
"Valideyn himayəsindən məhrum olmuş uşaqların ailə mühitində böyüməsinin təmin edilməsi istiqamətində övladlığagötürmə və himayədar ailə mexanizmləri genişləndirilir".
Xəbər veririk ki, bu barədə Əmək və Əhalinin Sosial Müdafiəsi Nazirliyinin tabeliyində Sosial Xidmətlər Agentliyinin İdarə Heyətinin sədri Vüqar Behbudov mətbuat konfransında deyib.
Onun sözlərinə görə, 1 noyabr 2019-cu ildən etibarən övladlığagötürmə sahəsində idarəetmə Nazirliyə həvalə olunub və bu istiqamətdə yeni, müasir idarəetmə mexanizmi formalaşdırılıb. Nəticədə övladlığagötürmə prosesinin əlçatanlığı, operativliyi və şəffaflığı təmin edilib.
Vüqar Behbudov bildirib ki, 2023-cü ilin noyabrından etibarən Azərbaycanda himayədar ailə institutu da tətbiq olunmağa başlanıb. “Himayədar ailə” qayğı modeli valideyn himayəsindən məhrum olmuş uşaqların dövlət nəzarəti altında, ödənişli əsaslarla ailə mühitində böyüməsini və inkişafını nəzərdə tutur və onların müəssisələrə yerləşdirilməsinin qarşısını almağı hədəfləyir.
Agentlik rəhbəri qeyd edib ki, həm övladlığagötürmə, həm də himayədar ailə xidmətləri üzrə müraciətlər “Valideyn himayəsindən məhrum olmuş uşaqlar, himayədar ailə və övladlığagötürmə” altsistemi vasitəsilə həyata keçirilir.
Onun sözlərinə görə, 2019-cu ildən bu günədək 818 uşaq övladlığa verilib. Onlardan 412-si oğlan, 406-sı qızdır. Himayədar ailə qayğı modeli tətbiq olunduğu dövrdən - 2023-cü ilin noyabrından indiyədək isə 75 uşağın himayədar ailələrə yerləşdirilməsi barədə müqavilə imzalanıb. Təkcə 2025-ci ildə 40 uşaq himayədar ailələrə verilib, onların 20-si qız, 20-si oğlan olub.
Vüqar Behbudov diqqətə çatdırıb ki, ötən il övladlığa verilən uşaqların sayı 149 nəfər təşkil edib. Həmin uşaqlardan 71-i qız, 78-i oğlandır. Eyni zamanda maraqlı məqamlardan biri kimi, övladlığa verilən uşaqlardan 3-nün əcnəbi və vətəndaşlığı olmayan şəxslər tərəfindən övladlığa götürüldüyünü bildirib. Ümumilikdə isə 2019-cu ildən bu günədək 4 uşaq Almaniya, Serbiya və Rusiya vətəndaşları olan əcnəbilərə övladlığa verilib.
Agentlik rəhbərinin sözlərinə görə, 2025-ci il ərzində uşaqların valideyn himayəsindən məhrum olmasının qarşısının alınması istiqamətində də ardıcıl tədbirlər görülüb. Qeytkipinq prosesi çərçivəsində 975 uşaq üçün Fərdi İnkişaf Planı hazırlanıb. İl ərzində daxil olan müraciətlər əsasında 296 uşağın müəssisəyə yerləşdirilməsi, 275 uşağın isə ailə himayəsində saxlanması barədə qərar qəbul olunub. Eyni zamanda 176 valideyn himayəsindən məhrum olmuş uşaq müəssisələrdən ailə himayəsinə qaytarılıb.