Bir ananın ölümünə, azyaşlı uşaqların yetim qalmasına səbəb olan həmin həkimlər hələ də əllərində cərrah bıçağı gəzdirir
Azərbaycanda tibbi xidmətlərin müyəssərlik səviyyəsinin yetərincə olmaması, həkim məsuliyyətsizliyi və savadsızlığı, qadınların vaxtında qadın məsləhətxanalarına müraciət etməməsi, keyfiyyətli tibbi xidmətin yerində və vaxtında göstərilməməsi, doğuşun ev şəraitində keçirilməsi, ekologiya və ətraf mühitin vəziyyəti, insanların məlumatsızlığı və digər amillər ana və uşaq ölümünün artmasına şərait yaradır. Erkən nikahların çoxalması, gender bərabərliyində müşahidə edilən geriləmələr də ana və uşaq ölümünün səviyyəsinə təsir göstərir. ana və uşaq ölümü göstəricilərində müsbət dinamika olmasına baxmayaraq, Avropa ölkələri ilə müqayisədə hələ də arzuolunan səviyyədə deyil. Ana və uşaq ölümü hadisələrinin təhlili nəticəsində doğuşayardım xidmətində bir sıra çatışmazlıqlar aşkar edilib. Antenatal xidmətdə olan qüsurların digər problemlər arasında əsas yer tutduğu müəyyənləşdirilib. Ana ölümü hallarında qadınların ¼ hissəsi antenatal xidmətdən kənarda qalıb, ¾ hissəsi isə nəzarətdə olmasına baxmayaraq, onlara tam həcmdə xidmət göstərilməyib. Xidmətin keyfiyyətinə təsir edən digər amil xəstələrin hospitalizasiya problemidir. Hospitalizasiyanın vaxtında, düzgün və səviyyələrə uyğun aparılmaması, bəzi hallarda mamalıq ağırlaşmalarının və ekstragenital xəstəliklərin diaqnostikasının gecikdirilməsi, pasiyentlərin tibbi göstərişə əsasən profil üzrə tibb müəssisəsinə köçürülməməsi, ağır vəziyyətdə stasionara gətirilmiş xəstəyə ilk tibbi yardım göstərilmədən digər müəssisəyə köçürülməsi qadınların ölümünə səbəb olur.
Bu müstəvidə olan problemlərlə bağlı kütləvi informasiyalara üz ttutanlar da çoxdur. “Korrupsiya və Qanun” ictimai-siyasi hüquq qəzeti redaksiyasına Bərdə rayonu Uğurbəyli kəndində qeydiyyatda olan, hazırda həmin rayonun Türkman kəndində yaşayan Mamedova Zöhrə Məhəmməd qızının ərizəsi daxil olmuşdur.
Ərizədən oxuyuruq: “Yazıb sizə bildirirəm ki, qızım Məmmədova Şəbnəm Bayram qızı hamilə idi. Hamiləlik dövründə heç bir narazılığı yox idi. Yəni, səhhətində problem yox idi. 9 aylıq hamiləliyin axırıncı ayında qəfil ağrısı tutdu, qızımı Sabunçu qəsəbəsi 2 №-li doğum evinə yerləşdirdim. 11.06.2014-cü ildə doğum evinə gətirdim, 12.06.2014-cü ildə səhər sağlam bir oğlan uşağı dünyaya gətirdi. Onu da qeyd edim ki, qızım təbii yolla yox, əməliyyatla uşaq doğub. Mən həkimdən qızımın vəziyyətini soruşanda, “əladır, heç bir problem yoxdur”, deyib uşağı da mənə göstərdilər. Mən də “şirinliyini” verdim, doğuşa görə isə məndən 800 AZN pul da aldılar. Sonra mən qızımı görmək istədiyimi bildirdim. Əvvəl tərəddüd etdilər, xeyli çək-çevirdən sonra məni içəri buraxdılar. Qızımı görəndə qışqırdım, qapqara qaralmış, qarnı şişmiş və tez-tez qaytarırdı. Mən doğum həkimi İsmayılova Adiləyə yaxınlaşaraq qızımın bu vəziyyətə düşməsinin səbəbini soruşdum. Dedi: “heç nə olmaz, qızının ağ ciyəri xəstədir, Ağciyər İnstitutuna aparmalıyıq”. 