Azərbaycan İdeyası

MTN çetesi” nazir Yavər Camalovun adamını necə ilişdirib...

Tarix:25-01-2017, 13:37
Baxış Sayı:344


 MTN çetesi” nazir Yavər Camalovun adamını necə ilişdirib...


Hesabına 18 milyon köçürülən sahibkar nəzarətə alınıb; “Dedilər ki, rəisləri Sübahir Qurbanovun göstərişidir, 2 milyon verməsəm, həbs ediləcəm”
Bakıda iş adamının şirkətlərinin bank hesablarında olan 18 milyon manatın 12 milyonunu başqa hesaba köçürməsi böyük skandala səbəb olub. Bu, adi bir bank əməliyyatı kimi görünsə də, ləğv edilmiş MTN-in bundan xəbər tutması iş adamına baha başa gəlib. Telefon danışıqlarından, bank hesablarındakı əməliyyatlardan sahibkarları qarabaqara izləyən “MTN mafiyası” növbəti qurban kimi iş adamı Kamal Seyfullayevi seçiblər.
Musavat.com-un əməkdaşı ləğv edilmiş MTN-in vəzifəli şəxslərinə qarşı açılmış cinayət işinin materialları ilə tanış olarkən bəlli olub ki, iş adamı Kamal Seyfullayev maskalıların əlinə keçərkən ondan 2 milyona yaxın pul alıblar.
Hazırda məhkəmədə mühakimə olunan “MTN çetesi”nin işi üzrə zərərçəkmiş şəxs qismində tanınmış Seyfullayev Kamal Məmmədağa oğlu istintaqa ifadəsində başlarına gələnləri danışarkən deyib ki, “Bakı Tikinti” və “Alfa” MMC-nin rəsmi müdiri və faktiki sahibi olmasa da, həmin şirkətlərin fəaliyyətlərinə rəhbərlik edib. İş adamı bildirib ki, hazırda adına olan “Fazenda” MMC-nin fəaliyyətinə rəhbərlik edir.
“Audi Q7"də gələn maskalılar...
K.Seyfullayev MTN maskalıları ilə necə qarşılaşması ilə bağlı istintaqa danışarkən deyib ki, 2014-cü ilin dekabrında bibisi oğlu İlkin İbadovla birlikdə avtomobildə olarkən “Audi Q7" markalı avtomobil onun avtomobilinin qarşısını kəsib: ”3 nəfər idilər. Biri özünü MTN-in əməkdaşı Füzuli Əliyev kimi təqdim etdi. Məni öz maşınına mindirdi. İlkinin isə hansı maşına mindirilməsini bilmədim. Maşını Natiq Alıyev sürürdü. Zaur Məmmədov adlı MTN əməkdaşı da maşında idi.
Nazirliyə gələndə Füzuli Əliyev mənə “bizneslə məşğul olursan, külli miqdarda pul qazanırsan, ona görə də pul verməlisən” dedi. “Halal qazandığım pulu niyə sizə verməliyəm” dedim. Şikayət edəcəyimi söylədim. Dedilər ki, rəisləri Sübahir Qurbanovun göstərişidir, 2 milyon verməsəm, həbs ediləcəm. Natiq Alıyev lazım olsa, 1 kiloqram heroinin üzərimdən çıxacağını dedi. Bu pulu verməyəcəyimi dedim. 3 saatdan sonra İlkini gördüm. Bir gecə bizi orada saxladılar".
Sahibkar 2 milyon verməmək üçün 2 gün dirənib
Sahibkar MTN-də saxlanıldığı ikinci günün səhəri onlarla razılaşıb. O, “Texnikabank”ın “Xəzər” filialına gətirilib və Füzuli Əliyevin göstərişi şirkətlərinin bank hesablarından 2 milyon pul çıxarılıb.
Pulu Füzuli Əliyev bank filialının müdiri Fərid Məmmədov və bankın baş idarəsinin təhlükəsizlik xidmətinin rəisi Ayaz Gərayzadənin yanında alaraq oranı tərk edib. Amma üzləşdirmə zamanı Füzuli Əliyev zərərçəkmiş sahibkarın yanında ifadə verməkdən imtina edib.
İstintaq İlkin İbadovun mənəvi ziyan gördüyünü nəzərə alaraq onu da zərərçəkmiş şəxs qismində tanıyıb.
İstintaq zamanı şahid qismində “Texnikabank”ın “Xəzər” filialının müdiri Fərid Məmmədov da ifadə verib.
MTN bank hesablarındakı əməliyyatları da izləyib
F.Məmmədov bildirib ki, sahibkar Kamal Seyfullayevi bankın müştərisi kimi yaxşı tanıyıb. Filial müdirinin ifadəsindən aydın olur ki, iş adamı hesabından 12 milyon çıxardan kimi MTN əməkdaşları bundan xəbər tutub. İki gün sonra isə Seyfullayev banka MTN əməkdaşları ilə birlikdə gəlib: “Kamal Seyfullayevə məxsus şirkətlərin bank hesablarına bir qayda olaraq külli miqdarda pul vəsaitləri daxil edilirdi. Bank üçün ”VİP" kateqoriyalı müştəri idi. 2014-cü ilin dekabr ayının 24-27-də Kamal Seyfullayevin şirkətlərinin bank hesablarına külli miqdarda pul vəsaitləri daxil oldu. Pulların haradan gəldiyini bilmirəm, amma Kamal Seyfullayevin 4-5 şirkətinin adlarına köçürüldü. Pulları hesablardan çıxarmaq üçün Kamal Seyfullayev mənə müraciət etdi. Səhər bankın baş idarəsindən 18 milyon manat nağd pul göndərildi. Kamal Seyfullayev pulun 12 milyon manatını götürdü. Pullar 3 bank kisəsinə qoyuldu".
