Bələdiyyə sədri Qarabağ döyüşçüsünü başına "itin oyunu"nu açdıracağı ilə hədələyib?
"Mən 1993-1997-ci illərdə Qarabağ döyüşlərində iştirak etmişəm. Bu torpaq uğrunda canımı qoymuşam. Hal-hazırda gələcəyin iki əsgərini böyüdürəm. Lakin vətənpərvər bir ailə rüşvətə qurban gedir, uğrunda canını qoyduğu torpaq ona rüşvət müqabilində satılır". Bu sözlər Neftçala rayonunun Xəzər kənd sakini Hüseynov Rövşən Simon oğlunun əslini Baş Prokurorluq yanında Korrupsiyaya qarşı mübarizə İdarəsinə, surətini redaksiyamıza göndərdiyi şikayət ərizəsinin giriş hissəsində yer almışdır.
R.Hüseynov Neftçala rayon Xəzər Bələdiyyəsinin sədri Sultanov Loğman Zakir oğlundan şikayətlidir. Yazır ki, həyətyanı torpaq sahəsi almaq üçün dəfələrlə ərizə ilə bələdiyyə sədrinə müraciət edib: "Amma çox təəssüflər olsun ki, ərizələrinin hamısı bələdiyyənin zibil qutusuna atılır. Səbəbini soruşduqda deyir ki, "əcəb edirəm, sənə torpaq düşmür, get dərdini hara deyirsən de, səni ayağımın altına alıb palçıq kimi ayaqlayaram, sənin kimi vətəndaşa ümumiyyətlə bu kənddə torpaq verməyəcəyəm".
Şikayətçi qeyd edir ki, yaşadığı kənddə hərrac vasitəsilə torpaq satılması haqda qanun yalnız onun nə vaxt ərizə ilə torpaq almaq üçün müraciət etdiyində bələdiyyə sədrinin yadına düşür və ona deyil, imkanlı şəxslərdən birinə satılır. R.Hüseynov bələdiyyə sədrinin torpaq satdığı imkanlı adamların adlarını, verdikləri rüşvətin məbləğlərini də sadalamış, futbol stadionu ərazisində qeyri-qanuni tikilən evlərə göz yummaq müqabilində rüşvət topladığını da buildirmişdir. Yazır ki, Loğman Sultanov bələdiyyə sədri işlədiyi 9 il ərzində kənddə heç bir abadlıq işi görməyib. Küçələr bərbad vəziyyətdədir, halbuki sənəd üzərində küçələrdə yollar çəkildiyi göstərilir. Qeyd edir ki, L.Sultanov dövlətin və bələdiyyənin örüş otlaq sahələrinin 250-300 hektarını öz şəxsi mənafeyi üçün əkir: "O qədər taxıl biçir ki, həyəti tutmur. Bu qədər taxıl satıb pul əldə edən bələdiyyə sədri üçün mən adicə bir milçəkdən də aşağıda oturmuşam".
Antikorrupsiya idarəsinə ünvanlı sözlərində R.Hüseynov xahiş edir ki, onun ərizəsi baxılıb araşdırılması üçün Neftçala rayonuna göndərilməsin: "Sədr qışqıraraq mənə deyir ki, "hara yazsan da, cavab mənə gələcək, İcra Hakimiyyətində oturan rüşvətxorlar bu işi mənim lehimə həll edəcəklər. Ondan sonra sənin başına itin oyununu açacağam".
Sonda R.Hüseynov ümid ifadə etmişdir ki, L.Sultanovun əməlləri ifşa olunacaq, nəticədə özü də həyətyanı torpaq sahəsi ala biləcək. Amma prokurorluğun bu məsələdə ədalətli mövqe tutacağına R.Hüseynov şübhə ilə yanaşır. Belə ki, o, Baş Prokurorluqdan aldığı 24.10.2018-ci il tarixli cavab məktubunu əlavə olaraq redaksiyaya göndərərək, araşdırmanın nəticəsindən razı qalmadığını bildirmişdir. Məktubda R.Hüseynova bildirilir ki, onun L.Sultanovun qanunsuz hərəkətləri barədə eyni məzmunlu müraciəti əsasında Neftçala rayon prokurorluğunda araşdırma aparılmış və müraciətində göstərdiyi xüsusatlar öz təsdiqini tapmadığından, toplanmış materialda da hər hansı şəxsin əməlində cinayət tərkibinin olması müəyyən edilmədiyindən, AR CPM-nin 39.1.2-ci maddəsinə əsasən 10 avqust 2016-cı il tarixdə cinayət işinin başlanılmasının rədd edilməsi barədə qərar qəbul edilmişdir. Qəbul edilmiş qərarın ləğv edilməsi üçün əsaslar müəyyən edilməmişdir. Bir o yaxşıdır ki, Baş Prokurorluğun məktubunda həmçinin, R.Hüseynova məhkəməyə müraciət etmək hüququnun olduğunun xatırladılması unudulmayıb.
Xatırladaq ki, "Bələdiyyə qulluqçularının etik davranış qaydaları haqqında" Azərbaycan Respublikasının 28 aprel 2015- ci il tarixli Qanunun 19-cu maddəsinə görə etik davranış qaydalarının pozulması və bu barədə şikayət və ya digər məlumatın daxil olması, eləcə də kütləvi informasiya vasitələrində məlumatın dərc edilməsi bələdiyyə qulluqçusunun intizam məsuliyyətinə cəlb edilməsi üçün əsasdır. İntizam icraatı zamanı bələdiyyə qulluqçusu tərəfindən yol verilən hüquq pozuntusunda cinayət tərkibinin əlamətləri aşkar edildikdə, həmin əlamətləri aşkar etmiş bələdiyyə orqanının rəhbəri bu barədə cinayət təqibi orqanına məlumat verməlidir. Qanunun 20-ci maddəsində etik davranış qaydalarının pozulmasına görə intizam məsuliyyəti tədbirləri də müəyyən edilmişdir. Bunlara töhmət vermək, sonuncu xəbərdarlıqla şiddətli töhmət vermək, aşağı vəzifəyə keçirmək, bələdiyyə qulluğundan azad etmək kimi intizam məsuliyyəti tədbirləri aid edilmişdir.
Bu yerdə müdriklərdən birinin deyimi yada düşür: "Qanun kiçik həşəratları (milçək kimi) tutub saxlayan hörümçək toru kimidir, iri həşəratlar onu yarıb keçirlər".
Korrupsiya və Qanun