
Azərbaycanda kriminogen durumu formalaşdıran ən geniş yayılmış cinayət növlərindən biri də dələduzluqdur. Dələduzlar çox vaxt yüksək vəzifəli şəxslərin qohumları olur, ya da onların adından istifadə edirlər. Dələduzların toruna ən çox işaxtaranlar düşürlər. Yalançı işlər isə daha çox Azərbaycan iqtisadiyyatının “şah damarı” sayılan neft sektorundaymış kimi vəd olunur.
Bütün bunlar onun göstəricisidir ki, ölkədə ciddi işsizlik problemi var. İqtisadiyyat, dövlətin büdcəsi əsasən neft hasilatı və ixracı üzərində qurulub, başqa sahələrə yetərincə şaxələndirilməyib. İnsanlar rəsmi elan olunan vakansiyalara, hökumətin əhalinin məşğulluğunun təmininə yönəlik proqramlarına inanmır, məqsədə çatmaq üçün məmurlara rüşvət verib “iş aşırmağı” daha məqbul və etibarlı üsul sayır. Əksərən bu cəhdlər peşmançılıqla müşayiət olunur, mübahisələr hüquq müstəvisinə çıxır. Bəzən hətta dələduzların tələsinə düşənlər öz hüquqlarını qorumaqda belə çətinlik çəkirlər.
Vətəndaş Əzizov Ramin Söhrab oğlu “Korrupsiya və Qanun” qəzeti redaksiyasına 22.05.2025-ci il tarixli ərizə ilə müraciət edərək dələduzluq əməlinə məruz qaldığını, aldadılaraq pullarının mənimsənildiyini bildirmiş, problemin mediada ictimailəşdirilməsini, aidiyyəti qurumlara, səlahiyyətli vəzifəli şəxslərin nəzərinə çatdırılmasını xahiş etmişdir.
Yazıb ki, bu ilin aprel ayının axırlarında onun iş axtarışında olduğunu bilən adaşı Ramin onu İbrahim adlı şəxslə tanış etmiş və bildirmişdir ki, İbrahimin qaynatası Eldar müəllim Dövlət Neft Şirkətində rəhbər vəzifədə işləyir, əki uzundur, kpmık edə bilər. Şikayətçinin sözlərinə görə, İbrahim onu ARDNŞ-də kompüter mühəndisi vəzifəsində işə düzəldəcəyini vəd edərək 20000 (iyirmi min) manat rüşvət istəyib, deyib ki, həmin puldan 18000 (on səkkiz min) manat yuxarı vəzifəli şəxsə, cəmi 2000 (iki min) manat da özünə çatır. Ramin Əzizov ona inanıb və lazım olan məbləğin xeyli hissəsini bankdan borc götürüb. 29 aprel 2025-ci il tarixdə Bakı metrosunun “28 May” stansiyası həndəvərində görüşüblər, 20000 (iyirmi min) manat pulu İbrahimə verib. İbrahim işin on beş günə həll olunacağını vəd etsə də, üstündən xeyli keçməsinə baxmayaraq, nə işi düzəldib, nə də pulu qaytarıb. Ötən müddət ərzində telefon danışıqlarında, vatsap yazışmalarında ilk əvvəl İbrahim Raminə səbrli olmağı məsləhət görsə də, sonda ümumiyyətlə pulu qaytarmaqdan boyun qaçırmış, “hara istəyirsən, şikayət et” demişdir. Bundan sonra Ramin Əzizov İbrahimin qaynatasının nüfuzuna görə ictimai qınaqdan çəkinəcəyini güman edərək, qəzet redaksiyasına müraciət etmişdir.
Redaksiya rəhbərliyi Ramin Əzizovun ərizəsi üzrə araşdırma aparmaq vəzifəsini qəzetin əməkdaşı Z.Məmmədovaya həvalə etmişdir. Əməkdaşımız İbrahim adlı şəxslə əlaqə qurmuş, qarşı tərəf kimi mövqeyini öyrənmək istəmişdir. İbrahim əməkdaşımıza Ramindən pul aldığını etiraf etmiş, eyni zamanda xahiş etmişdir ki, məsələnin ictimailəşdirilməsini istəmir, pulu hissə-hissə qaytaracaq. İbrahimin təklifi redaksiya səviyyəsində şikayətçi ilə müzakirə olunmuş, ortaq məxrəcə gəlinmişdir: İbrahim ilkin olaraq 5000 (beş min) manat, qalan pulu isə bir ay ərzində Raminə qaytarmağı boynuna götürür.
Beləliklə, İbrahimin təklif etdiyi məkanda görüş təyin olunur – iştirakçılar İbrahim, Ramin və redaksiyanmızın əməkdaşı Z.Məmmədova olmalıymışlar. Lakin Ramin başqa işi çıxdığı üçün təyinat yerinə gələ bilməyəcəyini deyir və İbrahimin pulu Z.Məmmədovaya verməsinə razı olduğunu bildirir. Təəccüblü də olsa, İbrahim razılaşdırıldığı kimi özü ilə 5000 (beş min) deyil, 6000 (altı min) manat (hüquqi dildə ifadə etsək, xeyli miqdarda) pul gətirir. Z.Məmmədova əmanəti ondan alıb çantasına qoyur və arlanandan az keçmiş Nəsimi rayon Polis İdarəsinin əməkdaşları ona yaxınlaşaraq saxlayırlar. Az sonra məlum olur ki, İbrahim guya Z.Məmmədovanın onu hədə-qorxu ilə pul tələb etdiyi barədə polisə şikayət etmişdir. Z.Məmmədovanın şübhəli şəxs qismində ifadəsi alınaraq sərbəst buraxılsa da, hazırda polisdə həmin iş təhqiqat mərhələsindədir.
Göründüyü kimi, jurnalistin sözügedən mübahisəyə konstruktiv müdaxiləsi onun özünə qarşı çevrilmişdir. Əməkdaşımız Z.Məmmədova bildirib ki, nədənsə polis işin “qara məni basınca, qoy qaranı mən basım” prinsipi ilə hərəkət edən İbrahimin xeyrinə xitam verilməsinə meyllidir. Necə deyərlər, “oğru elə bağırdı ki, doğrunun bağrı yarıldı”. Əminik ki, İbrahim bəyin redaksiyanı şantaj etmək cəhdi boşa çıxacaq.
Korrupsiya və Qanun.