
Qəbələdə Rusiyanın icarəsində olan radiolakasiya stansiyasının müaviləsinə xitam veriləndən sonra bir ara məlumat yayımışdı ki, rayonun bütün idarə və müəssisə rəhbərləri keçmiş hərbi şəhərcikdəki mənzilləri inhisara almışlar. Qəbələ RLS-in tam şəkildə Azərbaycanın balansına verilməsi ilə rus hərbçilər bu ərazini tərk etmiş və mənzillər sahibsiz qalmışdı.
Əslində keçmişdə rus hərbçilərinin yaşadıqları şəhərcik sahibsiz deyildi. Bu ərazi Azərbaycan Respublikasının mülkiyyətidir və insanların ağır sosial durumunda bu şəhərcik mənzil ehtiyacı olan yüzlərlə ailəni sevindirə bilərdi.
Amma görünən odur ki, kimlərsə elə indinin özündə də azərbaycanlı hərbi qulluqçulara verilmiş evlərə göz dikib və hərbçi ailələrini yerindəın-yurdundan didərgin salmaq istəyir.
Qəbələ şəhəri, Muxtar Abduyev küçəsi, ev b51, mənzil 15 ünvanda qeydiyyatda olan və yaşayan Tağıyev Mehdi Firdovsi oğlu “Korrupsiya və Qanun” ictimai-siyasi hüquq qəzeti redaksiyasına 15.02.2026-cı il tarixli ərizə ilə müraciət edərək bildirir ki, onun valideynləri 1993-cü ildə Qəbələ - 2 hərbi şəhərciyinə gəlib, 29.10.1993-cü il tarixdə hərbi hissə tərəfindən iki otaqlı orderli evlə təmin olunmuşlar. 2004-cü ilə qədər həmin evdə yaşamışıq, sonra ailə böyüdüyü üçün atam hərbi hissə komandirinə müraciət edərək, üç otaqlı ev almışdır. 2004-cü ildən hal-hazıra kimi ailə həmin üç otaqlı evdə yaşayır. Mehdinin özü və iki bacısı bu evdə anadan olmuşlar və ailənin bütün üzvləri orada qeydiyyatdadırlar. Uşaqlıqları orada keçmiş, bağçaya da, məktəbə də məhz hərbi şəhərcikdə getmişlər. Həmin evdə xatirələri var. Atası 35 il hərbi qulluqçu kimi xidmət etmiş (hazırda Müdafiə Nazirliyinin təqaüdçüsüdür), anası hərbi şəhərcikdə məktəbdə 19 il müəllimə işləmişdir.
M.Tağıyev yazır ki, indi onlara təzyiq göstərib həmin üç otaqlı evdən çıxarmaq istəyirlər və bir otaqlı başqa evə köçmələrini təklif edirlər. Buna isə razı deyillər: “Biz kiminsə evinə girməmişik, heç kəsin evini qeyri-qanuni zəbt eləməmişik. Bizə verilən evdə yaşayırıq. Bu təzyiq mənə və ailə üzvlərimə qarşı özbaşınalıqdır. Odur ki, qeyd etdiyi faktların mediada ictimailəşdirilməsini, aidiyyəti orqanlara çatdırılmasını xahiş etmişdir.
Belə çıxır ki, qəbələli hərbçi elə rəhmətlik general Polad Həşimov kimi ölməyə yarayırlar, rahat mənzildə yaşamağa yox? Öz evini aprel döyüşçüsünün ailəsinə bəxşiş etmiş mərhum general sağ olsaydı, yəqin ki, bu məsələyə biganə qalmazdı.