Azərbaycan İdeyası

“Korrupsiya ilə mübarizəyə ictimai dəstək” layihəsi çərçivəsində yekun tədbir keçirilib+FOTO

Tarix:9-08-2024, 17:32
Baxış Sayı:118



“İnkişafa və İslahatlara Dəstək” İctimai Birliyi Azərbaycan Respublikasının Qeyri-Hökumət Təşkilatlarına Dövlət Dəstəyi Agentliyinin maliyyə dəstəyi ilə həyata keçirdiyi “Korrupsiya ilə mübarizəyə ictimai dəstək” layihəsi çərçivəsində yekun tədbirini Bakı şəhərində keçirib.

Gənclər Təşkilatlarının Resurs Mərkəzində baş tutan tədbirdə QHT, media nümayəndələri və ictimai fəallar iştirak ediblər. Əvvəlcə ümummilli lider Heydər Əliyevin və qəhrəman şəhidlərimizin əziz xatirəsi bir dəqiqəlik sükutla yad olunub.

Açılış nitqi ilə çıxış edən “İnkişafa və İslahatlara Dəstək” İctimai Birliyinin sədri Ramil Əliyev tədbirin mahiyyətindən bəhs edərək bildirib ki, layihənin məqsədi korrupsiya və rüşvətxorluğa qarşı görülən işləri çatdırmaq, eyni zamanda bu mübarizədə geniş ictimaiyyətin dəstəyini qazanmaqdır. Təşkilat rəhbəri qeyd edib ki, Azərbaycanda korrupsiya ilə mübarizə sahəsində bir sıra mühüm tədbirlər həyata keçirilmişdir: “Korrupsiyaya Qarşı Mübarizə üzrə Dövlət Proqramları və antikorrupsiya qanunvericiliyi qəbul edilərək hüquqi baza gücləndirilmişdir. “Elektron hökumət” layihələri və dövlət satınalmalarının şəffaflığı təmin etmək məqsədilə elektron satınalmalar sistemi tətbiq olunmuşdur. İctimai nəzarətin gücləndirilməsi üçün QHT-lər və medianın rolu artırılmış, maarifləndirmə tədbirləri və təlimlər təşkil edilmişdir. ASAN xidmət və DOST Mərkəzləri də bu istiqamətdə ən uğurlu layihələrdən olub. QHT nümayəndələri olaraq bu istiqamətdə bizim üzərimizə də müəyyən vəzifələr düşür. Bu baxımdan davamlı olaraq bu sahədə layihələrin icrası vacibdir”.

ATXƏM-in sədri İlham İsmayılov, Bakı QHT Resurs Mərkəzi İctimai Birliyinin sədri Rauf Zeyni, layihə eksperti Əli İbrahimov və digər çıxışçılar layihənin uğurlarından danışaraq, bu sahədə ictimai fəallığın artırılmasının vacibliyini qeyd etdilər. Azərbaycanın korrupsiya ilə mübarizə sahəsində yeni mexanizmlər qurduğu və müəyyən problemlərin aradan qaldırılması üçün dövlət qurumları və vətəndaş cəmiyyəti sektorunun birgə və davamlı fəaliyyətinin vacibliyi diqqətə çatdırıldı.

Azərbaycanlıların və digər Türkdilli Xalqların Əməkdaşlıq Mərkəzinin (ATXƏM) sədri İlham İsmayılov korrupsiyaya qarşı mübarizədə və ictimai nəzarətin həyata keçirilməsində QHT-lərin rolunun önəmli olduğunu deyib:

"Prezident İlham Əliyevin ictimai nəzarətin gücləndirilməsi ilə bağlı irəli sürdüyü fikirlər vətəndaş cəmiyyətində, QHT-lər və media qarşısında yeni vəzifələr qoyub. Məhz buna görə də biz bu gün artıq ictimai nəzarətin gücləndirilməsi və bununla da korrupsiyaya qarşı mübarizənin düzgün istiqamətdə aparılmasını təmin etmək üçün dövlət qurumları ilə tərəfdaş olaraq birgə fəaliyyət göstərməliyik. Korrupsiyaya qarşı dövlət səviyyəsində mübarizə aparılsa da, bu məsələdə vətəndaşlarla sıx təmasda fəaliyyət göstərən QHT-lərin də üzərinə böyük məsuliyyət düşür".