Filial müdiri qeyd edib ki, MTN əməkdaşları Kamal Seyfullayevi banka gətirdikləri zaman nə baş verdiyini başa düşməyib: “MTN əməkdaşlarının Kamal Seyfullayevi saxlamasını bilmirdim. Sonradan xəbər tutdum. Dediyim kimi, bankda 12 milyonluq köçürmə əməliyyatından iki gün sonra Kamal Seyfullayev 6-7 MTN əməkdaşı ilə banka gəldi. MTN-in nəzarəti ilə maliyyə əməliyyatının keçirilməli olduğunu dedilər. Əməliyyatın nədən ibarət olduğunu bilmədim. Əməliyyata rəhbərlik edənin Füzuli Əliyev olduğunu başa düşdüm. Seyfullayevin şirkətlərinin bank hesablarından külli miqdarda nağd pullar çıxarması ilə əlaqədar maliyyə əməliyyatının aparıldığını bildirdilər”.
Fərid Məmmədov onu da qeyd edib ki, MTN əməkdaşlarının gəldiyini görən kimi bankın baş idarəsinin təhlükəsizlik xidmətinin rəisi, əvvəllər MTN-də işləmiş Ayaz Gərayzadəyə zəng edib.
O, bundan sonra baş verənləri belə danışıb: “Kamal Seyfullayevin bank hesablarında 6 milyon qalmışdı. Təxminən 1 milyon 800 min manat Füzuli Əliyevin göstərişi ilə hesablarda saxlanılmaqla, qalan 4 milyon 200 min tanımadığım şəxsə verildi. Qalan 1 milyon 800 min manatı Füzuli Əliyev götürdü və onlar getdilər. Sonra Ayaz Gərayzadəyə bu əməliyyat barədə sual verdim. Dedi ki, ”yuxarıdan göstəriş gəlib".
Həm bankda sədr müavini, həm də MTN zabiti
Şahid qismində Ayaz Gərayzadə də dindirilib. Məlum olub ki, Gərayzadə 1993-cü ildən 2015-ci ilə kimi MTN-də işləyib. MTN-də işləyə-işləyə “Texnikabank”ın idarə heyətinin sədr müavini olub. Sədr müavini vəzifəsində işlədiyi zaman bankın təhlükəsizlik xidmətinin, həmçinin informasiya rabitə departamentinin kuratoru olub. Həmçinin kredit komitəsinin üzvü olduğu üçün kreditlərin verilməsi ilə əlaqədar olan fəaliyyətdə də iştirak edib.
Ayaz Gərayzadə MTN-in 4-cü Baş İdarəsinin sabiq rəis müavini Füzuli Əliyevi MTN-in akademiyasında təhsil aldığı vaxtdan tanıdığını bildirib.
İş üzrə ifadə verən A.Gərayzadə bunları bildirib: “Füzuli Əliyev zəng edərək bir gün əvvəl bankın ”Xəzər" filialında pulların nağdlaşdırılması ilə əlaqədar maliyyə əməliyyatı keçirildiyi üçün həmin filialda görüşməli olduğumuzu dedi. Bankın filialına gəlib, filial müdiri Fərid Məmmədovun xidməti otağında görüşdük. Biznes fəaliyyəti ilə məşğul olan şəxs kimi tanıdığım Kamal Seyfullayevi, Müdafiə Sənayesi Nazirliyinin adını bilmədiyim nümayəndəsini, MTN əməkdaşları və Fərid Məmmədovu gördüm. Bankda bir gün əvvəl keçirilmiş maliyyə əməliyyatları nəticəsində bank tərəfindən alınmış faizlərin məbləği hesablandı. Füzuli Əliyev hər hansı əsas olmadan bank fəaliyyəti üzrə yoxlama apardı. Otaqda məbləğini dəqiq bilmədiyim pul vəsaitindən Müdafiə Sənayesi Nazirliyinin nümayəndəsinə verildi. Qalan və Kamal Seyfullayevə məxsus 1 milyon 800 minə yaxın pul isə götürüldü".
Anar Gərayzadənin dediklərindən məlum olub ki, 1 milyon 800 min manatını MTN-ə verən iş adamı sonradan onlardan 150 min manatını geri istəyib.
Bunun üçün də Anar Gərayzadəyə müraciət edib: “Bir-iki gündən sonra Kamal Seyfullayev mənim Füzuli Əliyevlə dost münasibətlərimin olduğunu bildiyi üçün mənə zəng elədi. Xahiş etdi ki, Füzuli Əliyev tərəfindən alınmış pullardan 150 min manatın qaytarılmasını ondan xahiş edim. Füzuli Əliyevə zəng elədim, amma xahişinə məhəl qoymadı və bu işə qarışmamağımı tələb etdi”.
Bu iş üzrə qaranlıq qalan məqamlardan biri budur ki, Seyfullayevin şirkətlərinin adına ayrılan 18 milyon manatdan ilk olaraq 12 milyonu, daha sonra isə 4.2 milyonu naməlum şəxsin adına köçürülür və nağd şəkildə ona verilir. Həmin şəxsin Müdafiə Sənayesi Nazirliyinin səlahiyyətli nümayəndəsi olduğu istintaq zamanı Anar Gərayzadənin dediklərindən məlum olur. Digər qaranlıq məqam isə Seyfullayevin şirkətlərinin hesabına olan pulların hansı şəxslər tərəfindən köçürülməsini deməsini istəməməsidir.
Qeyd edək ki, bu epizod üzrə adıçəkilən MTN zabitləri Sübahir Qurbanov ləğv edilmiş nazirliyin transmilli mütəşəkkil cinayətkarlığa qarşı mübarizə baş idarəsinin sabiq rəisi, Füzuli Əliyev həmin baş idarənin sabiq rəis müavini, 1-ci idarənin sabiq rəisi, Natiq Alıyev 2-ci idarənin 3-cü şöbəsinin sabiq rəisi, Zaur Məmmədov isə 1-ci idarənin sabiq rəis müavini olub.

