsubu rayondakı ciddi problemləri araşdırmaqla məşğul olacaq jurnalistlərin gəlişindən məmnun olmayıb. O üzdən səfərlərinə bürokratik əngəl yaratmağa çalışıb. Bununla da "Kütləvi informasiya vasitələri haqqında" Azərbaycan Respublikası Qanununa hörmətsiz yanaşıb. Görünür, RİH mənsublarının icra başçısından aldıqları göstəriş belədir.




OXŞAR XƏBƏRLƏR
The New York Times Naftalandan elə şeylər yazdı ki! TƏFSİLAT
The New York Times Naftalandan elə şeylər yazdı ki! TƏFSİLAT
Kim kimə borc vermək istəsə, Fəqan Şabanovla məsləhətləşsin Yüksək vəzifəli icra məmuru: “Malı verəndə bizə demişdin ki, indi də bizdən istəyirsən?”+VİDEO!
Kim kimə borc vermək istəsə, Fəqan Şabanovla məsləhətləşsin Yüksək vəzifəli icra məmuru: “Malı verəndə bizə demişdin ki, indi də bizdən istəyirsən?”+VİDEO!
Boşanmış ər keçmiş arvadı ilə bölünməli olan əmlakı öz anasına necə bağışlayıb?
Boşanmış ər keçmiş arvadı ilə bölünməli olan əmlakı öz anasına necə bağışlayıb?
Azərbaycanda ər arvadını bıçaqlayıb qaçdı
Azərbaycanda ər arvadını bıçaqlayıb qaçdı
Dollar bahalaşıb? - RƏSMİ MƏZƏNNƏ
Dollar bahalaşıb? - RƏSMİ MƏZƏNNƏ
Azərbaycanda Milli Dirçəliş Günü qeyd edilir
Azərbaycanda Milli Dirçəliş Günü qeyd edilir
1) 2021-2023-cü illərdə Saatlı rayonunda “İdmanın əsas göstəriciləri haqqında” məlumat
1) 2021-2023-cü illərdə Saatlı rayonunda “İdmanın əsas göstəriciləri haqqında” məlumat
Bakının bu ərazisində qaz olmayacaq
Bakının bu ərazisində qaz olmayacaq