Azərbaycan İdeyası

POLİSƏ "HÖRMƏT"SİZLİK EDƏNİN ŞİKAYƏTİNƏ BAXILMIR

Tarix:3-04-2017, 09:26
Baxış Sayı:794


Qəzetimizin 2017-ci il fevral buraxılışında dərc olunmuş "Sabunçu polisi statistikaya işləyir" sərlövhəli məqalədə ehtiva olunan məsələlərlə bağlı yeni detallar üzə çıxmışdır. Oxucularımızın sırasına yeni qatılanlar xəbərdar olsunlar deyə xatırladırıq ki, vətəndaş Həsənov Əli Mükafat oğlu 2015-ci il dekabr ayında internet vasitəsilə Rzayev Zaur Mobil oğlu ilə tanış olmuş və ikincinin internetdə satışa çıxardığı "Qazel" markalı avtomaşına baxmaqdan ötrü Məmmədli qəsəbəsinə gedərək orada Zaurla görüşmüş və avtomobilə baxdıqdan sonra avtomaşının qiymətini 330 manata razılaşaraq 1 ay müddətinə ödəniləcəyi barədə sövdələşmişlər. Orada ilkin olaraq ona 300 manat pul vermiş, bir müddətdən sonra isə Zaur ondan müxtəlif vaxtlarda və müxtəlif məbləğlərdə xırda-xırda ümumilikdə 1500 manat almış, sonuncu dəfə isə Q.Qarayev prospekti-22 ünvanda 1800 manat almışdır. Lakin Zaur o vaxtdan indiyədək nə avtomobili vermiş, nə də pulu qaytarmışdır.
2016-cı ilin mart ayında vətəndaş Həsənov əvvəlcə "102" xidmətinə, sonra da Sabunçu RPİ-nin 15-ci PB-nə ərizə ilə müraciət edərək, Zaur barəsində şikayət etmişdir. Bölmə rəisi polis polkovnik-leytenantı İlham Əhmədov şikayətçiyə 21.04.2016-cı il tarixli rəsmi məktubuyla tövsiyyə edib ki, onun ərizəsi mülki xarakterli olduğu üçün "aidiyyatı" üzrə Xətai rayon məhkəməsinə müraciət etsin.
Lakin mülki mübahisədən deyil, məhz dələduzluqla üzləşərək zərər çəkdiyi qənaətində olan Əli Həsənov işin bağlanması ilə razılaşmadığından və polis rəisinin tövsiyyəsini qeyri-qənaətbəxş hesab etdiyindən, Bakı şəhər Baş Polis İdarəsinə ərizə vermişdir. BŞBPİ işi yenidən araşdırılması üçün 15-ci PB-nə qaytarmışdır. Təhqiqat araşdırması zamanı Zaurun atası Rzayev Mobil Məhəmməd oğlu bildirib ki, Zaur bir neçə müddətdir evə gəlmir və hazırda harada olduğundan xəbərsizdir. Mobil Rzayev Əlinin pul dalıyca onun yaşadığı evə gəldiyini təsdiqləsə də, Zaurun Əliyə maşın satmasından xəbərsiz olduğunu, həmçinin, oğlunun Əlidən aldığı pulları evə gətirmədiyini söyləmişdir. Ata Rzayev bildirib ki, Zaurla əlaqə saxlayıb Əliyə borclu olduğu pulu qaytarmasını tövsyə etdikdə, oğlu ona işinə qarışmamağı məsləhət görmüşdür. Lakin Sabunçu RPİ-nin 15-ci PB-nin baş təhqiqatçısı polis mayoru Mahir Şahverənov icraatında olan şikayət ərizəsi üzrə materialı nəzərdən keçirərək, işi "aidiyyati" üzrə Nizami rayon polis şöbəsinə göndərilməsi barədə qərar çıxarmışdır. Polis mayoru qərarını CPM-nin 216.1 maddəsi ilə əsaslandırmışdır. Həmin maddəyə əsasən ibtidai araşdırma cinayətin törədildiyi yer üzrə (inzibati ərazi vahidi üzrə) aparılır. Qərarda göstərilmişdir ki, vətəndaş Həsənov Əli Mükafat oğlunun Rzayev Zaur Mobil oğluna 1800 manat pulu Qarayev prospekti-22 ünvanın yerləşdiyi Nizami rayonunda verdiyinə görə toplanmış material araşdırmanın davam etdirilməsi üçün Nizami RPİ-nə göndərilməlidir.
Qəribədir ki, baş təhqiqatçı nədənsə hadisənin törədildiyi yer kimi alqı-satqı obyekti olan maşına baxışın keçirildiyi, Zaur Rzayevin yaşadığı və ilkin məbləği aldığı Sabunçu rayonunu tanımamışdır. Buradan belə qənaətə gəlmək olur ki, təhqiqatçı materialı Sabunçu RPİ-dən uzaqlaşdırmaqda maraqlı olmuşdur. Əli Həsənovun ərizəsi "aidiyyati" üzrə Nizami rayon Polis İdarəsinə göndəriləndən sonra şikayətçini Nizami rayon 25-ci Polis Bölməsinin Zamin adlı təhqiqatçısı çağırtdırıb ərizəsini alıb. Sonra şikayətçi vəziyyətin nə yerdə olduğunu öyrənmək üçün ona zəng vuranda bildirib ki, Zaurun yerini öyrənə bilmədiyi üçün işi istintaqa verib. Bir müddət sonra 25-ci PB-nin əməliyyatçısının istəyi ilə şikayətçi onu Zaur Rzayevin yaşadığı ünvana aparıb. 13.02.2017-ci ildə 25-ci PB-də Ə. Həsənovu məlumatlandırıblar ki, iş rayon Polis İdarəsindədir. Müstəntiq isə tövsiyyə edib ki, işin nə yerdə olduğunu öyrənmək istəyirsə, rayon prokurorluğuna getməsi məqsədəuyğundur. Bundan sonra prokuror köməkçisi Günay Məmmədova onu qəbul edərək bildirib ki, sənədlərdə boşluq var, Zaur Rzayevin izahatı Nizami polisində alınıbsa da, işə tikilməyib. Prokuror köməkçisi G. Məmmədova vət. Əli Həsənovdan onun şahid qismində olan xalası oğlu İlkinin izahatının da alınmasının vacibliyini və bu halda cinayət işinin açılmasına yetəcək qədər material toplanmış ola biləcəyini deyib.
Bu mövzuda yazdığımız birinci məqalədə vət. Əli Həsənovun 2015-ci ilin dekabr ayından polis strukturlarının "ötür-ötür" oyunlarının qurbanına çevrilməsinin səbəbini izah etməyə çalışarkən, belə bir mülahizə irəli sürmüşdük ki, ümumiyyətlə, hüquq-mühafizə orqanlarının, o cümlədən polisin hesabat ilinin sonunda açılmamış cinayətlərin üzərinə yöndəmsiz əlavələrin edilməsini əngəlləmək meylləri vardır. Ə. Həsənovunsa şikayət ərizəsi məhz ilin sonuna bir həftə qalmış verilmişdir. Yəni, toplanmış material üzrə cinayət işi açılsaydı, ilin sonuna kimi açıq qalacaq və mənfi statistikaya əlavə olunacaqdı. Lakin indi məlum olan bəzi detallar işin "düyünə düşməsinin" səbəbləri sırasında korrupsiya izini də axtarmağa əsas verir. Belə ki, vət. Əli Həsənov redaksiyaya yazdığı ərizəsində 15-ci PB-nə izahat verdiyi ilk gündə Elvin adlı əməliyyatçının ondan işin onun xeyrinə həll olunması üçün "hörmət" umduğunu da qeyd edib. Həsənov bu qənaətdədir ki, Elvinin istədiyini edə bilmədiyi, başqa cür ifadə etsək, "hörmətsizlik" etdiyi üçün onu aldatmış şəxsə cinayət işi açmamışlar.
Mövzuya qayıdacağıq.


