İnsanın həyatda elə səhvləri, hətta cinayətləri olur ki, ilk baxışdan ötəri istək, yaxud cavanlıq, həyat təcrübəsinin azlığı səbəbindən törədildiyi aşkar surətdə sezilir. Belələrinin cəzasının yüngülləşdirilməsi üçün hətta alternativ vasitələrə də əl atmaq hardasa məqbul sayıla bilər. Hərçənd, bu yol da təqsirli şəxslərə, onların yaxınlarına ucuz başa gəlmir. Azərbaycan reallığında belə alternativ vasitələrdən biri də vəkilin təqsirləndirilən şəxslə hakim arasında qeyri-rəsmi sövdələşməsinə nail olmasıdır. Bu sövdələşmələr uğursuz alınanda artıq problemlər dərinləşir, qohumlar, hətta bir ailənin üzvləri də bir-biri ilə üz-göz olur, incikliklər ixtilafa çevrilir. Beləliklə, bir dərd ardınca ikincisini, üçüncüsünü gətirir.
Ağsu rayonunun Qəsəd kəndində qeydiyyatda olan, hal-hazırda Xırdalan qəsəbəsində yaşayan vətəndaş Alıyeva Eminə Fətəli qızı redaksiyamıza məktubla müraciət etmişdir. Yazır ki, oğlu Alıyev Seymur Şərbətalı oğlu 17 dekabr 2013-cü il tarixdə Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 150.3.3-cü maddəsi ilə nəzərdə tutulmuş cinayət əməlini törədərək həbs edilmişdir. Oğlunun tutulması ilə bağlı qohumları ona kömək etmək isytəyiblər. Ancaq necə deyərlər, qaş düzəltmək əvəzinə vurub göz çıxarıblar: "Qardaşım, qardaşımın dostu və bacımın yoldaşı Xəlilov Vüqar Həbib oğlu bizə gəldilər. Söhbət əsnasında bacımın yoldaşı Vüqar dedi ki, narahat olma, biz sənə köməklik göstərəcəyik. İndi mənə 4500 manat pul verin vəkil üçün, sonra da məhkəmədə nə qədər istəsələr verərsən. Mən həmin 4500 manat pulu qardaşımın evində, qardaşımın iştirakı ilə qardaşımın dostunun yanında Vüqara verdim".
Lakin gözləntilərinin əksinə olaraq, Lənkəran şəhər Məhkəməsi Seymur Alıyevə doqquz il azadlıqdan məhrumetmə cəzası verib: "Mən ağlayıb özümdən getdim, qardaşım və bacımın həyat yoldaşı Vüqar məni sakitləşdirərək bildirdilər ki, narahat olma, ağlama, biz sənin uşağını çıxaracağıq, birinci proses həmişə belə gedir. Vüqar həmin söhbətdən təxminən 15-20 gün sonra qardaşımgilə gəldi, məni ora dəvət etdilər. Vüqar qardaşımın vasitəsilə mənə bildirdi ki, 10000 (on min) manat ver, biz Şirvan Apellyasiya Məhkəməsində oğlunu çıxaracağıq. Şirvan Apellyasiya Məhkəməsi də birinci instansiya məhkəməsinin hökmünü qüvvədə saxladı. Mən pulumu geri istədikdə Vüqar: - Mən sənə dedim axı, narahat olma, Apellyasiya Məhkəməsi işi öz qüvvəsində saxlayacaq, adam var, Ali Məhkəmədə "aç-burax" edəcək". - dedi. Azərbaycan Respublikası Ali Məhkəməsinin Cinayət Kollegiyası 29 avqust 2014-cü il tarixdə Alıyev Seymur Şərbətalı oğlu barəsində Şirvan Apellyasiya Məhkəməsinin Cinayət Kollegiyasının 28 mart 2014-cü il tarixli ilkin baxış qərarını dəyişdirilmədən saxladı".
Eminə Alıyeva ümidləri üzüldükdən sonra şikayət etmək qərarına gəlib: "Bacımın həyat yoldaşı bunu bilcək mənə bildirdi ki, sən şikayət etmə, 4500 manat pulun adını tutma, uşağını içəridə öldürərlər, biz çox iş görmüşük. Amma 10000 manatı qaytaracağıq. Mən mütəmadi olaraq pulumu tələb edəndə Vüqar və qardaşım narahat oldular. Təxminən 2017-ci ilin əvvəllərində Abşeron rayon Polis İdarəsinə şikayət etməyə getdim, müstəntiq Ayaz Kazımov mənə yaxınlaşaraq izahat verməyimi istədi. Bildirdim ki, mən izahat yox, şikayəıt verməyə gəlmişəm. Bu zaman qardaşım mənə zəng edib izahat verib-vermədiyimi soruşdu. Mən ona cavab verdim ki, hadisə necə olubsa, elə də izahat vermişəm. İzahatımı oxumaq istədim, Kazımov bildirdi ki, ehtiyac yoxdur, necə demisən elə də yazılıb..."
E. Alıyeva həmçinin bildirir ki, Lənkəran şəhər məhkəməsində gedən proses ərəfəsində ondan vəkil üçün 100 manat, Şirvan Apellyasiya Məhkəməsində 400 manat, Ali Məhkəmədə 100 manat, əlavə olaraq yenə də daha 300 manat pul alıblar. Əlqərəz, şikayətçi redaksiyadan başına gələnlərin ictimailəşdirilməsini xahiş etmişdir.
Qətiyyən elə düşünməyə dəyməz ki, Eminə Alıyevanın qohumları - qardaşı, yeznəsi onun puluna susayıblarmış, bu niyyətlərini gerçəkləşdirmək üçün oğlunun günah işlətməsini səbirsizliklə gözləyirmişlər. "Od yanmasa, tüstü çıxmaz" - deyib atalar. Yəqin, kimsə o pulları "həzm-rabedən" keçirib, indi də qaytarmamaq üçün hədə-qorxu gəlir ki, Seymur azadlıqdan məhrum edilməkdən də artıq cəzaya məruz qala bilər.
Mövzuya qayıdacağıq.
Müəllif