zərbaycan həkimləri istirahət bilmədən və ailələrindən uzaqda hər gün sakinlərimizin həyatına son qoyan görünməz düşmən - COVID-19-a qarşı mübarizəni davam etdirirlər. Mərkəzi Neftçilər Xəstəxanasının Anesteziologiya, reanimasiya və intensiv terapiya şöbəsinin müdiri Gülarə Abbasova düz üç aydır ki, evdən uzaqdadır. O, karantin rejimində qalanlar üçün ayrılmış hoteldə yaşayaraq, hər gün 12 saat işləyir. Respublikanın hər yerindən ən ağır koronavirus xəstələri xəstəxanaya onun yanına düşür.
Media.Az həkimlə koronavirusun məkrliyi, boğulan xəstələri xilas cəhdləri və cəmiyyətin dəstəyinin olmaması barədə danışıb. Onunla yalnız gecəyarısı - Gülarə Abbasovanın bizə bir neçə dəqiqə ayıra biləcəyi yeganə vaxtda danışa bildik.
- Neftçilər xəstəxanasında nə vaxtdan işləyirsiniz?
- 2001-ci ildə Tibb Universitetini bitirdikdən sonra Sumqayıtda 1 nömrəli doğum evində iş tapdım, orada doqquz il anestezioloq-reanimatoloq işlədim. 2008-ci ildən Neftçilər Xəstəxanasında çalışıram. Üç ildir ki, Anesteziologiya, reanimasiya və intensiv terapiya şöbəsinin müdiriyəm.
- Xəstəxananız COVID-19 xəstələrini qəbul etməyə başlamış ilk tibb müəssisələrindən biri oldu. Hər şey necə başladı?
- Həqiqətən, ölkədə ilk olaraq karantin rejimində işləyənlərdən biri bizim xəstəxanamız oldu. Martın 26-da xəstələri evə buraxmaqla onu boşaltmağa başladıq. Əsasən, təqaüdçü neftçilər idi, ödənişli müalicə olunan xəstələr də var idi. O dövrdə ağciyərlərin süni ventilyasiyası (ASV) cihazına qoşulan yalnız bir ağır xəstə vardı. Onu transferlə “Bakı Sağlamlıq Mərkəzi”nə yolladıq. Mayın 26-dan 27-nə keçən gecə koronavirus xəstəsi olan ilk pasiyent reanimasiya şöbəmizə daxil oldu. O vaxtdan bizə ən ağır xəstələr gəlir. Hazırda COVID-19 aşkarlanmış 100-ə yaxın pasiyent xəstəxanamızdadır, 12 nəfər reanimasiyadadır. Bir dənə belə boş yerimiz yoxdur!
- İş qrafikiniz və şəraitiniz necədir?
- Martın 26-dan bəri doğmalarımı və yaxınlarımı görməmişəm. Bu aylar ərzində karantin rejimində olan “Bulvar Hotel Baku”da yaşayıram.
Həftədə yeddi gün, hər gün 12 saat işləyirəm, çünki ağır xəstələr çoxdur. Bir növbətçi həkim isə bunu çatdıra bilməz. Adi günlərdə altı saatlıq iş cədvəlim var - səhər doqquzdan günorta dördə kimi. Kafedrada kadr çatışmazlığı üzündən doktor Samirə Məmmədova ilə ikimiz qaldıq. İki gün yatmadan və istirahət etmədən reanimasiyada vaxt keçirdiyimiz günlər olub. Foto: Həkim-reanimatoloq Samirə Məmmədova
Hər gün ailəmlə danışmağa çalışıram. Bir neçə dəfə 10 yaşlı qızımı görmüşəm – görüş şüşə arxasından baş tutub.
Bu tədbirlər tibb işçilərinin yaxınlarını yoluxdurmamaq məqsədi daşıyır. Çox güman ki, hamımız bu virusdan xəstələnib sağalmışıq. Bir vaxtlar mənim də temperaturum oldu, onu ayaqüstü keçirdim.
- Koronavirus testindən keçməmisiniz?
