Azərbaycan İdeyası

Həkim də aldatdı, vəkil də - Estetik cərrahın səhlənkarlığından ziyan çəkən pasient intihara cəhd etdi

Tarix:1-02-2024, 17:50
Baxış Sayı:112

Həkim də aldatdı, vəkil də - Estetik cərrahın səhlənkarlığından ziyan çəkən pasient intihara cəhd etdi
Hörmətli oxucularımız xatrırlayarlar, “Korrupsiya və Qanun” qəzetinin ötənilki son buraxılışında “Bizim şorgöz Da Vinçi” sərlövhəli məqalə dərc olunmuşdu. Həmin məqalənin qayəsini Füzuli rayonu Horadiz qəsəbəsində qeydiyyatda olan, Füzuli şəhəri, Ş.Qurbanov küçəsi, ev – 41 ünvanda yaşayan Sultanova Gülnurə Fəxrəddin qızının “Korrupsiya və Qanun” qəzeti redaksiyasına ünvanladığı 18.12.2023-cü il tarixli şikayəti təşkil edirdi.
Həkim səhlənkarlığı və korrupsiya hüquqpozması ilə üzləşdiyini, maddi və mənəvi ziyana düşməsindən şikayətlənən vətəndaş Sultanova bildirirdi ki, 01.06.2022-ci il tarixdə “Yasamal hospitalı”nda (keçmiş “Da Vinçi” hospitalı) həkim Elnur Mehrəliyev tərəfindən əməliyyat olunub və həmin xəstəxanada dörd gün yatıb: “Vəziyyətimin ağır olduğunu həkimə bildirdim, o isə mənə dedi ki, hər şey yaxşı olacaq. Əməliyyat üçün məndən 2900 (iki min doqquz yüz) AZN pul aldı. Üstəlik, analiz üçün 100 (bir yüz) manat ödəmişəm. Mən xəstəxanadan evə qayıtdıqdan sonra hədsiz dərəcədə ağrılarım başladı və bu barədə həkimə bildirdim. O isə mənim dediklərimə əhəmiyyət vermədi”.
G.Sultanova bu qənaətdədir ki, cərrahi əməliyyat düzgün aparılmadığına və əməliyyat zamanı düzgün alətlərdən istifadə edilmədiyinə görə onun yarasında mikroblaşma gedib: “Elnur həkim öz səhvlərini ört-basdır etməyə çalışır”.
Şikayətçi həmçinin yazır ki, həkimin barəsində Yasamal Rayon Polis İdarəsinin 29-cu Polis Bölməsinə şikayət edəndən sonra polisə dəvət olunan E.Mehrəliyev pul aldığını etiraf etsə də, 500 (beş yüz) AZN təhqiqatçıya, 500 (beş yüz) AZN də təhqiqatçının vasitəsilə ona təklif edib ki, ərizəsini geri götürsün. G.Sultanovanın sözlərinə görə, bunu polis təhqiqatçısı onunla söhbətində bildirib. Təbii ki, G.Sultanova onun təklifi ilə razılaşmayıb, işin prokurorluğa ötürülməsini tələb edib, onu ağır duruma salan həkimin layiqli cəza almasına nail olmaq istədiyini deyib. Lakin sonrakı prosesdən G.Sultanovanın xəbəri olmayıb: 29-cu PB-dən onun şikayəti üzrə qəbul edilmiş qərarı istəyəndə qərarın Yasamal rayon prokurorluğuna göndərildiyini deyiblər. Halbuki, polisin qərarının prokurorluğa göndərilməsi onun bir surətinin şikayətçiyə göndərilməsini istisna etmir.
Şikayətçi G.Sultanova yenidən redaksiyamıza müraciət edərək məsələ ilə bağlı digər təfərrüatları açıqlayıb. Yazır ki, prokurorluğa göndərilmiş qərarın prokurorluğun Elgün adlı müstəntiqinin icraatında olduğunu öyrənmişdir. Burada işin yubandığını görən G.Sultanova 3-4 ay get-gələ salındıqdan sonra məcbur olub Prezidentin hüquq məsələləri üzrə köməkçisi cənab Fuad Ələsgərova müraciət edib: “Mənim pis günlərim bundan sonra başladı. Qəbulunda olduğum Yasamal rayon prokuroru Elman müəllim mənə bildirdi ki, işimlə bağlı məlumatlıdır. O, mənə hüquqi savadım olmadığı üçün vəkil işləyən sinif yoldaşı Muradlı Mehman Telman oğlunun xidmətindən istifadə etməyi, onunla müqavilə bağlamağımı təklif etdi. Müstəntiq Elgün məni vəkilin “Tri Korona” adlanan binanın alt mərtəbəsində yerləşən ofisinə göndərdi. Məcburi köçkün ailəsi, şəhid bacısı olduğumu deyəndən sonra vəkil məndən 430 (dörd yüz otuz) manat xidmət haqqı istədi, imtiyazlarımın məsələyə dəxli olmadığını dedi. Bundan sonra ayrılıb evə gəldim, sonrakı telefon danışığımızda isə pulu nağd şəkildə ödəyə bilməyəcəyimi, kart vasitəsilə göndərə biləcəyimi dedim”.
Vətəndaş G.Sultanova bildirir ki, işə cinayət kimi deyil, mülki iş kimi baxıldığını öyrəndiyindən, obyektiv yanaşılmadığından bezərək 06.01.2024-cü il tarixdə intihara cəhd edib. Onu təcili yardım maşınında 1 saylı Kliniki Tibbi Mərkəzə aparıblar. Hal-hazırda ağır durumda olduğunu bildirən vətəndaş Sultanova redaksiyamızdan xahiş etmişdir ki, məsələ kütləvi informasiya vasitəsində ictimailəşdirilib oxucu kütləsinə və aidiyyati orqanlara çatdırılsın, ona dəyən ziyanın ödənilməsinə köməklik göstərilsin.
Qeyd edək ki, tibb ictimaiyyətində Elnur Mehrəli kimi tanınan estetik-plastik cərrah əsasən rinoplastika, abdominoplastika, laparoskopik, mamoplastika, popoplastika əməliyyatları aparması ilə tanınıb. Öz profili üzrə mediada ən çox çıxışlar edib maaraifləndirici iş aparan həkimlərdəndir.
Bu ilin iyul ayının 3-də “Moderator.az” saytı vətəndaş Əliyeva Könül Vicdan qızının doktor Elnur Mehrəlidən şikayətini “Mənə işimi sizmi öyrədəcəksiniz?” deyən həkimin yatağa düçar etdiyi xəstənin FƏRYADI” sərlövhəsi altında dərc edib. Həmin link (https://moderator.az/az/read/654662/) hələ ki internet resurslarında qalmaqdadır.
Qeyd olunanlarla əlaqədar vəkil Mehman Muradlıya zəng vurub şikayətçinin onun xidmətindən narazı qaldığını və verdiyi 430 manat pulu geri tələb etdiyini bildirdik. Mehman Muradlı həmin məbləğin əslində 420 manat olduğunu, iddia ərizəsi yazmaq müqabilində minimum qiymət həddində bağlanan müqaviləyə görə 400 manat order pulu, 20 manat marka pulu təşkil etdiyini, əlavə pul götürmədiyini dedi. Ona xatırlatdıq ki, şikayətçini ona sinif yoldaşı prokuror yönəldib. Öz növbəsində bildirdi ki, prokuror vətəndaşı dövlət vəkili ilə təmin edə bilməz, vətəndaş imtiyazlarından yararlanaraq pulsuz vəkillə təmin olunmaq hüququndan istifadə etmək istəyirdisə, rəsmi qaydada Vəkillər Kollegiyasına müraciət etməliydi: “Məhkəmədə ona sual verəcəkdilər ki, şəhid ailəsi, məcburi köçkün rinoplastika əməliyyatı üçün ödəməyə 5000 manat tapa bilirsənsə, vəkilə 400 manat verə bilmirsən? Üstəlik xatırlatdı ki, mütəmadi olaraq dövri mətbuatda çıxışlar edir, hətta gənc jurnalistlərə jurnalistika hüququ ilə bağlı dərs də deyib. Həmçinin bildirdi ki, şikayətçi şəhid ailəsi statusunu təsdiqləyən heç bir sənəd təqdim etməyib, bu məsələdən sui-istifadə etmək olmaz: “Onda mən də durum deyim ki, mən də şəhid kürəkəniyəm, özüm də I Qarabağ müharibəsi iştirakçısıyam, II dərəcəli əliləm. Prokuror demişdi, mən də ona keyfiyyətli xidmət göstərmişəm, artıq pul almamışam. İddia ərizəsini yazıb vermişəm, iş hələ məhkəmədə davam edir, iş üzrə ekspertiza təyin olunmuşdu, təzədən təkrar ekspertiza təyin olundu. Bu prosedurlar hamısı gedib. İstəsəz, məhkəmə materialları ilə tanış ola bilərsiniz”
Görəsən, prokurorun nə marağı var ki, şikayətçinin hüquqi savadının olmaması ilə qayğılansın? Bəli, hər bir vətəndaş, hansısa hüququ, imtiyazı olub – olmamasından asılı olmayaraq, özünə bahalı rinoplastika əməliyyatı da keçirə bilər, pullu vəkil hüququndan da istifadə edə bilər. Amma məsələ burasındadır ki, bizim misalda nə həkim, nə də vəkil aldıqları pulun qarşılığında üzərlərinə götürdükləri vəzifələri yerinə yetirməyiblər, pulunu da qaytarmırlar.

