Azərbaycan İdeyası

Pandemiya xəstəxanasının həkimi: “Ölkədə COVID-19-un real daşıyıcılarının sayı üç-beş dəfə çoxdur” - MÜSAHİBƏ

Tarix:9-07-2020, 11:51
Baxış Sayı:115

Bu gün həkimlər koronavirusa qarşı mübarizədə ön sıradadırlar. Onların səyi nəticəsində minlərlə xəstə sağalıb və normal həyata qayıdıb. Ancaq əfsuslar olsun ki, son günlər həkimlər arasında kütləvi yoluxmaların şahidi oluruq. Gücləndirilmiş iş qrafiki, yuxusuz gecələr, narahatlıqlar və pandemiya xəstəxanalarında çox böyük virus yükü onların sağlamlıq vəziyyətinə təsirsiz ötüşə bilməzdi.

Media.Az tibb üzrə fəlsəfə doktoru, Azərbaycan Tibb Universitetinin Anesteziologiya və Reanimasiya kafedrasının assistenti, ATU-nun Tədris və Cərrahiyyə Klinikasının Anesteziologiya və Reanimasiya şöbəsinin həkimi Namaz İbrahimovla söhbət edib.

Qeyd edək ki, Azərbaycan Tibb Universitetinin Tədris və Cərrahiyyə Klinikası bu ilin aprel ayının 1-dən etibarən pandemiya xəstəxanasına çevrilib.


- Doğrudanmı, indi pandemiya xəstəxanalarında ağır xəstələrin sayı artıb?

- Bəli, indi klinikamız, demək olar ki, xəstələrlə doludur. Aprel ayında vəziyyət fərqli idi: pasiyentlər çox deyildi, əksəriyyət xəstəliyi asan keçirirdi. Ancaq may ayından etibarən Azərbaycanda orta və ağır xəstələrin sayı artmağa başladı.

- Ciddi xəstələrin sayında kəskin artım nə ilə əlaqədardır?

- Məsələ burasındadır ki, aprel ayında çoxları xəstəliyi asimptomatik şəkildə keçirdilər. Bu xəstələr klinikamıza gəldilər. Müalicə edilərkən, demək olar ki, qiyam qaldırırdılar, evə buraxılmalarını istəyirdilər, infeksiya daşıyıcısı olduqlarına inanmaqdan imtina edirdilər. Eyni şeyi tanışlarına da sübut etməyə çalışırdılar. Beləliklə, COVİD-19-un mövcudluğuna inanmayan bir qrup vətəndaş meydana çıxdı.

İnfeksiya prosesi intensivləşdikcə insanlar xəstələndilər, ancaq pandemiya xəstəxanasında olmaqdan qorxaraq, təcili yardım çağırmadılar və özünümüalicə ilə məşğul oldular. Onlar xəstəliyin inkişaf etmiş formasında tibb müəssisələrinə müraciət ediblər. Bu da orta və ağır xəstələrin kəskin artmasına gətirib çıxardı.

- Bu dövrdə koronavirus infeksiyasının ilkin simptomları necə dəyişib?

- Əgər əvvəllər xəstələr tez-tez boğaz ağrısından şikayətlənirdilərsə, indi nasazlıq, zəiflik, bədəndə şiddətli ağrı və subfebril qızdırma ön plana çıxır.

- Ən ağır xəstələr hansı yaş qrupundadır?

- Virus indi yaşa baxmır. Xəstəxanamızda yoluxan ilk həkimlərdən biri tamamilə sağlam insandır, mütəmadi idmanla məşğul olur və aktiv həyat tərzi keçirir. Ancaq xəstəliyi çox ağır keçirdi.

- Pandemiya xəstəxanasında ginekologiya şöbəsi də var...

- Bəli, COVID-19-a yoluxmuş hamilə qadınlar bizə gətirilir. Bəzilərinə qeysəriyyə əməliyyatının edilməsi lazım gəlir. Belə cərrahi müdaxilələri nəzərə alaraq, reanimasiya anestezioloqlarına yük kəskin şəkildə artır.

- Koronavirusa yoluxan qadının bətnindəki döl də yoluxa bilərmi?

- Tam əminliklə bir şey söyləmək mümkün deyil, amma bu günə qədər belə hallar qeydə alınmayıb. Doğulandan dərhal sonra körpələrdən test götürülür və hələ ki, cavab həmişə mənfi olub. Bəli, ananın yaşadığı müxtəlif xəstəliklər səbəbindən ağırlaşmaları olan körpələr var, ancaq bu, koronavirus deyil.

- Yoluxmuş ananın körpəni əmizdirməsinə icazə verilirmi?

- Xeyr, risklərin hamısını istisna etmək üçün körpələrə süni qida yedizdirilir.

- Hamilə qadınların xəstəliyi daha asanlıqla keçirdiyi doğrudurmu?

