Azərbaycan İdeyası

Yel, nəfəs – ruh və yaradıcı İnsan

Tarix:13-03-2025, 16:05
Baxış Sayı:185



Ülvi bəşəri hisslərin daşıyıcısına çevrilən Novruz bayramı bu gün də insanlar arasında səmimi münasibətlərə yol açaraq dostluq, mərhəmət və xeyirxahlıq duyğularını möhkəmləndirir. Yel çərşənbəsinin qeyd olunduğu 11 mart 2025-ci il tarixində İmişli rayon Mədəniyyət Mərkəzinin qarşısındakı parkda İmişli Rayon İcra Hakimiyyətinin və Mil-Muğan Regional Mədəniyyət İdarəsinin İmişli rayonu üzrə mədəniyyət müəssisələrinin birgə təşkilatçılığı ilə “Yel, nəfəs-ruh, yaradılış...” adlı tədbir keçirilib. Tədbirdə İmişli Rayon İcra Hakimiyyətinin başçısı Elçin Rzayev, Milli Məclisin deputatı Səyyad Salahlı, YAP İmişli rayon təşkilatının sədri Səfa Ağayev, Mil-Muğan Regional Mədəniyyət İdarəsinin rəisi Nadir Quliyev, eləcə də rayonun hüquq-mühafizə orqanlarının rəhbərləri, idarə, müəssisə və təşkilatlarının kollektivləri, şəhid ailələri, qazilər və rayon ictimaiyyəti iştirak ediblər.
Həmin gün paralel olaraq rayonun ən iri qəsəbələrindən olan Bəhrəmtəpə qəsəbəsində də Bəhrəmtəpə qəsəbə istirahət parkının açılışı baş tutub. Açılış günündə parka qəsəbə sakinləri, ictimaiyyət nümayəndələri, sənətçilər gəliblər. Tədbir Novruz şənliyi və konsert proqramı ilə müşayiət olunub. Tədbirə gələnlər bayrama həsr olunmuş səhnəciklərdə folklor nümunələrinə tamaşa edib, yerli müğənnilərdən – Emin Orucovun, Ceyhun Məmmədovun, Mobil Muradovun, Bakıdan təşrif buyurmuş Mehin xanımın ifasında bayram abu-havasını özündə əks etdirən mahnılar ifa olunub. Novruz bayramının əsas personajları olan Kosa və Keçəl, Bahar Qız isə öz maraqlı çıxışları ilə şənliyə xüsusi zövq qatıblar.
Təbii ki, açılış günündə olduğu kimi, bundan sonra da parkın ən vacib qonaqları məhz uşaqlar olacaqlar. Bunu nəzərə alan yerli rəssam Müşfiq Ağayev hələ qabaqcadan parkın perimetri boyunca hasarının içəri divarlarına, parkın içindəki inzibati binanın bayır divarlarına rəsmlər çəkib. Həmin şəkillər - Bahar bayramı atributlarından səməni, Novruz personajları Keçəl və Kosa, tonqal üstündən tullanan uşaqlar, məşhur cizgi filmlərinin qəhrəmanları Qurd və Dovşan, Tom (Pişik) və Cerri (Siçan) uşaqların böyük marağına səbəb olub.
Uşaqların vətənpərvərlik ruhunda tərbiyəsinə ciddi əhəmiyyət verən sənətkar divarlarda üçrəngli bayrağımızın, Şuşa Qalasının, işğaldan azad edilmiş bərəkətli torpaqlarda bitən yaşıl otlarla bəslənən Qarabağ atlarının rəsmini çəkib.
Müşfiq deyir ki, istirahət parkı bəzi xeyirxah qəsəbə sakinlərinin, Rusiyada yaşayan Bəhrəmtəpə əsilli şəxslərin maddi köməkliyi ilə salınıb. Parkın açılışından xeyli əvvəl ərazidəki mövcud ağacların gövdəsinin aşağı hissəsi əhənglənib, fidanlar, ağac tingləri əkilib. O da rəsmləri çəkməyə açılış günündən xeyli əvvəl başlayıb. Valideynlər, uşaqlar gəlib onun işlədiyi rəsmlərin fonunda fotoşəkillər, selfilər çəkdiriblər.
Ağayev Müşfiq Fərrux oğlu 1969-cu il təvəllüdlüdür. 1976-1986-cı illərdə orta məktəb oxuyub. 1987-1989-cu illərdə hərbi xidmət keçib. Onun sözlərinə görə, əl qabiliyyətini hələ uşaq vaxtlarında hiss edib. Xətti yaxşı olduğu üçün müəllimləri məktəbdə divar qəzetlərinin, stend yazılarının sərlövhələrini ona işlətdiriblər. İlk çəkdiyi portretlər isə öz ailə üzvləri olub.
Müşfiq deyir ki, rəsm çəkmək onun xobbisidir, rəsm işləyəndə istirahət edir, zövq alır. Ona görə də istirahət parkını rəsmlərlə bəzəmək məsələsi gündəmə gələndə sevinib, işi təmənnasız görməyi üzərinə götürüb. Çünki nəticə etibarilə bu iş gələcəyimiz olan uşaqları əyləndirməyə xidmət edəcək.
Müşfiq Ağayevin bacısı Validə xanım və ilk sinif müəllimi olmuş Gülafiyə Mustafayeva bu sətirlərin müəllifi – mən, Xuraman Əhliman qızı Quliyevanın sinif yoldaşları, rəfiqələridirlər. Gülafiyə müəllimə xatırlayır ki, Müşfiqin əl qabiliyyəti hələ uşaq vaxtlarından hiss olunub. Xətti yaxşı olduğu üçün müəllimləri məktəbdə divar qəzetlərinin, stend yazılarının sərlövhələrini ona işlətdiriblər. Gülafiyə müəllimə heyfslənir ki, Müşfiq niyə rəssamlıq, incəsənət məktəbinə getməyib, professianal təhsil almayıb.
Müşfiqin bacısı Validə xanım deyir ki, Müşfiqin əl qabiliyyəti bizim ailə üçün təəccüblü sayılmır, çünki atası da, digər qardaşları da belə bacarıqları ilə seçiliblər. Ancaq Müşfiq xüsusilə fərqlənib. İlk çəkdiyi portretlər də məhz ailə üzvləri olub.
Əlbəttə, Müşfiqin xəttalıq, nəqqaşlıq xidmətindən faydalananlar da olur, xidmətinin haqqını da ödəyirlər. El öz sənətkar oğlunun dolanışığına kömək edir. Lakin rayon rəhbərliyi Müşfiq Ağayevin sabit qazanclı bir işlə təmin olunması ilə qayğılansa, yaxşı olar. Bu, onun istedadını stimullaşdırar, incəsənətə daha çox töhfələr verməyə sövq edərdi.

