Məktəblərdə laboratoriya işlərinin aparılmasının vacibliyi əslində ən mühüm məsələlərdən biridir. Hər bir kimya, biologiya, fizika müəllimi müasir tədris imkanlarından istifadə etməklə və dərsi mükəmməl şəkildə qurmaqla öz məqsədinə çata bilər. Lakin dərsi interaktiv formada qurmaq və sinfə tam nəzarət etməklə şagirdlərin fəallığını təmin edib onların hər birini dərsə cəlb etmək və prosesdə aktiv mövqe tutmaları üçün tədris saatı kifayət etməyə bilir. Bu vəziyyət laboratoriya dərslərində özünü daha qabarıq şəkildə büruzə verir, belə ki, müəllim həm dərs demək, həm də laboratoriya təcrübəsini şagirdlərə nümayiş etdirmək, nümayiş etdirdikdən sonra isə şagirdlərin apardıqları işə nəzarət etməlidir, şagirdlərdən hər hansı biri təcrübəni aparmaqda çətinlik çəkdikdə və ya hər hansı səhvə yol verdikdə, onu digər şagirdlərin də iştirakı ilə düzəltməlidir. Bütün bu prosesləri müəllim tək apara bilməz. Bunun üçün müəllimə laboratoriya otağına təhkim olunmuş laborant kömək etməlidir. Təəssüflər olsun ki, hal-hazırda orta ümumtəhsil məktəblərimizin əksəriyyətində təcrübəli laborant çatışmazlığı yaşanır. Beləliklə, təlimin keyfiyyəti aşağı düşür. Şagirdlər mövzunu öyrənsələr də, onu dərk edə bilmirlər.
Bəzi məktəblərin laboratoriyalarında lazımi avadanlıqlar və vasitələr olmadığından laborant məktəbdə daha çox başqa işlərin görülməsinə yardım edir. Bəzi məktəblərdə laboratoriyadan anbar kimi istifadə olunur, digərlərində isə ümumiyyətlə nə laboratoriya var, nə də laborant. Bəzi təhsil müəssisələrinin rəhbərləri isə daha uzağa gedərək, məktəbdə laborant ştatının ümumiyyətlə ləğv olunmasına nail olmağa çalışırlar.
Paytaxtın Sabunçu rayonunun Maştağa qəsəbəsindəki 108 saylı tam orta məktəbin kimya-laborantı Cəfərova Aybəniz Elman qızı “Korrupsiya və Qanun” qəzeti redaksiyasına müraciət edərək bildirib ki, 2018-ci ilin mart ayında imtahan verib və həmin ilin iyul ayından etibarən 22 saylı məktəbdə əmək fəaliyyətinə başlayıb. 5 ay sonra yerdəyişmə edərək 108 saylı məktəbdə kimya-laborantı vəzifəsinə təyin olunub. Yeni təyinatından cəmi iki ay sonra laboratoriya otağı sinif otağına çevrilib. Amma laboratoriyaya aid şkaflar, maddə və məhlullar qalıb. Ştat ləğv olunmayıb və 6 il müddətində uyğunsuz şəraitdə işini davam etdirib.
A.Cəfərova qeyd edir ki, bu ilin may ayında şikayət ərizəsi yazıb direktor vəzifəsini icra edən şəxsə təqdim edib. Həmin şikayətdə təsərrüfat işləri üzrə direktor müavininin adı çəkildiyinə görə, həmin vəzifəli şəxs – Günel Əliyeva ona düşmən kəsilib. G.Əliyeva laborant ştatının ləğvinə nail olmaq üçün mühasibatlığa laboratoriyanın avadanlığının silinməsinə dair akt verib.
İşdən çıxarılmaq təhlükəsi ilə üz-üzə qalan A.Cəfərova Bakı şəhəri üzrə Təhsil İdarəsinə şikayət edib və müdir Anar Məmmədovun qəbuluna yazılıb. Lakin onu, Günel Əliyevanı və başqa müəllim yoldaşları daha tez İdarəyə çağırıblar: “Çox təəssüf ki, Anar Məmmədov artıq şikayəti dinləmədi, bizi bağça uşağı kimi yığıb tənbeh elədi. Bir daha bildirdi ki, ştatım ləğv olunub”.
Aybəniz xanım həmçinin Bakı şəhəri üzrə Təhsil İdarəsinin Sabunçu rayonu üzrə kuratoru Gülnar Əsədovadan şikayətlidir: “Gülnar Əsədova heç bir imtahan vermədən bizim məktəbdə “Zəfər tarixi” fənnini tədris edirdi. Bu işin qeyri-qanuni olduğu ilə bağlı söz – söhbətlər artınca, fənni tədris etməkdən imtina etmək məcburiyyətində qaldı. Günel Əliyeva ilə Gülnar Əsədovanın münasibəti yaxşı olduğuna görə, məktəbdən idarəyə göndərilən şikayətləri ört-basdır edir. Onların daha bir rəfiqəsi bu ilin may ayından məktəbə tədris işləri üzrə direktor müavini göndərilmiş Zəhra Əhmədovadır. Direktor vəzifəsini daşıyacaq şəxs hələ tam müəyyənləşmədiyinə görə (hələlik həmin vəzifəni müvəqqəti icra edən var) Zəhra Əhmədova Günel Əliyeva ilə əl - ələ verib məktəbdə hegemonluq etməyə çalışırlar”.
Bu gün təhsilimizin vəzifəsi təkcə şagirdə bilik verməkdən ibarət deyil, bacarıq və vərdişlər aşılamaqdır. Bir ovuc bilik verdik, bununla da bitdi. Amma vərdiş və bacarıqlar əsas məsələlərdən biridir. Kurikulum sistemində əsas məsələ səriştəyə əsaslanan şəxsiyyətyönlü vətəndaş yetişdirməkdən ibarətdir. O səriştə də təkcə nəzəri biliklərlə olmur, parktik bacarıqlarla və vərdişlərlə olur. Nə qədər ali məktəbi bitirənlər var, onlar əmək bazarında iş tapmaqda çətinlik çəkirlər. Bu da əsas gətirir ki, bunların təcrübəsi, praktik vərdişləri yoxdur. Laborant məsələsi gündəmə tez-tez gətirilsə, onlara diqqət artar.