- Bu dövr ərzində reanimasiya şöbəsinə ağır vəziyyətdə olan yalnız iki hamilə qadın gətirilib. Təəssüf ki, onlardan birini xilas etmək mümkün olmayıb. Xəstəxanaya çox gec, ağır vəziyyətdə daxil olmuşdu, hamiləlik dövründə onda diabetik nefropatiya inkişaf etmişdi. Xəstəni ağciyərlərin süni ventilyasiyası cihasına qoşmaq məcburiyyətində qaldıq, çünki ağciyərlərin 70-80%-i artıq zədələnmişdi. Bütün səylərimizə baxmayaraq, onu xilas etmək mümkün olmadı. İkincisini qurtara bildik, o da müəyyən müddət qeyri-invaziv ağciyərlərin ventilyasiyası aparatına qoşuldu. Ancaq tez sağaldı və xəstəxanadan evə buraxıldı. Qeyd edim ki, hamilə qadınlar, adətən, xəstəliyi yüngül keçirirlər.

- Xəstəxananızda neçə həkim koronavirusa yoluxub?

- Reanimasiya şöbəsinin işçiləri haqqında danışa bilərəm. Son məlumatlara görə, şöbəmizdə 23 nəfər yoluxub. Allaha şükür ki, ölüm halları yoxdur. Demək olar ki, hamısına “buzlu şüşə” effekti ilə sətəlcəm diaqnozu qoyulub.

- Xəstə olmaqdan qorxan və həkim göstərişi olmadan müxtəlif dərmanlar qəbul etməyə başlayan vətəndaşlar kateqoriyası var. Hazırkı vəziyyətdə profilaktik məqsədlər üçün hər hansı dərman qəbul etmək olarmı?

- Vitamin kompleksləri qəbul etmək olar və təbii ki, daha çox mövsümi tərəvəz və meyvələr yeyə bilərsiniz. Mən istənilən dərman preparatına qarşıyam, bədəni lazımsız kimyəvi birləşmələrlə yükləmək lazım deyil.

- Hansı vitaminləri qəbul etmək daha yaxşıdır?

- D vitamini, C vitamini, profilaktik dozalarda sink. Məsələn, Almaniyada və bir sıra digər Avropa ölkələrində vətəndaşlara antikoaqulyantlar qəbul etmək tövsiyə olunur. Məsələ burasındadır ki, koronavirus xəstəliyinin patogenezində ağciyərlərin kapilyar sisteminin trombozu var. Mikrotromboz, ağciyər toxumasının zədələnməsi və ağciyərlərin tənəffüs mexanikasından kənarda qalması baş verir. Buna görə, vətəndaşlara profilaktik məqsədlər üçün heç bir əks göstəriş olmadığı təqdirdə mikrotromboz meyilinin olmaması üçün aspirin içməyi məsləhət görərdim.

- Necə düşünürsünüz, epidemiya nə vaxt bitəcək?

- Bu gün nəyisə proqnozlaşdırmaq çətindir. Ölkəmizdə vəziyyət mürəkkəbdir, gündə beş yüzdən çox yeni yoluxma hadisəsi qeydə alınır. Bu da testdən keçənlərin nəticələridir, deməli, real daşıyıcıların sayı üç-beş dəfə çoxdur.

Ümid edirəm ki, yayın sonuna qədər bütün bunlar yox olmağa başlayacaq, tibb işçiləri artıq tükənib. Təsəvvür edin ki, xəstəxanada profilaktik məqsədlərlə havalandırma yoxdur, çünki virusu bütün klinikaya yaya bilər. Biz isə bütün günü nəfəs almaq mümkün olmayan xüsusi kostyumlarda oluruq, orqanizm tükənir, tibb işçilərinin həm fiziki, həm də mənəvi cəhətdən gücü azalır. Xəstələrin axını dayanmasa, onların müalicəsini çatdıra bilməyəcəyik, müvafiq olaraq, ölənlərin sayı artacaq.

OXŞAR XƏBƏRLƏR
Əhalinin NƏZƏRİNƏ - 31 dekabr 00:00-dan etibarən...
Əhalinin NƏZƏRİNƏ - 31 dekabr 00:00-dan etibarən...
Vətən Müharibəsi Qəhrəmanı Kənan Seyidovun müavini oldu
Vətən Müharibəsi Qəhrəmanı Kənan Seyidovun müavini oldu
Azərbaycanda general-leytenant vəzifəsindən azad edildi
Azərbaycanda general-leytenant vəzifəsindən azad edildi
Azərbaycanda yeni Mərkəz yaradıldı
Azərbaycanda yeni Mərkəz yaradıldı
Elşad Abdullayevin adı İNTERPOL-un siyahısından çıxarılıb” – Bəs sabiq rektor harada axtarılır?
Elşad Abdullayevin adı İNTERPOL-un siyahısından çıxarılıb” – Bəs sabiq rektor harada axtarılır?
Narkotik cinayətlərinə görə yeddi minə yaxın şəxs məsuliyyətə cəlb olunub: 11 ayın statistikası
Narkotik cinayətlərinə görə yeddi minə yaxın şəxs məsuliyyətə cəlb olunub: 11 ayın statistikası
AZƏRBAYCANDA GƏLƏN İLİN QEYRİ-İŞ GÜNLƏRİ AÇIQLANDI-2025
AZƏRBAYCANDA GƏLƏN İLİN QEYRİ-İŞ GÜNLƏRİ AÇIQLANDI-2025
HƏRBİ XİDMƏT MÜDDƏTİ AZALDILIR? - RƏSMİ AÇIQLAMA
HƏRBİ XİDMƏT MÜDDƏTİ AZALDILIR? - RƏSMİ AÇIQLAMA