Bakının Suraxanı rayon icra başçısı İlqar Abbasov məcburi köçkünlərin bir tikə çörəyini əlindən alır
Bu barədə Ulus.Az-a verilən məlumata görə, Hövsan qəsəbəsi ərazisindəki Duzlu göl adlanan massivdə obyektləri olan qaçqınlara RİH-dən bildiriş göndərilib.
Onlara rəsmi şəkildə deyilib ki, həmin obyektlər yerlə-yeksan olunacaq. Buna səbəb göstərilməsə də, guya ərazidə abadlıq işləri aparılır, ərazi səliqə-sahmana salınır, bu obyektlər isə qeyri-qanuni tikililərdir.
Həmin massivdə illərdir ki, çörək pulu qazanan qaçqınlara icra başçısı rəhm etmək istəmir. Məcburi köçkünlər Duzlu gölün ətrafındakı obyektləri və gölün özəlləşdirilməsinin qanuvericiliyə zidd olduğunu bildirirlər.
Bura SOCAR-ın balansındadır. Yaxınlıqda da şirkətin pansionatı var. 1993-cü ildən həmin ərazi məcburi köçkünlər üçün verilib.
Şərait bərbad gündə olsa da, birtəhər yaşayırlar. Onu da bildirək ki, hazırda 47 məcburi köçkün ailəsi burada çalışır və yeganə qazanc yerləri də bu obyektlərdəndir.
İndi də özünü vəzifəli şəxsin qohumları hesab edən bir neçə nəfər əraziyə gələrək buranı tərk etməyimizi tələb edir. Suraxanı Rayon İcra Hakimiyyəti da əraziyə gəlib, onların sözünü deyir.
İ.Abbasov Suraxanı rayonunu viran qoyub, bir sakinə kömək etməyib, insanları narazı salıb, qanunsuzluqla torpaq satmaqla gündəmə gəlib. Amma icra başçısı heç vaxt müsbət bir addım atmayıb.
İndi də köçkünləri ölkə rəhbərliyinin üstünə qaldırır. Dövlət qaçqınlara yardım edir, qayğı göstərir, Suraxanı icra başçısı isə onların kələyini kəsir.
Sakinlər bildirirlər ki, məcburi köçkün olduğumuz üçün 1993-cü ildən aylıq icarə haqqı ödəmirdik: “2009-cu ildə isə hər obyekt üçün külli miqdarda vəsait almağa başladılar.
Dəfələrlə narazılığımızı bildirdik, çünki elə də güclü qazancımız olmurdu. Zülmlə tikdiyimiz obyektləri traktorla uçurdular.
Hətta bir dəfə Prezident Administrasiyasının Xarici Əlaqələr şöbəsinin müdiri Novruz Məmmədov da Duzlu gölə gəlmişdi. O, gölə məsul şəxsi yanına çağırıb, tapşırdı ki, məcburi köçkünlərə burada işləməyə şərait yaradılsın.
Tapşırdı ki, nə zaman bura tikilərsə, abadlaşarsa, o zaman da ailələrə şərait yaradarsınız ki, eyni qaydada işləsinlər.
Çox sağ olsun, onun sayəsində 2004-cü ildən 2010-cu ilədək bizə heç kim dəymədi. İndi yenidən tanımadığımız şəxslər əraziyə gəlib, bizi hədələyirlər. Üstəlik, təzəlikcə bildiriş gəlib, yerlərimizi sökürlər. İcra hakimiyyəti də onlara qahmar çıxır”.