Xuraman Quliyeva [xfgiven_embed] [/xfgiven_embed] [xfgiven_youtube][/xfgiven_youtube]

OXŞAR XƏBƏRLƏR
Azərbaycanda korrupsiya əməliyyatının TƏFƏRRÜATI - Vəzifəli şəxslər cinayət başında TUTULUBLAR - VİDEO
Azərbaycanda korrupsiya əməliyyatının TƏFƏRRÜATI - Vəzifəli şəxslər cinayət başında TUTULUBLAR - VİDEO
Bakıda müxtəlif təyinatlı kəsici-deşici alətlərin satışının qarşısı alınıb - VİDEO
Bakıda müxtəlif təyinatlı kəsici-deşici alətlərin satışının qarşısı alınıb - VİDEO
BDU-nun tələbəsi qəzada öldü
BDU-nun tələbəsi qəzada öldü
Ötən gün Azərbaycanda 11 kiloqram narkotik tapılıb
Ötən gün Azərbaycanda 11 kiloqram narkotik tapılıb
Dəhşətli qəzaya düşmüş tanınmış teleaparıcı evə buraxılıb
Dəhşətli qəzaya düşmüş tanınmış teleaparıcı evə buraxılıb
Ermənistanın Azərbaycana hərbi təcavüzü nəticəsində itkin düşən vətəndaşlarımızın yeni sayı açıqlanıb
Ermənistanın Azərbaycana hərbi təcavüzü nəticəsində itkin düşən vətəndaşlarımızın yeni sayı açıqlanıb
Azərbaycanda hakim intihar etdi
Azərbaycanda hakim intihar etdi
HƏMAS silahı yerə qoyacağına söz verdi: Amma bir şərtlə
HƏMAS silahı yerə qoyacağına söz verdi: Amma bir şərtlə