Korrupsiya və Qanun

OXŞAR XƏBƏRLƏR
The New York Times Naftalandan elə şeylər yazdı ki! TƏFSİLAT
The New York Times Naftalandan elə şeylər yazdı ki! TƏFSİLAT
Kim kimə borc vermək istəsə, Fəqan Şabanovla məsləhətləşsin Yüksək vəzifəli icra məmuru: “Malı verəndə bizə demişdin ki, indi də bizdən istəyirsən?”+VİDEO!
Kim kimə borc vermək istəsə, Fəqan Şabanovla məsləhətləşsin Yüksək vəzifəli icra məmuru: “Malı verəndə bizə demişdin ki, indi də bizdən istəyirsən?”+VİDEO!
Boşanmış ər keçmiş arvadı ilə bölünməli olan əmlakı öz anasına necə bağışlayıb?
Boşanmış ər keçmiş arvadı ilə bölünməli olan əmlakı öz anasına necə bağışlayıb?
Azərbaycanda ər arvadını bıçaqlayıb qaçdı
Azərbaycanda ər arvadını bıçaqlayıb qaçdı
Dollar bahalaşıb? - RƏSMİ MƏZƏNNƏ
Dollar bahalaşıb? - RƏSMİ MƏZƏNNƏ
Azərbaycanda Milli Dirçəliş Günü qeyd edilir
Azərbaycanda Milli Dirçəliş Günü qeyd edilir
1) 2021-2023-cü illərdə Saatlı rayonunda “İdmanın əsas göstəriciləri haqqında” məlumat
1) 2021-2023-cü illərdə Saatlı rayonunda “İdmanın əsas göstəriciləri haqqında” məlumat
Bakının bu ərazisində qaz olmayacaq
Bakının bu ərazisində qaz olmayacaq