Azərbaycan İdeyası

Həkim-infeksionist: “Elə həddə gəlib çatmışıq ki, hər evdən bir nəfər COVID-19-dan həyatını itirə bilər”

Tarix:9-07-2020, 14:59
Baxış Sayı:120


Həyata keçirilən tədbirlərə baxmayaraq, Azərbaycanda COVID-19 virusuna yoluxanların sayı sabit yüksək olaraq qalmaqdadır.
Ölkədə hər gün 500-dən çox insanın koronavirusa yoluxduğu məlum olur.
Ümumi yoluxanların sayı 22 minə yaxınlaşır.
Media.Az martın 24-dən başlayaraq, hər gün 8-12 saat ərzində COVID-19-a yoluxmuş xəstələrin müalicəsi ilə məşğul olan Bakıdakı Mərkəzi Neftçilər Xəstəxanasının həkim-infeksionisti Natiq Əliyevlə mövcud vəziyyət barədə söhbət edib.
N.Əliyev bildirib ki, əvvəllər xəstələr arasında virusu yüngül və asimptomatik keçirənlər var idisə, hazırda xəstəxana virusu orta və ağır keçirən xəstələrlə doludur.
“Bu gün xəstəxanada boş çarpayı yoxdur. Xəstəxanadan evə buraxılan şəxsin yerinə dərhal yeni xəstə gəlir. Hazırda xəstəxanada COVID-19 virusuna yoluxmuş 160-dan çox şəxs müalicə alır, onlardan 16-sı reanimasiya şöbəsindədir. Reanimasiyaya yerləşdirilən xəstələr süni tənəffüs və ya SİPAP aparatlarına qoşulub”, - deyə, N.Əliyev qeyd edib.
Xəstələrin yaşından danışan həkim xəstəliyin son zamanlar xeyli cavanlaşdığını söyləyib. Onun sözlərinə görə, müəyyən bir yaş kateqoriyasını təyin etmək mümkün deyil - koronavirus bütün yaş qruplarından olan insanlar üçün təhlükəlidir.
N.Əliyev bildirib ki, xəstəxananın müxtəlif şöbələrində ümumilikdə yeddi infeksionist işləyir. Onların vəzifəsi müalicə təyin edərək, xəstəliyin inkişafının dinamikasını müşahidə etməkdir.
“Xəstəyə ancaq infeksionist müalicə yaza bilər. COVID-19 xəstələri üçün əsas müalicə protokolu antivirus terapiyasıdır. Ehtiyac yaranarsa, antibakterial müalicə təyin edirik. Müalicənin gedişində yanaşı xəstəliklər də diqqətdə saxlanılır. Koronavirus xəstələrinin müalicəsi üçün müxtəlif ixtisaslardan olan həkimlər cəlb olunur. Əsas şərt baza tibb təhsilinin olmasıdır. Həkimlər xəstələrin vəziyyətini izləyir. Ümumiyyətlə, Azərbaycanda dar ixtisaslı həkimlər də daxil olmaqla, yoluxucu xəstəliklər üzrə təhsilli mütəxəssislər çatışmır”, - deyə, həkim-infeksionist vurğulayıb.
N.Əliyev xatırladıb ki, pandemiyanın başladığı vaxt ümumi müalicə sistemi yeni qurulurdu, daha çətin şəraitdə işləmək məcburiyyətində qalırdılar:
“İnsanlar qorxu, vahimə içində idilər. Hansısa məqamda biz həkimlər də qorxmuşduq. Bu günə qədər istirahət günləri də daxil yaxınlarımızı və dostlarımızı görmək imkanından məhrum olmağımıza baxmayaraq, koronaviruslu xəstələrin müalicəsini həyata keçirməkdə davam edirik. Bizim üçün ayrılmış xüsusi karantin hotelində yaşayırıq. Xüsusən yay aylarında geyinilməsi dözülməz olan qoruyucu kostyumlarda işləyirik. Güman edirik ki, bu iş rejimi ilin sonuna qədər davam edəcək”.
N.Əliyev üçün pandemiya ilə mübarizədə ən çətin məqam psixoloji amildir. Gözünün qarşısında xəstələrin boğulduğunu görmək və onlara kömək edə bilməmək ağırdır.
Həkim koronavirusa yoluxmuş həmkarlarının sayından narahatlıq keçirsə də, bu kateqoriyalı xəstələrlə işləməkdən imtina etmək fikrində olmadığını etiraf edib: “Həyatları üçün məsuliyyət daşıdığım xəstələrin taleyi məni narahat edir. Bəzən hətta düşünürəm ki, başıma bir iş gəlsə, onların taleyi necə olacaq?”
Həkim-infeksionist qeyd edib ki, zamanla koronavirus Azərbaycanda daha aqressiv hala gəlib:
“Ölkəmizdə pandemiyanın nə zaman səngiyəcəyini söyləmək mümkün deyil. Biz o həddə gəlmişik ki, hər evdən bir nəfər koronavirusdan vəfat edə bilər. Bu səbəbdən gənclərimizdən və yaşlı vətəndaşlardan xahiş edirəm ki, özlərini qorusunlar, bütün profilaktik qaydalara əməl etsinlər. Bununla siz infeksiyaya qarşı mübarizə aparan həkimlərimizə dəstək vermiş olursunuz”.

OXŞAR XƏBƏRLƏR
Əhalinin NƏZƏRİNƏ - 31 dekabr 00:00-dan etibarən...
Əhalinin NƏZƏRİNƏ - 31 dekabr 00:00-dan etibarən...
Vətən Müharibəsi Qəhrəmanı Kənan Seyidovun müavini oldu
Vətən Müharibəsi Qəhrəmanı Kənan Seyidovun müavini oldu
Azərbaycanda general-leytenant vəzifəsindən azad edildi
Azərbaycanda general-leytenant vəzifəsindən azad edildi
Azərbaycanda yeni Mərkəz yaradıldı
Azərbaycanda yeni Mərkəz yaradıldı
Elşad Abdullayevin adı İNTERPOL-un siyahısından çıxarılıb” – Bəs sabiq rektor harada axtarılır?
Elşad Abdullayevin adı İNTERPOL-un siyahısından çıxarılıb” – Bəs sabiq rektor harada axtarılır?
Narkotik cinayətlərinə görə yeddi minə yaxın şəxs məsuliyyətə cəlb olunub: 11 ayın statistikası
Narkotik cinayətlərinə görə yeddi minə yaxın şəxs məsuliyyətə cəlb olunub: 11 ayın statistikası
AZƏRBAYCANDA GƏLƏN İLİN QEYRİ-İŞ GÜNLƏRİ AÇIQLANDI-2025
AZƏRBAYCANDA GƏLƏN İLİN QEYRİ-İŞ GÜNLƏRİ AÇIQLANDI-2025
HƏRBİ XİDMƏT MÜDDƏTİ AZALDILIR? - RƏSMİ AÇIQLAMA
HƏRBİ XİDMƏT MÜDDƏTİ AZALDILIR? - RƏSMİ AÇIQLAMA