Bir müddətdir ki, ölkədə ipoteka kreditləri ilə bağlı yeni müzakirə başlanıb.
Son olaraq maliyyə naziri Samir Şərifov deyib ki, bu il ipotekanın genişləndirilməsi məqsədləri üçün ayrılması nəzərdə tutulan əlavə vəsaitin yeni yaradılmış səhmdar cəmiyyət, yəni "Azərbaycan İpoteka Fondu" ASC vasitəsi ilə əhaliyə səmərəli çatdırılması istiqamətində işlər aparılacaq. Nazir "Azərbaycan İpoteka Fondu" ASC-nin yaradılmasını bu sahədə aparılan islahatların növbəti addımı kimi qiymətləndirib:
"İpoteka Fondu ilə bağlı birincisi düzəlişin edilməsi ilk növbədə onunla bağlı idi ki, vaxtilə İpoteka Fondu Mərkəzi Bankın nəzdində yaradılmış bir qurum kimi fəaliyyət göstərirdi. Lakin o zaman Azərbaycan prezidentinin verdiyi fərmanda da nəzərdə tutulmuşdu ki, İpoteka Fondu Mərkəzi Bankın nəzdində müvəqqəti fəaliyyət göstərəcək. Yəni, bu bir keçid dövrü üçün nəzərdə tutulan bir addım idi. Bundan sonra isə qurumun səhmdar cəmiyyətə çevrilməsi nəzərdə tutulurdu və artıq bu proses son fərmanla reallaşır. Eyni zamanda, bildiyiniz kimi, ölkə başçısı tərəfindən Nazirlər Kabinetinə və Mərkəzi Banka verilən tapşırığa görə, bu il ipotekanın genişləndirilməsi məqsədləri üçün əlavə vəsait ayrılması nəzərdə tutulub. Hesab edirəm ki, artıq vəsaitlər ayrılandan sonra "Azərbaycan İpoteka Fondu" ASC vasitəsi ilə bunun əhaliyə səmərəli çatdırılması istiqamətində işlər aparılacaq".
İpoteka kreditləri üzrə faizlərin aşağı salınmasını istisna etməyən nazir deyib ki, hazırda bu məsələ araşdırılır: "Şübhəsiz, çalışacağıq ki, faizlər əhalinin alıcılıq qabiliyyətinə cavab versin, uyğun olsun. Digər tərəfdən, biz bazarda yaranmış vəziyyəti də nəzərə almalıyıq. Yəni, bunlar arasında müəyyən bir kompromis tapılmalıdır. Hesab edirəm ki, münasib faiz dərəcələri tapılacaq". Onun sözlərinə görə, ipoteka bazarında baş verən hadisələr daim diqqətdə saxlanılacaq və mənzillərin qiymətinin süni şəkildə artırılmasına imkan verilməyəcək:
"Biz bir tərəfdən çalışacağıq ki, bazarda faiz dərəcələri yüksək olmasın, digər tərəfdən biz bazarda cərəyan edən hadisələri nəzərdən keçirməliyik və elə etməliyik ki, faiz dərəcələri aşağı olmaqla, eyni zamanda mənzillərin qiymətləri artmasın. Bunların arasında orta bir variant seçməliyik. Ona görə həmin səhmdar cəmiyyət yaradılıb ki, o, bazarda baş verən proseslərə çevik reaksiya versin, prosesləri çevik tənzimləyə bilsin".
Nazir qeyd edib ki, ipoteka kreditlərinin məbləğinin artırılması istiqamətində də addımların atılması planlaşdırılır. Onun sözlərinə görə, hazırda ölkədə tətbiq olunan ipoteka modeli saxlanılacaq və bu modelin inkişafı istiqamətində tədbirlər davam etdiriləcək. Bununla belə, S.Şərifov deyib ki, ipoteka sahəsində maliyyələşmə mexanizminə dair bəzi düzəlişlər ola bilər. Qurum rəhbəri vurğulayıb ki, ipoteka kreditlərində ilkin ödənişin azaldılması məsələsinə də baxılacaq və münasib variant tapılacaq.
