
Diplomu tanınmayanın müraciətinə məhkəmə də baxmaq istəmir – Niyə?
Zaqatala rayonunun Mukax kəndində qeydiyyatda olan, Suraxanı rayonu Qum Adası qəsəbəsində yaşayan 1998-ci il təvəllüdlü Hacıəliyev Kənan Vüqar oğlu “Korrupsiya və Qanun” qəzeti redaksiyasına ərizə ilə müraciət edərək bildirib ki, 2018-ci ildə Dağıstan Dövlət Universitetinin “Müəllimlik və məşqçilik” fakültəsinin qiyabi şöbəsinə (bakalavr səviyyəsi) daxil olub. Pandemiya dövrünə təsadüf edən sonrakı illərdə işləyə bilmədiyi üçün təhsil haqqını ödəməyə imkanı olmayıb və o səbəbdən bir il təhsildən uzaqlaşıb. 2024-cü ildə yenidən imtahan verərək təhsilini yarımçıq qaldığı yerdən davam etdirmiş, 2025-ci ildə başa vurmuşdur. Sonra Vətənə qayıdıb sənədlərini təsdiq etdirmək üçün Təhsildə Keyfiyyət Təminatı Agentliyinə müraciət edib. Bu məqsədlə Agentliyin müvafiq sisteminə daxil olanda 19.05.2025-ci il tarixdə ona imtina cavabı gəlib. Cavabla razılaşmayan Hacıəliyev 11.08.2025-ci il tarixdə Bakı İnzibati Məhkəməsinə müraciət edib. Zaqatala rayonunda qeydiyyatda olduğu üçün sənədlərini Şəki İnzibati Məhkəməsinə göndəriblər. Yazır ki, hələ bu günə qədər onun işi ilə bağlı heç bir məhkəmə iclası keçirilməyib. Odur ki, məsələni mediada ictimailəşdirməyi redaksiyadan xahiş etmişdir. Ümid edir ki, bu yolla aidiyyəti dövlət orqanları onun problemindən xəbərdar olub hüquqlarının təmin olunmasına kömək edə bilərlər.
Əlbəttə, bu məqalənin qayəsini təşkil edən mövzu Şəki İnzibati Məhkəməsinin vəətndaşın müraciətinə laqeyd yanaşmasıdır. Ancaq ümumiyyətlə, xaricdə alınmış diplomların tanınması üzrə məhkəmə təcrübəsi haqqında çoxsaylı sorğular daxil olur. Mövzunun aktuallığı nəzərə alınaraq, bu ilin fevral ayında Azərbaycan Respublikası Ali Məhkəməsi inzibati kollegiyasının bakalavr diplomunun tanınması və ekvivalentlik haqqında şəhadətnamənin verilməsi ilə bağlı vahid məhkəmə təcrübəsini müəyyən edən qərarı yayınlanıb.
Ali Məhkəmənin rəsmi saytında dərc olunan məlumata əsasən, şəxsə (Bundan sonra - iddiaçı) qiyabi təhsil üzrə Moskva Politexnik Universiteti tərəfindən bakalavr diplomu verilib və həmin diplom Rusiya Federasiyasının səlahiyyətli qurumu tərəfindən apostil olunub. İddiaçı Azərbaycanda diplomun tanınması barədə tələblə cavabdeh orqana müraciət edib, lakin cavabdeh tərəfindən tədris normativi üzrə təhsil almaq üçün tələb olunan müddətin qarşılığında iddiaçının həmin ölkədə qısa müddət ərzində olması, həmin müddətin isə tədris proqramının mənimsənimlməsi üçün kifayət hesab olunmaması əsası ilə ali təhsil ixtisasının ölkə ərazisində tanınmasından imtina edilib.
Bundan sonra iddiaçı cavabdehə qarşı iddia ərizəsi ilə məhkəməyə müraciət edərək, diplomun tanınması və ekvivalentlik haqqında şəhadətnamənin verilməsi öhdəliyinin cavabdehin üzərinə qoyulması barədə qərar çıxarılmasını xahiş edib.
Lakin birinci instansiya məhkəməsi iddia tələbini təmin etməyib, həmçinin apelyasiya məhkəməsi qərarı qüvvədə saxlayıb. Bundan sonra iddiaçı Ali Məhkəməyə müraciət edib.