OXŞAR XƏBƏRLƏR
The New York Times Naftalandan elə şeylər yazdı ki! TƏFSİLAT
The New York Times Naftalandan elə şeylər yazdı ki! TƏFSİLAT
Kim kimə borc vermək istəsə, Fəqan Şabanovla məsləhətləşsin Yüksək vəzifəli icra məmuru: “Malı verəndə bizə demişdin ki, indi də bizdən istəyirsən?”+VİDEO!
Kim kimə borc vermək istəsə, Fəqan Şabanovla məsləhətləşsin Yüksək vəzifəli icra məmuru: “Malı verəndə bizə demişdin ki, indi də bizdən istəyirsən?”+VİDEO!
Boşanmış ər keçmiş arvadı ilə bölünməli olan əmlakı öz anasına necə bağışlayıb?
Boşanmış ər keçmiş arvadı ilə bölünməli olan əmlakı öz anasına necə bağışlayıb?
Azərbaycanda ər arvadını bıçaqlayıb qaçdı
Azərbaycanda ər arvadını bıçaqlayıb qaçdı
Dollar bahalaşıb? - RƏSMİ MƏZƏNNƏ
Dollar bahalaşıb? - RƏSMİ MƏZƏNNƏ
Azərbaycanda Milli Dirçəliş Günü qeyd edilir
Azərbaycanda Milli Dirçəliş Günü qeyd edilir
1) 2021-2023-cü illərdə Saatlı rayonunda “İdmanın əsas göstəriciləri haqqında” məlumat
1) 2021-2023-cü illərdə Saatlı rayonunda “İdmanın əsas göstəriciləri haqqında” məlumat
Bakının bu ərazisində qaz olmayacaq
Bakının bu ərazisində qaz olmayacaq