Azərbaycan İdeyası

Cəhənnəmə gedəndə müqavilə yada düşmür, yaxud rusiyalı şərçilərə qısa xatırlatma

Tarix:Bu gün, 11:30
Baxış Sayı:1


"Ermənilərlə mümkün qədər mehriban rəftar edilməli və daha çox gəlməyə həvəsləndirilmələri üçün onlara lazım olan hər hansı yardım göstərilməlidir".

Sözügedən cümlə 300 il əvvəl Rusiya çarı I Pyotrun imzaladığı fərmandan götürülüb. O fərmandan ki, onu özünü açıq şəkildə Rusiya imperiyasının olmasa da, Sovet İttifaqının varisi elan edən ölkənin hazırkı prezidenti hər dəfə yeri düşəndə vurğulamaqdan həzz alır.

Rusiyanın ermənilərin "böyük himayədarı" obrazı Moskva üçün siyasi alətdir, özü bir balaca çətinliyə düşəndə işə salır. Öncə yüksəksəviyyəli məmurlar bu "həqiqəti" unudan ermənilərə hədə-qorxu gəlməyə başlayırlar, sonra da əlaltıları onlara züy tuturlar.

Hazırda növbəti "unutqanlıqla mübarizəyə" start verilib. Məlum məsələdir ki, Ermənistanda iyunda parlament seçkisi keçiriləcək. Bu ərəfədə İrəvanın indiyədək Moskvaya xoş gəlməyən bütün hərəkətlərinə, xüsusilə parlamentin Avropa İttifaqına üzvlük barədə qanunu qəbul etməsi, Beynəlxalq Cinayət Məhkəməsinə üzvlüyünə görə bir növ qisas və cəza tədbirləri ilə bağlı ritorika işə salınıb.

Şimaldan gələn təhdidlər birbaşa erməni xalqının soyuqdan donub, acından ölmək perspektivinə köklənib - sizə qazı dörd dəfə ucuz satırıq, Ermənistanın yeganə aqrobazarı isə Rusiyadır. Yəni biz qazı kəssək, sizi bazara buraxmasaq, batdınız.

Ermənistanda vəziyyəti qızışdırıb revanşistlərin ağzına yem atmaq üçün isə "Tsarqrad" telekanalı xüsusi canfəşanlıq edir. Bu günlərdə kanal aktiv şəkildə 44 günlük müharibənin nəticələrinə kölgə salmağa çalışır, erməni "qəhrəmanlığı" mədh olunur, ölkəmiz aqressor kimi göstərilir və guya Rusiyanın Qarabağı Azərbaycana hədiyyə etdiyi kimi absurd tezislər yayır.

Nə "Tsarqrad", nə də bundan öncə Azərbaycana qarşı hədyanlarla çıxış edən "Rossiya 1" özbaşınadır və orada bu tipli materialların yayılması Rusiya siyasi və informasiya çevrələrinin bir hissəsinin, bu gün olmasa belə, gələcək üçün Azərbaycanın ərazi bütövlüyünə qarşı erməni iddialarını və Qarabağ mövzusu üzərindən təsir mexanizmlərini qoruyub-saxlamaq üçün hər cür yola baş vurmağından xəbər verir.

Erməniləri "unutqanlıq"da təqsirləndirən Rusiya media resursları özləri də yaddaş korluğundan əziyyət çəkdiklərinin fərqinə varmırlar. Necə olur ki, 44 günlük müharibə vaxtı və ondan sonra Ermənistanın Kollektiv Təhlükəzislik Müqaviləsi Təşkilatının (KTMT) fəaliyyətsizliyi ilə bağlı ittihamlarına Vladimir Putinin: "Siz özünüz Qarabağı Azərbaycanın tərkib hissəsi kimi tanımısınız" cavabını bəh-bəhlə yayımladıqlarını unudurlar? O qədər də çox vaxt keçməyib üstündən. Hər halda I Pyotrun məlum fərmanı imzaladığı vaxtdan əlli dəfə az bir müddətdir altı il. Artıq bağlanmış bir münaqişəni zorla yenidən regional diskursa qaytarmaq cəhdi aşkar təxribatdır.