Ali Məhkəmə qərarında aşağıdakıları qeyd edib:
1. Qiyabi formada xaricdə alınmış bakalavriat təhsilinin Azərbaycan Respublikasının müvafiq təhsil sahəsində dövlət standartlarına uyğunluğu müəyyən olunmalıdır. Qeyd edilən standartlar həm də tədrisin yükünə və yerinə yetirilməsi qaydasına dair tələbləri də özündə ehtiva edir. Təhsil alınan ölkədə faktiki olunan müddətləri hər bir halın fərdi xüsusiyyətləri də göz önündə tutulmaqla sözügedən tədris yükünün və yerinə yetirilməsi qaydasının qiymətləndirilməsi baxımından nəzərə alına bilər.
2. Ekvivalentlik haqqında Şəhadətnamənin verilməsi ilə bağlı mübahisələrə baxılarkən qiymətləndirilməli ilk məsələ alınmış təhsilin forması ilə bağlı məsələdir. Nəzərə almaq lazımdır ki, təhsilin forması olaraq qiyabi və distant fərqli təhsil formalarıdırlar. Ona görə də, iddiaçının halına münasibətdə qiyabi təhsil formasına dair tələblər tətbiq olunmalı, bunun üzərindən hüquqi dəyərləndirmələr aparılmalıdır.
3. Azərbaycan Respublikasında təhsilin müvafiq strukturlarına qoyulan tələblərə uyğunluğun müəyyən olunması baxımından isə nəzərə alınmalıdır ki, ölkəmizdə bakalavriat təhsilinin qiyabi formada həyata keçirilməsinə münasibətdə hər il müəyyən tədris yükünü yerinə yetirmək, eləcə də müəyyən müddətlərdə tədrisə faktiki cəlb olunmaqla auditoriya dərslərində iştirak tələb olunur. Belə olan halda, xaricdə alınmış qiyabi formada bakalavriat təhsili üzrə ixtisasın ölkəmizdə tanınması və ekvivalentliyinin müəyyən edilməsi məhz Azərbaycanda bakalavriat təhsilinin qiyabi formasına münasibətdə əsas standartlara uyğunluğun müəyyən olunmasından asılıdır.
4. Xaricdə təhsil alınarkən distant təhsil texnologiyalarından istifadə oluna bilər və təhsilin alındığı ölkədə bu, yolverilən hesab edilə bilər. Lakin burada həlledici olan qeyd edilən qaydada xaricə alınmış qiyabi bakalavriat təhsilinin Azərbaycanda bakalavriat təhsilinin qiyabi formasına münasibətdə əsas standartlara uyğun olub-olmadığı ilə bağlı məsələdir. Başqa sözlə, Azərbaycan Respublikasının qanunvericiliyi tədris ili ərzində tələbənin müəyyən müddətlərdə tədrisə faktiki cəlb olunmaqla auditoriya dərslərində iştirakını qiyabi formada bakalavriat təhsilinin həyata keçirilməsinin əsas prinsiplərindən biri və müvafiq olaraq Azərbaycan Respublikasında təhsilin bu formasına qoyulan tələb kimi müəyyən etmişdir. İddiaçının halında sözügedən tələbə riayət olunmamışdır. BUNDAN BAŞQA, QEYD EDİLƏN TƏLƏBƏ İDDİAÇININ İRADƏSİ İLƏ BAĞLI OLMAYAN OBYEKTİV HALLARA GÖRƏ RİAYƏT EDİLMƏSİNİN MÜMKÜN OLMADIĞINA DAİR İDDİAÇI TƏRƏFİNDƏN HƏR HANSI SÜBUTLAR DA TƏQDİM OLUNMAYIB.
Qeyd edilənlərə əsasən, iddiaçı tərəfindən verilmiş kassasiya şikayəti təmin edilməyib, apelyasiya instansiya məhkəməsinin qərarı dəyişdirilmədən saxlanılıb”.
Ali Məhkəmənin nümunə kimi açıqladığı qərardan göründüyü kimi, qiyabi formada xaricdə alınmış bakalavriat təhsilinin Azərbaycan Respublikasının müvafiq təhsil sahəsində dövlət standartlarının tələblərinə iddiaçının iradəsindən asılı olmayan obyektiv hallara görə riayət edilməsinin mümkün olmadığılna dair iddiaçı tərəfindən sübutlar təqdim olunarsa, məhkəmə nəzərə almalıdır. Bizim misalda isə, vətəndaş Hacıəliyevə mane olan obyektiv hal (pandemiya ilə bağlı yaranmış çətinliklər) ortadadır. Axı, koronavirisla əlaqəli məhdudiyyətlər onun təkcə maliyyə intizamına (təhsil haqqını ödəməsinə) deyil, həm də təhsil intizamına mane olub.
Xuraman Quliyeva