Əməkdar idman ustası Zülfiyyə Hüseynova Cüdo Federasiyasında üzləşdiyi haqsızlıqdan gileylənir+VİDEO
Tarix:Bu gün, 15:13
Baxış Sayı:102
Hamımızın, xüsusilə də ölkənin idman ictimaiyyətinin yaxşı tanıdığı Zülfiyyə Yusif qızı Hüseynova (15 oktyabr 1970-ci ildə anadan olub) Azərbaycanın görkəmli idmançısı, beş dəfə sambo üzrə dünya çempionu, iki dəfə Avropa çempionu, 1996 və 2000-ci illər Olimpiya Oyunlarının iştirakçısıdır. SSRİ və Azərbaycanın Əməkdar İdman Ustası olan Zülfiyyə cüdo və sambo idman növlərinin inkişafına böyük töhfə verib, son vaxtlara kimi veteranlar və görmə qabiliyyəti zəif idmançılar arasında beynəlxalq səhnədə çıxışlarını davam etdirib.
Bu günlərdə “Korrupsiya və Qanun” qəzeti redaksiyasının qonağı olan korifey idmançımız bildirir ki, keçən il təqaüdə çıxanda Cüdo Federasiyasının prezidenti Rəşad Nəbiyevə (Rabitə və Yüksək Texnologiyalar naziri) müraciət edib. Deyib ki, öz bilik və bacarığını Azərbaycan idmanını gələcəkdə təmsil edəcək gənc nəslə öyrətmək istəyir. İşlə təmin olunmasını xahiş edib. Federasiya prezidenti onun müraciətini Federasiyanın baş katibi (icraçı vitse-prezidenti) Rəşad Rəsulluya yönəldib. Rəşad Rəsullu öz növbəsində bildirib ki, kadrları işə kişilərdən ibarət cüdo yığma komandamızın almaniyalı baş məşqçisi və performans direktoru Riçard Trautman götürür. Bunu eşidəndə Zülfiyyə Hüseynova emosiyasını cilovlaya bilməyib.
“Dedim ki, onda bizim başımıza kül olub ki, bizi alman işə götürür. Mən yaxınlaşdım Riçard müəllimə. Tərcüməçinin vasitəsilə ona məsələni danışdım. Alman mütəxəssis dedi ki, heç kimi tanımıram, kadr işinə qarışmıram. Deyirlər onu işə götür, onu götürürəm, bunu işə götür, bunu götürürəm. Mən onu başa düşdüm, cəmi dörd ildir Azərbaycanda işləyir, tanımaya bilər.
Mən yenidən Rəşad Rəsullu ilə görüşüb, Riçard Trautmanın sözlərini çatdırdım. Həmçinin ona xatırlatdım ki, Azərbaycanın ağır günlərində idmançıların 90 faizi qaçıb başqa ölkələri təmsil edirdilər. Mən Vətəndə qalıb üçrəngli bayrağımızı qaldırıb, dövlət himnimizi səsləndirmişəm. O vaxt bunlar hardaydı, indi məni xarici vətəndaş işə götürəcək? Dedim ki, xaricdən dəvət etdiyiniz mütəxəssisləri, qızların komandasına gətirdiyiniz fransız müəllimi mənimlə müqayisə edin, baxın görün, hansının nəticəsi məndən çoxdu. Belə tələb var ki, mütəxəssis Cüdo Akademiyasını keçməlidir. Bəs elə isə xaricdən gətirilən əcnəbi mütəxəssislər niyə Azərbaycana gətiriləndən sonra Akademiyanı keçirlər? Dedim ki, həm ölkə başçısı olaraq, həm də MOK prezidenti olaraq cənab İlham Əliyevə müraciət edəcəyəm. Mənə xəbərdarlıq etdi ki, şikayət etsən səni zala buraxmayacam. Mən də ona xatırlatdım ki, idman zalını dövlət inşa edib. Zal nə mənim, nə də onun atasının deyil. Müraciət etdim də. Müraciətimə həssas yanaşıldı, Prezident Administrasiyasından Cüdo Federasiyasına tövsiyə məktubu göndərildi ki, mənim məşğulluğum təmin olunsun.
Özündənrazılığın dərəcəsinə baxın ki, Rəşad Rəsullu ölkə rəhbərliyinin tövsiyəsini də saya almayıb. Mənə cavab məktubu göndərdi ki, Sizə uyğun iş yoxdur. Halbuki, o, arvadını və cüdoya dəxli olmayan başqa qohumlarını Federasiyada işə götürüb. Təəssüflər olsun ki, mənim Gənclər və İdman naziri ilə görüşmək istəyim də hələ əngəllənir. Ancaq mən cənab Prezidentimizin bu məsələyə konstruktiv müdaxilə edəcəyinə inanıram. Minnətdarlıqla xatırlayıram ki, mən hər dəfə yarışlardan uğurla dönəndə dövlətimizin başçısı şəxsən özü məni təbrik edirdi.
Onu da qeyd edim ki, Rəşad Rəsullu mənə guya köməklik təklif etdi: “Bəlkə bir zal götürüb məşqşilik edəsən, zalın icarə haqqını biz ödəyək. Mən dedim ki, o halda gərək mənim maaşımı da Federasiya versin. Çünki mən uşaqlardan pul götürməyəcəyəm. Axı cüdoya əsasən kasıb ailələrin uşaqları gəlirlər. İdman tariximizə də nəzər yetirsək görərik ki, cüdomuza medal gətirən idmançılarımız da elə kasıb ailələrdən çıxıblar. Təbii ki, Federasiyanın pulunu yalnız öz yaxınları ilə bölüşməyi məqbul sayan Rəşad Rəsullu bu şərtlə razılaşmadı.”
Zülfiyyə Hüseynova inanır ki, problemi mediada ictimailəşdiriləndən sonra cənab Prezidentin məsələyə konstruktiv müdaxilə edəcəkdir. Minnətdarlıqla xatırlayır ki, vaxtilə hər dəfə yarışlardan uğur qazanıb Vətənə dönəndə dövlətimizin başçısı şəxsən özü onu təbrik edirdi.