Vətəndaş Dadaşov Ceyhun Xıdır oğlu redaksiyamıza ərizə ilə müraciət edərək bildirib ki, 2015-ci ildə tanıdığı Əliyeva Tamilə Əmiraslan qızı onu özünün məşğul olduğu qızıl zinət əşyaları alverinin perspektivinə inandırıb və razı salıbmış ki, əlindəki mayanın çoxalmasına, alverinin həcminin genişləndirilməsinə kömək edərsə, yatırdığı pulun məbləğinə uyğun devident qazanacaq. Ceyhun Dadaşov I qrup əlil olduğuna görə sağlamlığının məhdudluğu səbəbindən başqa gəlirli bir işlə məşğulluğunu təmin edə bilmədiyi üçün özünün və yaxın adamlarının bütün maddi imkanlarını səfərbər edib, T. Əliyevaya qızına 4500 (dörd min beş yüz) ABŞ dolları borc pul verib. Lakin bu vaxtın üstündən bir müddət keçəndən sonra C. Dadaşov ona vəd olunan gəlir bir yana dursun, verdiyi borcun belə hissə-hissə qaytarılmadığını görüb T. Əliyeva tərəfindən aldanıldığından şübhələnmişdir. Hər dəfə pul istəyəndə Tamilə onu müxtəlif bəhanələr gətirərək gözləməyə vadar etmişdir. Dəfələrlə Tamilənin həyat yoldaşı, digər ailə üzvləri Ceyhuna xahiş-minnət edib vaxt udublar. Nəhayət, səbri tükənən Ceyhun 2016-cı ilin noyabr ayında Bakı Baş Polis İdarəsinə şikayət etmişdir. Bir müddət sonra həmin işlə əlaqədar Yasamal Rayon Polis İdarəsinin 29-cu Polis Bölməsinin icraçısı Səbuhi Baxşəliyev Ceyhunla əlaqə saxlayıb uğursuz əqdin şahidlərini də özü ilə götürüb PB-nə gəlməyini istəmişdir. C. Dadaşov PB-nə gedib çıxanda onun işinin İlkin adlı təhqiqatçıda olduğunu bildirmişlər. Ceyhun qeyd edir ki, polis şahidləri dindirib izahatlarını alandan bir müddət sonra işin nə yerdə olduğunu öyrənmək məqsədilə İlkinlə əlaqə saxlayıb. İlkin ona deyib ki, həmin gün sadəcə növbətçi olub, sonradan rəis işi ondan alıb başqa adama verib, həmin şəxsi də tanımır. C. Dadaşov bölmə rəisi Vüsal Qaraşovun qəbuluna düşməyə cəhd etsə də, baş tutmayıb. Elə olan halda səy göstərib soyadını unutduğu rəis müavini Rasim müəllimin qəbuluna düşüb. Rəis müavini onu dinləyəndən sonra artıq Ceyhunun tanıdıqları polis əməkdaşları Səbuhi ilə İlkini yanına çağırıb məşvərət aparıb və axırda ona deyib ki, getsin, sabah əlaqə saxlayıb qərarını deyəcək. Lakin ertəsi gün cavab gəlmədiyindən, C. Dadaşov özü rəis müavini ilə telefon əlaqəsi saxlayıb. Rəis müavini ona deyib ki, işlə bağlı çıxarılmış qərar dəftərxanadadır. C. Dadaşov qərarı götürüb tanış olanda gözləntiləri, ümidi boşa çıxıb. Sənədin mətninin əvvəlindəcə ünvanın dəqiq yazılmaması onu təəccübləndirib. Qərarla ona məsləhət görülüb ki, məhkəməyə müraciət etməsi məqsədəmüvafiqdir. Adətən bu cür tövsiyə ilə yekunlaşan qərarlarda səbəb göstərilir ki, cinayət işi niyə başlanmayıb. Qərarda məlumatın məzmunu, müəyyən olunmuş hallar, araşdırmanın nəticəsi, cinayət işinin başlanmasının rədd edilməsinin əsasları göstərilməlidir. Maraqlı şəxs kimi Ceyhun Dadaşova qərardan ibtidai araşdırmaya prosessual rəhbərliyi həyata keçirən prokurora, yuxarı prokurora şikayət vermək hüququ izah edilməli idi. 29-cu PB-nin təhqiqatçıları bunlara da lüzum görməyiblər. C. Dadaşov bildirir ki, məhkəməyə müraciət etmək hüququnun olduğunu özü də yaxşı bilir. Lakin o, Tamilə Əliyevanın əməlində ictimai təhlükə olduğu qənaətindədir. Çünki Tamilənin məşğul olduğu biznesin qeyri-leqal olduğunu anlayıb və şübhələnməyə əsas tapıb ki, Tamilə onun kimi başqa sadəlövh insanları da aldatmış ola, bundan sonra da aldada, sərbəstliyindən istifadə edib sübutları saxtalaşdıra bilər. Bütün bunları müəyyən etməkçünsə polis Tamiləni tapıb dindirməli, Ceyhunun qarşısında niyə yalançı çıxdığının səbəbini soruşmalı, məşğul olduğu biznesdə digər tərəf müqabillərini arayıb onların da münasibətini öyrənməli idi. Bu tədbirlər həyata keçirilməyibsə, demək, təhqiqat sadəcə öz vəzifəsini yerinə yetirmək istəməyib. 