Xuraman Quliyeva




OXŞAR XƏBƏRLƏR
Zakir Həsənov: "Üçtərəfli görüş dostluq, tərəfdaşlıq və strateji səviyyəli dialoqun bariz nümunəsidir"
Zakir Həsənov: "Üçtərəfli görüş dostluq, tərəfdaşlıq və strateji səviyyəli dialoqun bariz nümunəsidir"
Şuşada Azərbaycan, Türkiyə və Gürcüstan müdafiə nazirləri mühüm sənədi imzaladılar
Şuşada Azərbaycan, Türkiyə və Gürcüstan müdafiə nazirləri mühüm sənədi imzaladılar
Ermənistanın ABŞ-dəki səfiri: "TRIPP layihəsinin inşası 2027-ci ilin əvvəlində başlayacaq"
Ermənistanın ABŞ-dəki səfiri: "TRIPP layihəsinin inşası 2027-ci ilin əvvəlində başlayacaq"
Azərbaycan Prezidenti: "Bundan sonrakı illərdə Böyük Qayıdış daha da sürətlə gedəcək"
Azərbaycan Prezidenti: "Bundan sonrakı illərdə Böyük Qayıdış daha da sürətlə gedəcək"
Prezident İlham Əliyev: "Azərbaycan bu gün çox ciddi geosiyasi və təhlükəsizlik faktoruna çevrilib"
Prezident İlham Əliyev: "Azərbaycan bu gün çox ciddi geosiyasi və təhlükəsizlik faktoruna çevrilib"
Prezident İlham Əliyev: "İslam həmrəyliyinin gücləndirilməsi üçün birləşdirici rol oynayırıq" - Video
Prezident İlham Əliyev: "İslam həmrəyliyinin gücləndirilməsi üçün birləşdirici rol oynayırıq" - Video
Azərbaycan Prezidenti: "Müasir ideoloji işlər aparılmalıdır"
Azərbaycan Prezidenti: "Müasir ideoloji işlər aparılmalıdır"
Bu şəxslərlə vergi ilə bağlı şad xəbər: Güzəşt ediləcək şəxslər... - Siyahı
Bu şəxslərlə vergi ilə bağlı şad xəbər: Güzəşt ediləcək şəxslər... - Siyahı