Azərbaycan İdeyası

Qurtuluş Günündə Şəhidlik zirvəsinə ucaldı

Tarix:8-07-2025, 12:32
Baxış Sayı:57



Azərbaycan keçmiş SSRİ rəhbərliyinin müdafiə etdiyi Ermənistanın təcavüzü ilə üz-üzə qalanda Salyan rayonu Yenikənd kəndinin yetirməsi, 1965-ci il təvəllüdlü Salman Cəfərov Bakı Dövlət Universitetinin Mexanika-Riyaziyyat fakültəsində təhsil alırdı. Birinci kurs tələbəsi Salman Cəfərov Sovet Ordusu sıralarında həqiqi hərbi xidmətə çağırıldı. O, məcburiyyət qarşısında xidmətini Qazaxıstanda başa vurdu. Geri qayıdandan sonra BDU-nu bitirdi, doğma kəndlərində müəllim kimi fəaliyyətə başladı. Gənc mütəxəssis kimi şagirdlər arasında hörmət qazanan Salman müəllim Qarabağa getmək, düşmənlərə qarşı aparılan mübarizədə iştirak etmək istəyirdi. 1992-ci ilin iyul ayında belə bir fürsət yarandı. O, Azərbaycan Müdafiə Nazirliyinin tabeçiliyindəki “N” saylı hərbi hissədə leytenant rütbəsində xidmətə başladı.
Zabit Salman Cəfərovun döyüş yolu Füzuli bölgəsindən başladı. Salman Cəfərov Tank əleyhinə idarə olunan raket diviziyası komandirinin müavini olaraq həm şəxsi heyəti qorumağa çalışır, həm də döyüş əməliyyatlarının uğurla nəticələnməsi üçün əlindən gələni əsirgəmirdi. Füzuli rayonu ərazisində yerləşən Uryandağ yüksəkliyi uğrunda aparılan əməliyyat zamanı düşmən tərəfin xeyli sayda texnikası və canlı qüvvəsi məhv edildi. Bu qalibiyyət cəbhəyanı hərbi hissələrdə böyük coşqu ilə qarşılandı. Bu uğura görə Salman Cəfərova növbədənkənar baş leytenant rütbəsi verildi. “Leytenant” adı ilə tanınan Salman Cəfərov 1993-cü ilin fevralında 7 gün mühasirədə qalan zabit və əsgərlərin mühasirədən çıxarılmalarına yardımçı oldu. Salman Cəfərov həmçinin, Ağdərə bölgəsində xidmət edən 150 nəfər zabit, gizir və əsgərin mühasirədən çıxarılmasında həlledici rol oynamışdır.
Salman Cəfərovun atası Tarverdi əmi, anası Şahnisə xala 3 oğul, 5 qız böyütmüşdülər. Uşaqlar zəhmətkeş, ailəcanlı idilər. Ailənin digər övladı - Cəfər Cəfərov da 1992-ci ilin iyun ayında həqiqi hərbi xidmətə yola düşmüşdü. O, qanlı döyüşlərdən birində yaralanmış, müalicə aldıqdan sonra yenidən hərbi hissəyə qayıtmışdı. Təəssüflər olsun ki, qanlı-qadalı müharibədən salamat qayıdan Cəfər Cəfərov 2005-ci il yanvarın 9-da yaşadığı Yenikənd kəndində avtoqəzanın qurbanı oldu (Salman subay, Cəfər ailəli idi. Cəfərin 2 övladı yadigar qalıb).
Salman Cəfərovun döyüş yolu 1993-cü il iyun ayının 15-də sona çatdı. O, şəhadətə qovuşdu, el-obanın adətilə Yenikənd kənd qəbristanlığında dəfn edildi.
Bu il martın 7-də 60 yaşı tamam oldu Salman müəllimin. Vaxtilə oxuduğu, sonra isə işlədiyi tədris ocağında, həmçinin, Yenikənd kəndindəki “Şirvan” restoranında şəhid baş leytenant Salman Cəfərovun 60 illik yubileyi ilə əlaqədar tədbir keçirildi. Salman Cəfərov adına Yenikənd kənd tam orta məktəbin direktoru Elnur Nəzirov, el ağsaqqalı Qurban Bağırov, müəllimlərdən İlham Qəhrəmanov, Bəyməmməd Səlimov, ehtiyatda olan General-mayor, müharibə veteranı Novruzəli Orucov, Şəkərli kənd ümumi orta ümumtəhsil məktəbinin direktoru Səlimağa Səlimov, Salman Cəfərovun sinif yoldaşı, jurnalist Şamil Sabiroğlu və başqaları Şəhidin qısa, lakin mənalı ömür yolundan söhbət açdılar. Böyük qardaşı Pirverdi Cəfərov Salman müəllimin adını uca tutaraq anma mərasiminə qatılanların hər birinə ailəsi adından təşəkkür etdi.

Azər Rzayev

OXŞAR XƏBƏRLƏR
Misir Mərdanov bu vəzifəyə təyin edildi
Misir Mərdanov bu vəzifəyə təyin edildi
Kamran Əliyev Korrupsiyaya qarşı Mübarizə İdarəsində müşavirə keçirdi - FOTOLAR
Kamran Əliyev Korrupsiyaya qarşı Mübarizə İdarəsində müşavirə keçirdi - FOTOLAR
Yalnız bu şəxslər aptek işlədə biləcək – YENİ QƏRAR
Yalnız bu şəxslər aptek işlədə biləcək – YENİ QƏRAR
Dələduz ərindən boşandı, öz günahlarından ki boşanmayıb
Dələduz ərindən boşandı, öz günahlarından ki boşanmayıb
Qarlı hava qəzaları ARTIRIR – Ustadan sürücülərə XƏBƏRDARLIQ
Qarlı hava qəzaları ARTIRIR – Ustadan sürücülərə XƏBƏRDARLIQ
Qarlı hava nə vaxta qədər davam edəcək?
Qarlı hava nə vaxta qədər davam edəcək?
Çovğun olacaq, yollar buz bağlayacaq - XƏBƏRDARLIQ
Çovğun olacaq, yollar buz bağlayacaq - XƏBƏRDARLIQ
Gecəgözlü kəndinin coğrafiyada izi qorunmalıdır
Gecəgözlü kəndinin coğrafiyada izi qorunmalıdır