Bu gün Aprel döyüşlərində şəhid olan “Murov Qartalı”, şəhid polkovnik-leytenant Raquf Orucovun doğum günüdür. Yaşasaydı, bu gün şəhidimiz 51 yaşını qeyd edəcəkdi.
Azərbaycan Silahlı Qüvvələrinin polkovnik-leytenantı, Qarabağ müharibəsi qazisi Raquf Orucov 1972-ci il 12 iyulda Ağdam rayonunun Cinli kəndində Raya və İbrahim Orucovların ailəsində anadan olub.
Ailənin birinci övladı olan Raqufun özündən başqa üç qardaşı və bir bacısı var idi. 1990-cı ildə Sovet Qoşunlarında xidmət edən Raquf Orucov bir müddət sonra ordudan ayrılmış Azərbaycan Ordusunun sıralarına qoşulmuş, üç-dörd ay ərzində Fərrux dağı və Aranzəmin kəndində aparılan hərbi əməliyyatlar zamanı ayağından ağır qəlpə yarası almışdı. Onun anası Raya xanım 1993-cü ilin 12 iyununda Ağdam rayonunun Cinli kəndini işğal edilməsi nəticəsində həlak olub. Elə həmin ildən Raquf Orucov sənədlərini Bakı Ali Hərbi Ümumqoşun Komandirləri Məktəbinə verib, lakin ertəsi il həmin məktəbə qəbul ola bilib.
Raquf Orucov Bakı Ali Hərbi Ümumqoşun Komandirləri Məktəbində iki il ərzində lazımi biliklərə yiyələnib. 1996-cı ildə həmin məktəbi bitirən Raquf Orucov daha sonra Bakı şəhərində yerləşən hərbi hissələrin birinə təyinat alıb, amma gənc zabit ön cəbhədə olmağa üstünlük verib. 1996-cı ildə təyinatını Murovdağa alıb və kəşfiyyat bölüyünün komandiri kimi fəaliyyətini davam etdirib.
2016-cı ilin aprel ayının əvvəlindən polkovnik-leytenant Raquf Orucov sonuncu döyüşünə qatılıb. O gecə vətənini, torpağını ailəsindən belə öndə tutan hərbçilərimiz işğal altında qalan Azərbaycan torpaqları uğrunda qəhrəmancasına şəhid oldular. Şəhid olanlar içərisində ömrünün 26 ilini hərbi xidmətə həsr etmiş polkovnik-leytenant Raquf Orucov da var idi.
Ağdam, Tərtər, Füzuli rayonlarının bir sıra yaşayış məntəqələri ermənilər tərəfindən növbəti dəfə artilleriya qurğularından atəşə tutuldu. Günlərlə davam edən döyüşlərdə ordumuzun peşəkar hərbçiləri vətənimiz uğrunda canlarından keçdilər.
Həmin gecə Azərbaycan Ordusu qələbə sevincini, şəhid ailələri isə həm qalibiyyəti, həm də itki ağrısını yaşayırdı.
Aprelin 5-i polkovnik-leytenant Raquf Orucov son mənzilə yola salınıb, Sumqayıt şəhərində baş tutan dəfn mərasiminə minlərlə insan, Müdafiə Nazirliyinin üst rütbəli zabitləri iştirak edib.
Şəhid polkovnik-leytenant Raquf Orucovun timsalında vətənimizin ərazi bütövlüyü və suverenliyi uğrunda canlarından keçən bütün qəhrəmanlarımızın xatirəsini dərin hörmət və ehtiramla yad edirik.