- Yox! Əvvəla, özümü pis hiss etmirdim. İkincisi, mən burada olmalıyam. Pandemik xəstəxanalardakı həkimlər evlərinə getmək istədikləri təqdirdə testdən keçirlər. Bunu etmək üçün testdən keçməli, hoteldə 14 gün karantində oturmalı, sonra ikinci dəfə test verilməlidir. Əgər mənfi olarsa, həkim bir müddət ailəsinin yanına gedə bilər. Ancaq xəstələrə kömək etmək lazım olduğu halda, bir və ya iki gün evdə qalmaq üçün karantinə 14 gün sərf etməyin nə mənası var?
- COVID-19 xəstələri hansı vəziyyətdə gəlirlər?
- Əsasən, kəskin tənəffüs çatışmazlığından əziyyət çəkirlər. Sadə dillə desək, xəstələr boğulur. Qanlarında oksigen səviyyəsi (saturasiya) çox aşağı olur. Normalda 100 olmalıdır. Məsələn, təngnəfəslik, nəfəs darlığı və boğulma ilə insanlar gəlir, onlarda saturasiya 40-60 aralığında olur. Bu vəziyyətdə beyinin hipoksiyası müşahidə olunur. Bildiyiniz kimi, beynin həyati funksiyaları üçün ilk növbədə qanla nəql olunan oksigen lazımdır. Qaz mübadiləsi sistemi sayəsində ağciyərlər qanı oksigenlə doydurur. Koronavirusun yaratdığı tənəffüs çatışmazlığı səbəbindən bu baş vermir və xəstələr, sadəcə, boğulur. Beyinin ölməməsi, yəni hipoksiyanın qarşısını almaq üçün bu xəstələr mütləq intubasiya edilməlidirlər. Endotraxeal borunu traxeyaya daxil edirik və onları ağciyərlərin süni ventilyasiyası cihazına qoşuruq. Bu andan etibarən ASV cihazı artıq ağciyər funksiyasını öz üzərinə götürür. Belə xəstələrə həkimlərimiz tam nəzarət edir, bizim əsas işimiz budur.
Bu iş elə də asan deyil: cihaza qoşdun, vəssalam. Boy və çəkidən asılı olaraq, hər insanın öz tənəffüs həcmi var. Üstəlik, həkimlər orqanizmi həyati funksiyalarla təmin etməlidirlər. Xəstə ASV-yə qoşulduqdan sonra medikamentoz komaya salınır. Əgər o, şüurlu vəziyyətdə olarsa, öz tənəffüsü aparata müqavimət göstərər, buna isə yol vermək olmaz. Xəstələrin vəziyyəti mütəmadi olaraq rentgen şəkilləri ilə izlənilir. Nəticələr dəhşətli olur: bu gün çəkirsən - vəziyyəti sabitdir, ertəsi gün çəkirsən - ağciyərlər, sadəcə, yoxa çıxıb. Ağciyər fibrozu müşahidə olunur. Yəni ağciyər toxuması fibroz toxuma ilə qarışır, üstəlik, virus mənşəli pnevmoniya və kəskin tənəffüs çatışmazlığı sindromu yaranır. Bu xəstələrlə xüsusi məşğul olmaq lazımdır: çox əziyyətli işdir. Təsvir etməyə çalışacağam. Xəstəni hər 12 saatdan bir qarnı üstə çevirmək lazımdır. Sağlam olduğumuz zaman hərəkətlərimizə əhəmiyyət vermirik. Əllərimizi aşağı salırıq və qaldırırıq - bütün bunlar rol oynayır. Tamamilə iflic olan xəstələrdə isə tənəffüs əzələləri əziyyət çəkir. Xəstə ASV-yə qoşulduqdan sonra bütün həyat dəstəyini tibb işçiləri öz öhdəsinə götürür. Onları bəsləyirik, çimdiririk. Gündə iki dəfə xəstənin bədəninin və ağız boşluğunun sanitar işlənməsi həyata keçirilir.
- Sizi ən təsirləndirən nədir?
- Hər dəfə çox ağır xəstələr olur. Bəzən xəstəni intubasiya üçün hazırlayırsınız, ancaq onun vəziyyəti kəskin pisləşir və ölür. Bu, əlbəttə ki, böyük kədərdir və həmişə çox ağırdır.
- Bu hər zaman yaşlı insanlarla belə olur?