19.06.2014-cü il tarixdə qızımı Ağciyər Xəstəlikləri İnstitutuna apardılar. Təcili yardımın pulunu da məndən aldılar. Həmin institutun baş həkimi Xəyyam və USM həkimi Xatirə xanım bildirdilər ki, Şəbnəm xanımda ciddi, bizim xəstəxanaya aid heç bir xəstəliyi yoxdur, nə olubsa, əməliyyatda olub. 21.06.2014-cü ildə qızımın vəziyyəti daha da ağırlaşdı. Bu zaman 2 №-li doğum evinin həkimlərinin hamısı Ağciyər Xəstəxanasına yığıldılar. Əvvəl təcili yardımın pulunu məndən istəyirdilər, bu zaman özlərinin xarici maşınları ilə 2 №-li doğum evinə apardılar. Həmin gün də, yəni 21.06.2014-cü ildə 2-ci dəfə əməliyyata götürdülər. Qızım əməliyyatdan çıxmadı... Təsəvvür edin, ana üçün 22 yaşlı övlad itirmək nə deməkdir. Mən qışqıraraq övladımın nəyə görə öldüyünü həkimlərdən soruşdum. Onlar məni dilə tutmağa başladılar. Bir az keçdikdən sonra bir sənəd gətirib mənə qol çəkdirdilər və pul təklif etdilər. Mən onların təklifini rədd etdim.
Bərdə rayon İcra Hakimiyyətinin sərəncamı ilə 10 dekabr 2014-cü ildə azyaşlı Məmmədov İlkin İlqar oğlunu qəyyumluğa götürdüm. Hazırda bir yaş bir aylıqdır. Mən əzab-əziyyətlə də olsa qızımın yadigarı olan övladını böyüdəcəm, amma Mehriban xanım kimi (xanım demək olarsa) baş həkimlər və mamaça İsmayılova Adilə kimilər layiqli cəzalarını alsa, mənim balam da rahat uyuyar.
Hörmətli redaksiya, mənim qızım guya vərəmdən ölüb, amma ölüm kağızında “infeksion toksiki şok” yazılıb. Özünüz fikirləşin, bu nə deməkdir?..
Xahiş edirəm, bu məsələni ictimailəşdirin, aidiyyəti üzrə lazımi yerlərə göndərin ki, bu cavabdeh həkimlər layiqli cəzalarını alsınlar və gələcəkdə uşaqlar anasız, analar uşaqsız qalmasın. Əvvəlcə təşəkkürümü bildirirəm. Balaca İlkin deyir: anamın qisasını alın!!! Anamı qaytarın!!!”
Bir ananın ölümünə, azyaşlı uşaqların yetim qalmasına səbəb olan həmin həkimlər hələ də əllərində cərrah bıçağı gəzdirir. Növbəti dəfə kimin ömrünü kəsəcəklər? Problem ölümə gətirib çıxaran səbəblərin müəyyənləşdirilib ictimaiyyətə çatdırılmamasındadı. Hər dəfə eyni hallar təkrarlanır. Hadisə baş verdikdə bir müddət gündəmdə qalır, Səhiyyə Nazirliyi faktın araşdırılacağını deyir, möhlət istəyir, zaman keçdikcə, hadisə gündəmdən düşür, insanların könül yaraları sarılır və məsələ də beləcə bitir. Canalan həkimlər kimlərləsə, hansısa formada "anlaşıb” öz işinə davam edir. Olan ailəyə, körpələrə, gənc xanımlara olur. Səhiyyə Nazirliyi ölüm faktlarına görə ciddi cəzalandırma əvəzinə, həkimləri təmizə çıxarmağa çalışır və müvəffəq də olur.
Ana və uşaq ölümləri ilə bağlı toxunulması zəruri məqamlardan biri də, həkimlərin və tibbi personalın cəzalandırılmamasıdır. Bu kimi hallarda həkimlərimiz adətən "töhmət”, ya da uzaqbaşı "şiddətli töhmətlə” yaxalarını qurtarırlar. İctimaiyyəti daha çox narahat edən də məhz budur: günahkarların cəzasız qalması.
"Korrupsiya və Qanun"