Bu siyasi şər(h)çilər bir məsələni də unudurlar ki, Rusiyanın həm Ermənistan, həm də Azərbaycanla qarşılıqlı müttəfiqlik fəaliyyəti ilə bağlı müqavilələri var. Odur ki, Qarabağın artıq beynəlxalq hüquq və Azərbaycanın ərazi bütövlüyü çərçivəsində həll olunmuş məsələ kimi deyil, geosiyasi oyun elementi və regiona təsir üçün gələcək rıçaq kimi təqdim olunması strateji baxımdan böyük yanlışlıqdır və getdikcə Rusiyanın regionun hər iki ölkəsi ilə münasibətlərinə zərər vurmağa başlayır.

Ermənistanda populyarlığını çoxdan itirmiş revanşistlərə "itirilən Qarabağ" mövzusunu gündəmə gətirməklə qol-qanad vermək orada radikallaşmanı gücləndirməyə, vətəndaş narazılığını artırmağa hesablanıb.

Bu cür populizmə rəvac verilməsi Bakıda Moskvanın region siyasətini yenə də təzyiq, idarəolunan gərginlik və potensial münaqişə rıçaqları kimi qurmaq istəyi kimi qəbul olunur.

Otuz ildən artıq münaqişə yaşamış iki Cənubi Qafqaz ölkəsi hazırda sülh quruculuğuna köklənib. Dörd bir tərəfdə müharibə və münaqişələrin tüğyan etdiyi zamanda bölgədə yeni siyasi reallıq yaranıb. Rusiya isə bir tərəfdən, Cənubi Qafqazda təsir imkanlarını qorumağa, digər tərəfdən də çeynənmiş Qarabağ kartına əl ataraq köhnə münaqişəyə can verməyə, onu daim gündəmdə saxlamağa çalışır.

Dünya dəyişir, ancaq imperializm illüziyasının qılafından çıxa bilməyən Rusiya reallıqla ayaqlaşa bilmir. Moskva hələ də postsovet məkanına müstəqil tərəfdaşlar kimi deyil, təsir zonası kimi baxmağa çalışır və məhz bu yanlış yanaşma onu bugünkü siyasi və iqtisadi cəhənnəmin astanasına gətirib çıxarıb.

Necə deyərlər, cəhənnəmə gedən özünə yoldaş axtarar. Həm regionda, həm də beynəlxalq müstəvidə getdikcə artan siyasi təcrid isə şimal qonşularımızın yadından tərəfdaşlığı da, onunla bağlı müqavilələri də sıxışdırıb çıxarır...

OXŞAR XƏBƏRLƏR
Cəhənnəmə gedəndə müqavilə yada düşmür, yaxud rusiyalı şərçilərə qısa xatırlatma
Cəhənnəmə gedəndə müqavilə yada düşmür, yaxud rusiyalı şərçilərə qısa xatırlatma
Ermənistan Türkiyə və Azərbaycan istiqamətində dəmiryollarını yenidən qurur
Ermənistan Türkiyə və Azərbaycan istiqamətində dəmiryollarını yenidən qurur
Leyla Əliyeva Masallı səfərindən paylaşım edib - FOTO
Leyla Əliyeva Masallı səfərindən paylaşım edib - FOTO
Rusiyada dələduzlar onlayn oyun oynayan uşağı aldatdılar: Kart məlumatlarını ələ keçirdilər
Rusiyada dələduzlar onlayn oyun oynayan uşağı aldatdılar: Kart məlumatlarını ələ keçirdilər
Boğaz ağrısı və əzələ spazmı: Kondisionerdən düzgün istifadə etməməyin FƏSADLARI
Boğaz ağrısı və əzələ spazmı: Kondisionerdən düzgün istifadə etməməyin FƏSADLARI
Bakıda vəzifəli şəxs idman zalında ÖLDÜ
Bakıda vəzifəli şəxs idman zalında ÖLDÜ
AZAL Naxçıvan reyslərini yenidən bərpa edib
AZAL Naxçıvan reyslərini yenidən bərpa edib
Bakıda istiqaməti dəyişdirilən avtobusların hərəkət sxemi bərpa edilir
Bakıda istiqaməti dəyişdirilən avtobusların hərəkət sxemi bərpa edilir