Ekspertlər ipoteka kreditləri ilə bağlı vəd edilən yenilikləri müxtəlif cür qiymətləndirirlər. Ekspert Samir Əliyevin sözlərinə görə, əslində İpoteka Fondunun səhmdar cəmiyyətə çevrilməsi müsbət addımdır: "Bu, artıq imkan verəcək ki, fond müstəqil fəaliyyət göstərsin. Bu, həm də fondun məsuliyyətini artıracaq. Bu məsuliyyət sabah müəyyən çətinliklər də yarada bilər. Məsələn, İpoteka Fonda dövlət büdcəsindən pul ayrılırdı. Həmçinin yenidən maliyyələşmə vardı, ödənilən pullar yenidən kreditləşməyə yönəlirdi. Həmçinin fondun maliyyə mənbələrindən biri qiymətli kağızlar idi. Fond bu kağızları bazarda 3 fazidən satırdı və vəsait cəlb edirdi. İndi fondun Mərkəzi Bankın nəzdindən çıxarılması bir qədər o qiymətli kağızların, iqtiqrazların satışında problem yarada bilər. Çünki 2-3 faizlə heç bir bank bunu götürməkdə maraqlı deyil. Bankın pulu varsa, kredit şəklində 15-20 faizlə verər, daha çox pul qazanar".
Ekspertin sözlərinə görə, ilk növbədə ilkin ödəniş azaldılmalıdır: "İlkin ödəniş məsələsinıə baxılmalıdır. Bizdə kifayət qədər yüksək faizdir, 20 faizdir və insanların əziyyət çəkdiyi problem məhz budur. İlkin ödəniş yaxşı olardı ki, 10 faizə qədər azaldılsın. Həmçinin dövlət başçısının 2005-ci ildə sərəncamı var idi və həmin sərəncama görə, Zəmanət Fondu yaradılmalı idi. İpoteka fondu nəzdində yaradılan bu qurum ilkin ödəniş problemini həll etməli idi. Yəni Zəmanət Fondu 20 faiz zəmanət verir və vətəndaşın ev alması asanlaşır. Bu məsələ öz həllini tapmalıdır. İkinci əsas məsələ ipoteka məbləğinin artırılmasıdır. Məbləğin iki dəfəyə qədər artırılması normal haldır. Üçüncü addım faizlərdir. Adi ipoteka minimal 8 faizdir. Sosial ipoteka 4 faizdir. Düşünürəm ki, adi ipoteka 4 faizə endirilsin. Bu üç əsas addımlar vacibdir. Eyni zamanda, yeni tikililərdən də ipoteka ilə mənzil almağın mümkünlüyü vəziyyəti bir qədər asanlaşdıra bilər. Eyni zamanda, digər alətlərdən istifadə etmək lazımdır. Təkcə fond vasitəsi ilə kreditləşmə aparmaq kifayət etmir. Tikinti-əmanət bankların yaradılması da bir istiqamətdir. Həmçinin hökumət sosial evlər tikməlidir".
Qeyd edək ki, bir neçə gün əvvəl dövlət başçısı İlham Əliyev "Azərbaycan İpoteka Fondu" ASC-nin yaradılması haqqında fərman imzalayıb. Fərmanda bildirilir ki, ASC sosial qayğıya ehtiyacı olan əhali qruplarının mənzil təminatının yaxşılaşdırılması ilə bağlı işləri sürətləndirmək və bu sahədə şəffaflığı təmin etmək məqsədi ilə yaradılır. Bu ASC Mərkəzi Bankın nəzdində Azərbaycan İpoteka Fondunun hüquqi varisidir və onun bütün hüquq və öhdəlikləri, habelə əmlakı Cəmiyyətə keçir.
Yeri gəlmişkən, bu ilin sentyabrında Mərkəzi Bankın İdarə Heyətinin sədri Elman Rüstəmov bildirib ki, yaxın günlərdə hökumətə təqdim olunacaq sənəddə sosial ipoteka şərtlərinin yüngülləşdirilməsi, faiz dərəcələrinin aşağı salınması və ilkin ödəniş şərtlərinin asanlaşdırılmasınəzərdə tutulur. Sənəddə beynəlxalq təcrübəyə, o cümlədən Türkiyə və Qazaxıstanın təcrübəsinə uyğun olaraq, dövlət və özəl sektorun tərəfdaşlığı əsasında dövlətin "azxərcli" mənzil tikintisini genişləndirilməsi və sosial ipoteka ilə əlaqələndirilməsi təklif edilir.