İran hazırda həm xarici təzyiqlər, həm də regional təhlükəsizlik çağırışları fonunda mürəkkəb geosiyasi mərhələdən keçir. Bu şəraitdə Tehranın daxili sabitliyi qorumaqla yanaşı, regiondakı mövqeyini hansı istiqamətdə formalaşdıracağı diqqət mərkəzindədir.
Mövzu ilə bağlı açıqlama verən politoloq Tofiq Abbasov bildirib ki, Amerika Birləşmiş Ştatlarının Mərkəzi Kəşfiyyat İdarəsi ilə İsrailin “Mossad” xarici kəşfiyyat xidməti arasında əməkdaşlıq nəticəsində yeddi ölkənin parçalanması planının çoxdan qəbul edildiyi məlum idi. Bu siyahıya Somali, İraq, Fələstin, Livan, Suriya və digər ölkələr daxil idi:
“Yeddinci və son dayanacaq isə İran olmalı idi. Hazırda İranda baş verənlər klassik rəngli inqilab nümunəsidir və bu prosesdə günahkarlardan biri də İran hakimiyyətinin özüdür”.
Politoloq deyib ki, ötən yay baş verən 12 günlük müharibə zamanı İran yaranmış fürsəti əldən verdi. İran həmin nöqtədə dayanmalı deyildi:
“Təşəbbüsü ələ aldıqdan sonra üçüncü gündən etibarən proses sona qədər aparılmalı idi. Lakin Donald Trampın təzyiqi və təhqiramiz yanaşması ilə müharibə dayandırıldı. Ardınca qondarma əməliyyat keçirildi, guya İranın nüvə obyektləri dağıdıldı. Halbuki İranın 400 ton zənginləşdirilmiş materialı hələ də ölkə daxilindədir və bunu aradan qaldıra bilmədilər".
Müsahibimiz qeyd edir ki, bu prosesdə Tramp bütövlükdə yəhudi lobbisinin girovuna çevrildi. Netanyahu isə 10-cu, 11-ci, 12-ci günlərdə Trampı yalvarışlarla müdaxiləyə məcbur etdi. Müdaxilədən sonra “biz İranda rejim dəyişikliyi istəmirik” kimi açıqlamalar verildi. Əslində isə bunlar görüntü xarakterli bəyanatlar idi. İran bu addımlarla öz düşmənlərinə B planını işə salmaq imkanı verdi. Həmin B planı da məhz rəngli inqilab ssenarisidir:
"Hazırda ölkə daxilində parçalanma prosesi gedir və bu proseslərdə xarici qüvvələrin əli açıq şəkildə görünür. Bu qüvvələrin əsas mərkəzlərindən biri İsraildir. Onun xüsusi xidmət orqanları, agentura və casus şəbəkələri bu prosesdə aktiv rol oynayır".
Politoloqun sözlərinə görə, rəngli inqilabların bir neçə əsas xüsusiyyəti var:
“Birincisi, kütlələrin küçələrə və meydanlara çıxarılmasıdır.
İkincisi isə küçə prosesləri ilə paralel olaraq hakimiyyət daxilində olan sistem ünsürləri ilə əlaqələrin qurulmasıdır. İranda bu artıq açıq görünür. Hakimiyyət daxilində parçalanma və təhlükələri dərinləşdirən planlı fəaliyyətlər mövcuddur. Bu proseslər həm küçələrdə, həm də hakimiyyətin daxilində gedir. Bəzi daxili qüvvələr xarici güclərlə əməkdaşlıq edir və bunun qarşılığında öz maraqlarını təmin edirlər”.
T.Abbasovun fikrincə, İranın taleyi daha çox daxildə gedən çəkişmələrdən asılı olacaq. Dediyinə görə, hazırda qanuni hakimiyyət meydanları faktiki olaraq insanlara buraxıb, ciddi müdaxilə etmir. Lakin bütün proseslər diqqətlə müşahidə olunur, qeydə alınır və sonradan bu iştirakçılarla bağlı tədbirlər görüləcək.
