YAP Gəncə şəhər Təşkilatının Qərargahında ölkəmizin ən böyük ziyarətgahlarından olan “İmamzadə” dini kompleksinə həsr olunmuş kitabın müzakirəsi keçirilib.
"Korrupsiya və Qanun" saytı AzVision.az a istinadən xəbər verir ki, tədbirdə şəhər rəsmiləri, ziyalılar, elmi tədqiqatçılar, mütəxəssislər, tarixçilər və ictimaiyyət nümayəndələri iştirak ediblər.
Tədbiri giriş sözü ilə Gəncə şəhər İcra Hakimiyyətinin başçısı Elmar Vəliyev açaraq, bildirdi ki, dini mədəni və tarixi abidələrin bərpasına, onların yenidən xalqın qan yaddaşına qaytarılmasına həssaslıqla yanaşan, bu sahədə həyata keçirilən layihələrə ciddi dəstək verən Prezident İlham Əliyevin son illərdə bir çox dini abidələrin bərpası ilə əlaqədar imzaladığı sərəncamlar, verdiyi tapşırıqlar artıq ölkəmizdə mövcud olan milli-mənəvi dəyərlər sisteminin ayrılmaz hissəsinə çevrilib.
Azərbaycanın zəngin tarixə malik olan qədim şəhəri Gəncədə də ölkə başçısının qayğısından, dəstək və köməyindən bəhrələnərək maddi və mədəniyyət abidələrimiz əsaslı şəkildə təmir və bərpa olunub. Azərbaycanın ən böyük və müqəddəs ziyarətgahı, tarixi VIII əsrə aid dini-memarlıq abidəsi “İmamzadə”nin təmir və bərpası üçün cənab İlham Əliyev tərəfindən xüsusi sərəncamlar imzalanıb, Gəncəyə hər səfərində burada görülən işlərlə tanış olub, müvafiq tapşırıq və tövsiyələrini verib. 2010-cu ildə əsaslı təmirə başlanan bu kompleksdə işlər artıq yekunlaşıb və bu yaxınlarda açılışı olacaq.
İcra başçısı Gəncənin, o cümlədən “İmamzadə” dini ziyarətgahının qədim və zəngin tarixə malik olduğunu, bu kompleksin tarixindən bəhs edən kitabın nəşrə hazır olduğunu bildirib.
“İmamzadə” dini kompleksi tarixi haqqında kitabın baş redaktoru, Gəncə Dövlət Universitetinin professoru Mübariz Yusifov çıxış edərək, Qafqaz Müsəlmanları İdarəsinin sədri şeyxüislam Allahşükür Paşazadənin, Azərbaycan Respublikasının Millətlərarası, Multikulturalizm və Dini məsələlər üzrə dövlət müşaviri Kamal Abdullanın, AMEA-nın Tarix İnstitutunun direktoru Yaqub Mahmudovun rəyləri əsasında, AMEA-nın Gəncə bölməsinin və elmi tədqiqatçıların gərgin əməyi sayəsində hazırlanan kitabın dəfələrlə müzakirələri keçirildiyini, elmi tədqiqatçıların araşdırmaları sayəsində dini ziyarətgahlar haqqında ilk dəfə olaraq, ən mükəmməl tarixi əsər ərsəyə gəldiyini bildirib. 4 bölmədən ibarət olan kitabda “İmamzadə”nin yaranma tarixi, “İmamzadə”nin tarixi etnoqrafik mənbə və epiqrafik abidə olması, dini ziyarətgah olaraq formalaşması, inkişafı, əsaslı şəkildə təmir və bərpası haqqında geniş məlumatlar verilib.
GDU-nun professoru Xəlil Yusifli, millət vəkili Pərvin Kərimzadə, AMEA Gəncə Bölməsinin əməkdaşı Elnur Həsənov, GDU-nun dosenti Cavid Bağırzadə və başqaları çıxış edərək, Gəncə şəhər İcra Hakimiyyətinin başçısı Elmar Vəliyevin təşəbbüsü ilə nəşrə hazırlanan bu kitabın Gəncənin tarixinin öyrənilməsində mühüm töhfə olduğunu bildiriblər. Kitab yaxın vaxtlarda yüksək tirajla çapa veriləcək.
Tədbirdə Azərbaycan xalqının əsrlər boyu qoruyub saxladığı zəngin mədəni dəyərlərin müasir dövrdə təbliğini, xalqımızın yüksək dini tolerantlıq, dözümlülük mədəniyyətinə sahib olduğunu diqqətə çatdırmaq və onun böyük əhəmiyyətini nəzərə alaraq Gəncə Tarixçiləri İctimai Birliyinin yaradılması haqqında fikir irəli sürülüb. Professor Həsənbala Sadıqov, tarixçi Bəxtiyar Məhərrəmov və digər tarixçilər bu təşəbbüsü çox yüksək qiymətləndirdiklərini, bu ictimai birliyin Gəncənin tarixinin öyrənilməsinə, ümumilikdə ölkə tarixinə çox böyük töhvələr verəcəyinə əminliklərini ifadə ediblər.
Qeyd ediblər ki, Gəncədə həm tarix yaranır, həm də tarix yazılır. Sonda qərar qəbul edildi.