- Xeyr, həmişə deyil. Bizdə 40 yaşlı qadın öldü. Ölümün səbəbi məhz koronavirus idi. İmmuniteti zəif idi, bundan əvvəl bir ay ərzində 23 kiloqram arıqlamışdı. Heç nə edə bilmədik... Bütün xəstəxana şokda idi. Hər kəsə çox pis təsir etdi.
Həqiqətən, güclü immuniteti olan sağlam insanlar xəstəliyi asimptomatik keçirir. Maksimum zəif temperatur, yüngül öskürək, dad və qoxu itkisi ola bilər. İnsan immuniteti böyük əhəmiyyət daşıyır. Güclü olarsa, xəstəliyə müqavimət göstərəcək.
Əsasən, xroniki xəstəlikləri olan insanlar reanimasiyaya düşürlər. Koronavirus diabetlə birlikdə pis nəticələrə gətirib çıxarır. Dializ xəstələri isə COVID-19-a yoluxduqda, demək olar ki, sağ qalmırlar, çünki dializ özlüyündə çox mürəkkəb prosedurdur.
- Xəstəxanada tibb işçiləri çatışmazlığı varmı?
- Özü də xeyli. Əsasən, reanimatoloq çatışmır.
- Xəstəxana işçiləri arasında xəstələrdən koronavirusa yoluxanlar olubmu?
- Bəli, təbii ki, bu, bir neçə dəyərli mütəxəssisimizə təsir etdi. Onlar xəstəxanada yatırdılar, artıq buraxılıblar, indi evdədirlər. Bu, təkcə xəstəxanamızda baş vermədi. Ölkəmizdə çox sayda tibb işçisi öldü. Bu, xüsusilə təcili yardım qruplarının işçilərinə - həkimlərə, sürücülərə, tibb bacılarına təsir etdi. Təkcə Gəncədə iki həkim öldü. Bakıda da iki təcili yardım həkimi dünyasını dəyişdi. Onların hamısı yaşlı idi və xroniki xəstəliklərdən əziyyət çəkirdilər. Onların yaşı 50-dən yuxarı idi və şəkərli diabetləri də vardı.
- Niyə hazırda bu qədər çox yoluxmuş şəxs var? Dünən statistikada 500-dən artıq yoluxma hadisəsi göstərildi...
- İndi ikinci dalğadayıq, xəstəliyin pik həddini görürük. Hər gün xəstələrin sayı artır. Kimin halının pisləşəcəyi, kimdə olmayacağını bilmirik. Xəstəliyin iki həftədən sonra özünü necə göstərəcəyini bilmirik.
Ancaq sadə elementar karantin qaydalarına riayət etmək - 1,5-2 metrə qədər sosial məsafəni qorumaq, restoranlarda masalar arasında 2,5 metr məsafə qoymaq, tibbi maskalar taxmaq, əl gigiyenasına nəzarət etmək və izdiham olan yerlərə getməkdən çəkinmək lazım idi. Axı, virus hava-damcı yolu ilə ötürülür. Danışarkən belə görünməyən mikrozərrəciklər bir metr məsafəyə yayılır. Mağazalarda da yoluxmaq mümkündür.
- Çoxları koronavirusun varlığına inanmır...
- Bəli, xalqımız inanmır. Sosial şəbəkələrdə neçə dostumu blokladığımı təsəvvür edə bilməzsiniz. Mənə zəng edir və soruşurdular ki, həqiqətənmi insanlar koronavirusdan ölürlər?.. Açıqlamaqdan yoruldum... Bunun kiminsə çirkin oyunu olduğunu ehtimal etsək belə, 10 yaşlı uşağı taleyin ümidinə buraxarammı? Üç aydır qızımı görmürəm! Oyun həqiqətən bu qədər qurban verməyə dəyərmi!?
Əlbəttə ki, həkimlərin əməyinin qiymətləndirilməməsi bizi incidir. Hamımızı lənətləyir və söyürlər. Maraqlıdır, insanlar ömür boyu həkimləri rüşvətxorluqda və qeyri-peşəkarlıqda ittiham edirdilər, indi isə bütün respublika onlardan asılıdır.
Foto: Həkim-reanimatoloq Naida Sofiyeva