“Əgər qanuni hakimiyyət sistem daxilində istifadə olunan liberal qüvvələrin qarşısını ala bilsə, üstünlük Xamenei və onun tərəfdarlarında olacaq. Əks halda vəziyyət daha da gərginləşə və proseslər vətəndaş müharibəsinə qədər gedib çıxa bilər. Polis məntəqələrini, hərbi bazaları yandıranlar xarici agentura ilə əlaqəli şəxslərdir. Onlara maliyyə verilir, küçə mübarizəsinə təşviq olunurlar. Digər tərəfdə isə hakimiyyətin ciddi sosial dayaqları, keşikçiləri və tərəfdarları var. Onlar hələlik səbrli davranır və proseslərə qismən müdaxilə edirlər", - deyə həmsöhbətimiz bildirib.
T.Abbasov qeyd edir ki, əsas məsələ sistem daxili düşmənlərin zərərsizləşdirilməsidir. Onun fikrincə, əgər bu baş verməzsə, vəziyyət daha da ağırlaşacaq:
“Bu sistem daxili düşmənlər hələ Xatəmi dövründən formalaşmış, özlərini islahatçı kimi təqdim edən qüvvələrdir. Onlar Qərblə barışıq xəttini müdafiə edirdilər. Daha sonra Həsən Ruhani, ardınca Cavad Zərif də həmin xəttin davamçıları oldu. Bunlar komprador siyasətçilərdir, düşmənlə uzlaşmaya meyilli şəxslərdir”
Tofiq Abbasov: İranın taleyi artıq daxildə gedən çəkişmələrdən asılıdır
Politoloq vurğulayıb ki, İranda rialın ən ciddi dəyərdən düşməsi məhz Həsən Ruhani dövründə baş verdi, inflyasiyanın qarşısını ala bilmədi:
“Halbuki Əhmədinejad dövründə ümumi daxili məhsulda illik 7 faiz artım var idi. Ruhani dövründə isə bu siyasət faktiki olaraq sabotajla əvəz olundu və bunun əziyyətini İran xalqı çəkdi".
Onun sözlərinə görə, bu baxımdan adlar dəyişə bilər, mühafizəkar, reformator və ya başqa cür adlana bilərlər. Bunun fərqi yoxdur. Düşmən həmişə düşməndir və öz işini görür. Bu gün onların tərəfdarı kimi Məsud Pezeşkian çıxış edir. Bir tərəfdən sistemin yanında olduğunu deyir, digər tərəfdən isə küçələrdə qışqıran, gərginliyi artıran qruplara dəstək verir:
"Biz oxşar prosesləri Azərbaycan tarixində də görmüşük. Daxili düşmənlər bəzən xarici düşmənlərdən daha təhlükəli olub. Yeni formalaşan dövlətin onsuz da zəif olan dayaqlarını daxildən sarsıdıblar. Nəticədə xalq çıxış yolunu Heydər Əliyevdə gördü və o, xilaskarlıq missiyasını həyata keçirdi.
Hazırda İranda da oxşar vəziyyət yaşanır. Daxili düşmənlər ölkənin gələcəyini risk altına atır. Bununla yanaşı, İran azərbaycanlıları orada güclü mövqeyə malikdir. Azərbaycan türkləri SEPAH-da, keşikçilər sıralarında, orduda təmsil olunurlar. Xatırlatmaq istəyirəm ki, ötən ilin iyunun 13-də İsrailin İrana hücumu zamanı ilk gündə yeddi yüksək rütbəli azərbaycanlı zabit öldürüldü. Onların arasında İranın raket proqramının banisi, əslən Təbrizli olan Əli Hacızadə də var idi. O, İran dövlətinə sədaqətlə xidmət edirdi".
Ekspert qeyd edib ki, İran azərbaycanlıları “bu dövləti biz qurmuşuq” sözlərini pafosla deyil, tarixi həqiqət kimi deyirlər. Politoloq İran tarixində azərbaycanlıların rolunin əvəzsiz olduğunu vurğulayıb. Dediyinə görə, bu gün Təbrizdə baş verənlər də bunu göstərir:
“Orada əsas şüarlar “Azərbaycan şərəfdir, Rza Pəhləvi bişərəfdir” formasındadır. İran Azərbaycanında Pəhləviyə, Pəhləvi rejiminə və ya onun mümkün dönüşünə real simpatiya və hörmət yoxdur”.