12. MƏNDƏN ÖTDÜ, QARDAŞIMA DƏYDİ... Qohumlar arasında dörd ildir davam edən borc mübahisəsi hələ də çözülməyib. Bu msələ ilə bağlı hələ iki il əvvəl qəzetimizdə yazı getmişdi. Demə həmin yazının özü də mübahisənin yeni predmetinə çevrilibmiş. Bu barədə bir az sonra. Hələliksə, bəzi təfərrüatları xatırlatmağa lüzum bilirik. Ramana Südçülük Sovozunda yaşayan İsmayılov Arzu Məmməd oğlu redaksiyamıza etdiyi müraciətdə yazmışdı ki, bacısının əri Sadıqov Məhərrəm Fərman oğlunun yanında sürücü işləyirmiş. 2013-cü ilin avqustunda Məhərrəm ona sərfəli görünən təklif edib. Arzu İsmayılov digər yeznəsi Sadıqov Abbas Fərman oğlunun əli ilə Məhərrəmə 23600 ABŞ dolları pulu verib ki, "Zamin Bank" a yerləşdirsin və hər ay 250 manat devident götürsün. Lakin çox keçmədən Arzuya verilən vədlər boş çıxıb. Bundan sonra Məhərrəm Sadıqov işçisi Xaliq Kərimovun vasitəsilə həmin pulun 13400 dollarını qaytarıb. Pulun qalan hissəsi qaytarılmadığı üçün A. İsmayılov Nərimanov rayon Polis İdarəsinə müraciət etmişdir. 26 fevral 2015-ci il tarixdə RPİ-nin binasında müstəntiqin iştirakı ilə cavabdehin qardaşı 7000 dollar pulu ona vermiş və qalan 3200 dolları aprelin sonunadək qaytaracağı barədə qəbz yazmışdır. Amma qalıq borcun qaytarılması yenə ləngidiyindən, A. İsmayılov məhkəməyə müraciət etmişdir. Sonra iddia həcminin artırılmasına dair ərizə verərək Sadıqov Məhərrəmdən və Sadıqov Abbasdan onun xeyrinə 3200 dollar pulun tutulmasına dair qətnamə qəbul olunmasını xahiş etmişdir. M. Sadıqov 18 noyabr 2015-ci il tarixdə qarşılıqlı iddia əizəsi ilə Nərimanov məhkəməsinə müraciət edərək, İsmayılov Arzu Məmməd oğluna qarşı 100000 manat mənəvi zərər davası açmışdır. M. Sadıqov iddiasını onunla əsaslandırmışdır ki, o, Arzunun iddia etdiyi kimi, onu etibarından sui-istifadə etməmiş, heç kimlə qabaqcadan əlbir olub onu aldatmamışdır. Arzunun iddia ərizəsinə əlavə etdiyi qəbzdə isə 3000 ABŞ dollarının qaytarılmasına dair öhdəliyi isə Sadıqov Abbas götürmüşdür. M. Sadıqov bu üzdən nüfuzuna xələl gəldiyini, mənəvi iztiraba məruz qaldığını bildirmişdir. Abbas Sadıqov da məhkəmədə 3000 dollara görə öhdəliyi öz üzərinə götürərək qardaşının bu işdən xəbəri olmadığını, pulun Məhərrəmə deyil, Arzunun bacısı oğlu, həbsdə olan Amil Əsgərova verilməsinə vasitəçilik etdiyini söyləmişdir. Nərimanov məhkəməsi 11 01.2016-cı il tarixli Qətnaməsi ilə 3000 dolların Abbas Sadıqovdan tutularaq Arzu İsmayılova ödənilməsini qət etmiş, Məhərrəm Sadıqovun qarşılıqlı iddiasını rədd etmişdir. Borcun Məhərrəm Sadıqova yönəldilməsinə çalışan A. İsmayılovun Qətnamədən verdiyi apellyasiya şikayəti isə təmin edilməmişdir. Lakin qətnamə qəbul olunandan sonra Abbas Sadıqov heç bir ödəniş etmədiyindən, Sabunçu məhkəməsi Sabunçu İcra Şöbəsinin protokoluna əsasən araşdırma aparıb A. Sadıqovun icra sənədini qərəzli şəkildə icra etmədiyi qənaətinə gəlmiş, onu İXM-nin 528.1-ci maddəsi ilə təqsirli bilib 10 gün müddətinə inzibati qaydada həbs edilməsinə dair 22 avqust 2016-cı il tarixli Qərar çıxarmışdır. Sabunçu İcra Şöbəsi borclunun əmlak vəziyyətini yoxlayaraq onun mülkiyyətində olan avtomobili müəyyən etmiş, Şöbənin məmuru həmin avtomobilin üzərinə həbs qoyulmasını məhkəmədən xahiş etmişdir. Məhkəmə icra məmurunun təqdimatını əsaslı hesab etmiş və 22 noyabr 2016-cı il tarixdə A. Sadıqovun maşınının üzərinə həbs qoyulması barədə Qərardad çıxarmışdır. Məhərrəm Sadıqov təbii ki, qardaşının maşınının müsadirə xəbəri ilə barışmamış və elə ertəsi gün - 2016-cı il noyabrın 23-də Nəsimi rayon məhkəməsinə müraciət edərək qəzetdə yazdırdığı məqaləyə görə Arzu İsmayılovdan mənəvi zərərin qarşılığında bu dəfə 90000 manat endirim edərək 10000 manat tutulub ona ödənilməsini tələb etmişdir. Bu isə bir daha onu təsdiqləyir ki, sözügedən mübahisənin M. Sadıqova aidiyyatı var. Bütün gedişat göstərir ki, M. Sadıqov vəzifə sahibi olduğundan, borc ödəməyə məhkum olunmaq istəmir. "Məndən ötdü, qardaşıma dəydi" prinsipini yeridir. Arzunun pulunun qalığını da sanki ona görə vermək istəmirlər ki, 3000 dollara görə qohumlarını məhkəməyə verdiyini hamıya göstərsinlər, onu qınağa tuş gətirsinlər. Amma nə olur-olsun, borc borcdur, qanun da qanun.
Sədulla Bağırov