Son günlər sosial şəbəkələrdə tez-tez müzakirə olunan məsələlərdən biri də ictimai nəqliyyatda gənclərin böyüklərə yer verməməsidir. Bu problem bəzən ictimai nəqliyyatda davaya belə çevrilir.
Mövzu ilə bağlı paytaxt sakinlərinə üz tutduq:
Bakı sakini, 72 yaşlı Həsən dayı da ictimai nəqliyyatda gənclərin yaşlılara yer verilməməsindən narzaıdır:
“Bəzən avtobusa minəndə gənclər baxıb görsələr də, yer vermirlər. Elələri var ki, telefonuna elə başını salır, elə bil heç nə görmür. Halbuki bir ‘buyur otur’ demək böyük iş deyil".
58 yaşlı Səkinə xala isə bir az fərqli düşünür:
“Bəzən gəncləri də qınamıram. Elə yaşlı insanlar var ki, davranışları ilə hörmət qazanmaq əvəzinə, əksinə, narahatlıq yaradırlar. Elə yer verməyə layiq deyillər”.
“O da 50 qəpik yol pulu verir, mən də. Kimsəyə niyə verməliyəm ki” – bunu isə özünü təqdim etmək istəməyən cavan oğlan deyir.
Mövzu ilə bağlı AMEA Folklor İnstitutunun aparıcı elmi işçisi, filologiya üzrə fəlsəfə doktoru Elyar İslamoğlu bildirib ki, ictimai nəqliyyatda böyüklərə yer vermək həm ədəb qaydasıdır, həm də əsrlər boyu formalaşmış bir davranış nümunəsidir.
Müsahibimizin sözlərinə görə, biz bu ənənənin izlərini "Kitabi-Dədə Qorqud" dastanında da görə bilərik. Orada ağsaqqallara və böyüklərə necə hörmət göstərildiyi açıq şəkildə təsvir olunur. Bu adət-ənənə bu günə qədər gənclərimizə aşılanıb və təbliğ olunur:
"İctimai nəqliyyatda böyüklərə, ağsaqqallara yer vermək bir ədəb və hörmət nümunəsidir".
Dediyinə görə, hazırda elə gənclər də var ki, oturduqları yerdə qarşıdan bir böyük gəldiyini görəndə dərhal ayağa qalxır və üst-başlarını düzəldirlər. Bu, tərbiyənin və dəyərlərə bağlılığın göstəricisidir.
“Biz Avropada belə adət-ənənələrə rast gəlmirik. Təəssüf ki, bəzi gənclərimiz də getdikcə bu davranışların artıq lazımsız olduğunu düşünməyə başlayırlar. Halbuki dinimiz bizə hər zaman böyüklərə hörmət etməyi tövsiyə edir”, - deyə Elyar İslamoğlu vurğulayıb.
Zeynəb Eyyubova: Cavanların yaşlılara yer verməsi nə qanuni məcburiyyət, nə də bir borcdur
Məsələnin psixoloji tərəfini izah edən psixoloq Zeynəb Eyyubova bildirib ki, ictimai nəqliyyatda yer vermə məsələsi günümüzdə tez-tez müzakirə olunur və bəzən gənclərlə yaşlılar arasında qarşıdurmaya səbəb olur. Gənclər “niyə yer verməliyəm” sualını verir, yaşlı nəsil isə bunu onların borcu kimi görür. Bəs psixoloji baxımdan bu situasiyanın mahiyyəti nədir?
Psixoloq da qeyd edib ki, yer vermək bir mədəniyyət və empatiya məsələsidir. Bu, qanunla məcburi olmasa da, cəmiyyətin sağlam mənəvi dayaqları üçün vacib olan ədəb qaydasıdır. Empatiya hissi yüksək olan insan qarşısındakı şəxsin fiziki ehtiyacını hiss edib yer verməyi təbii qarşılayır:
"Empatiya uşaqlıqdan formalaşır. Əgər bir insan ailəsində, məktəbdə və ya cəmiyyətdə bu dəyərləri görməyibsə, yer verməməsi də təəccüblü deyil. Digər tərəfdən, gənclərin etiraz etməsinin də bir psixoloji səbəbi var. Gənclər tez-tez özlərini dəyərsiz hiss etdikləri bir cəmiyyətin üzvü kimi qəbul edirlər. Öz haqlarının tanınmadığını düşündükləri üçün onlar da başqalarının haqlarını tanımağa meyilli olmurlar. Bu, bir növ psixoloji müdafiə mexanizmidir".
"Unutmamalıyıq ki, hər kəs ayaq üstə qalmaqda çətinlik çəkə bilər - bu, təkcə yaşla bağlı deyil. Bəzən fiziki görünüşcə sağlam görünən bir gəncin ciddi sağlamlıq problemi ola bilər. Yəni heç kimə zorla “qalx və yer ver” demək düzgün deyil. Əksinə, hörmət və anlayış qarşılıqlı olmalıdır",- deyə müsahibimiz vurğulayıb.
Zeynəb Eyyubova vurğulayıb ki, nəticə olaraq, yer vermək nə qanuni məcburiyyət, nə də bir borcdur. Bu, insanın daxili mədəniyyətinin və empatiya qabiliyyətinin göstəricisidir:
“Cəmiyyət olaraq əsas məqsədimiz gənclərə bu dəyərləri öyrətmək, yaşlılara isə bu davranışı sevgi ilə qazandırmaq olmalıdır - məcburiyyətlə yox, nümunə ilə”.
Mail Yaqub: Bir gəncin yaşlıya yer verməməsi onu ictimai təzyiqlə susdurmaq üçün əsas olmamalıdır
Sosioloq Mail Yaqub isə bildirib ki, bizim mentalitetdə yaşlılara yer vermək ədəb-ərkanın əsas qaydalarından sayılır.
Sosioloq qeyd edib ki, bu davranış cəmiyyətin hörmət və ehtiram üzərində qurulan dəyərlərinin təzahürüdür. Ənənəvi olaraq, yaşlı insanlara yer vermək ailədə, küçədə və ictimai yerlərdə bizə aşılanan bir mədəni davranış nümunəsi kimi qəbul edilir.
Onun sözlərinə görə, bu yazılmamış qaydalar bəzən cəmiyyətdə o qədər güclü təsir göstərir ki, bu davranışı yerinə yetirməyən şəxslər ictimai qınağa məruz qalırlar:
"Bəli, ictimai qınaq bəzən lazımlıdır, çünki bu, cəmiyyətin öz daxilində etik normaları qorumaq və gələcək nəsillərə ötürmək vasitəsidir. Amma bu qınaq təhqirə və alçaltmaya çevrilməməlidir".
Müsahibimizin fikrincə, bir gəncin yaşlıya yer verməməsi onu ictimai təzyiqlə susdurmaq üçün əsas olmamalıdır. Əksinə, belə hallarda maarifləndirmə və xoş niyyətli yanaşma daha faydalıdır. "Əgər kimsə bu adətə əməl etmirsə, bu onun hüququdur. Biz bu davranışı zorla deyil, anlayış və mədəniyyət yolu ilə təbliğ etməliyik", - deyə o əlavə edib.
Mail Yaqub vurğulayıb ki, yaşlılara hörmət hüquqi məcburiyyət deyil, əxlaqi bir məsuliyyətdir:
"Əxlaq məcburiyyətləri hüquqla ölçülmür, onlar vicdanla, tərbiyə ilə formalaşır. Cəmiyyət olaraq bu davranışı sevgi və hörmətlə yaşatmalı, onu zorla və ya təhqirlə deyil, örnəklə və dialoqla gələcək nəsillərə ötürməliyik".