ATXƏM sədri ictimai nəzarətlə bağlı sosial institutlar və ictimai nəzarət mexanizmlərinin yaradılmasını vacib hesab edir:

"Biz də artıq uzun müddətdir ki, ölkəmizdə mövcud olan sosial problemlərin həlli üçün tədbirlərin, islahatların keçirilməsi ilə bağlı, QHT-lərin təşəbbüsü ilə İctimai Nəzarət Mərkəzini yaratmışıq və mən İdarə Heyətinin üzvüyəm. Mətbuatda və sosial mediada dəfələrlə cənab Prezidentin korrupsiyaya qarşı mübarizədə çağırışlarına qoşulmuşuq. Lakin bu vaxta qədər aşkar olunan nöqsanların aradan qaldırılması üçün qarşı tərəfdən adekvat addımlar atılmayıb. Baxmayaraq ki, uzun zamandır sosial mediada bu məsələlər müzakirə olunur, lakin təəssüf ki, hələ də bu istiqamətdə qənaətbəxş nəticələr əldə olunmayıb. Bu səbəbdən, yaxşı olardı ki, ictimai nəzarətlə bağlı sosial institutlar və ictimai nəzarət mexanizmləri yaradılsın. Bundan əlavə, QHT-lərin media ilə əlaqəli işləməsi və dialoq platformasının yaradılması da müsbət nəticələr verə bilər. Həmçinin, 44 günlük Vətən müharibəsindən sonra azad olunmuş torpaqlarımızda hal-hazırda gedən bərpa və quruculuq işlərində də tender məsələsinin xüsusi nəzarətdə saxlanılması korrupsiyaya ilə mübarizədə aktual məsələlərdəndir".

Qeyd edək ki, “Korrupsiya ilə mübarizəyə ictimai dəstək” layihəsi Azərbaycan Respublikasının Qeyri-Hökumət Təşkilatlarına Dövlət Dəstəyi Agentliyinin maliyyə dəstəyi ilə həyata keçirilir. Layihə çərçivəsində Bakı şəhəri, Sumqayıt şəhəri, Quba və Xaçmaz rayonlarında maarifləndirici tədbirlər keçirilib.

Rəsmi dəvət əsasında “Korrupsiya və Qanun” qəzetini tədbirdə qəzetin baş redaktoru Xuraman xanım Quliyeva təmsil etmişdir.

OXŞAR XƏBƏRLƏR
Əhalinin NƏZƏRİNƏ - 31 dekabr 00:00-dan etibarən...
Əhalinin NƏZƏRİNƏ - 31 dekabr 00:00-dan etibarən...
Vətən Müharibəsi Qəhrəmanı Kənan Seyidovun müavini oldu
Vətən Müharibəsi Qəhrəmanı Kənan Seyidovun müavini oldu
Azərbaycanda general-leytenant vəzifəsindən azad edildi
Azərbaycanda general-leytenant vəzifəsindən azad edildi
Azərbaycanda yeni Mərkəz yaradıldı
Azərbaycanda yeni Mərkəz yaradıldı
Elşad Abdullayevin adı İNTERPOL-un siyahısından çıxarılıb” – Bəs sabiq rektor harada axtarılır?
Elşad Abdullayevin adı İNTERPOL-un siyahısından çıxarılıb” – Bəs sabiq rektor harada axtarılır?
Narkotik cinayətlərinə görə yeddi minə yaxın şəxs məsuliyyətə cəlb olunub: 11 ayın statistikası
Narkotik cinayətlərinə görə yeddi minə yaxın şəxs məsuliyyətə cəlb olunub: 11 ayın statistikası
AZƏRBAYCANDA GƏLƏN İLİN QEYRİ-İŞ GÜNLƏRİ AÇIQLANDI-2025
AZƏRBAYCANDA GƏLƏN İLİN QEYRİ-İŞ GÜNLƏRİ AÇIQLANDI-2025
HƏRBİ XİDMƏT MÜDDƏTİ AZALDILIR? - RƏSMİ AÇIQLAMA
HƏRBİ XİDMƏT MÜDDƏTİ AZALDILIR? - RƏSMİ AÇIQLAMA