Yeni tədris ilinin başlamasına 20 gün vaxt qalıb. Artıq övladlarını məktəbə yola salmağa hazırlaşan valideynlər məktəbli ləvazimatlarını almağa başlayıblar. Bir neçə gündür ki, Bakının müxtəlif mərkəzi yerlərində çadırlar qurulub, məktəb ləvazimatları satılır. Bildirilir ki, bu yarmarkalar Bakı Şəhər İcra Hakimiyyəti tərəfindən təşkil olunub.
Bəs həmin yarmarkalardakı qiymətlər mağazalarla müqayisədə fərqlidirmi?
Suala cavab tapmaq üçün musavat.com-un reportyor qrupu olaraq kiçik araşdırma edib, bəzi məqamları öyrəndik.
Öncə yarmarkalardakı qiymətlərlə maraqlandıq. Müşahidə etdik ki, bütün növ məktəbli ləvazimatı satılsa da, yarmarkada alıcı bir o qədər də çox deyil. Satıcılarla söhbətimiz zamanı onlar bildirdilər ki, satdıqları ləvazimatların qiyməti, mağazalarla müqayisədə aşağıdır. Əgər məktəbli üçün lazım olan bütün ləvazimatlar alınırsa, o zaman endirim də edirlər. Müşahidə etdik ki, burada satılan məktəbli çantalarının qiyməti 28 manatdan başlayıb, 55 manata qədər dəyişir. Satıcılar söylədilər ki, əgər digər ləvazimatlarla birlikdə çanta da alınarsa, o zaman çantanın qiymətində 4-5 manata qədər endirim edirlər. Ümumilikdə isə digər ləvazimatların qiymətləri aşağıdakı kimi idi:
12 vərəqli dəftər 10 qəpik, 40 vərəqli dəftər isə 30-40 qəpiyə satılır. 60 vərəqli dəftərlər 40-50 qəpik, 100 vərəqli dəftər isə 60-80 qəpiyədir.
Eyni zamanda yapışdırıcı 60 qəpik-1 manat, su qabları 10-12 manat, qələm yonanlar 1.50-2 manat, qələmlər 10-50 qəpiyə, rəngli karandaşlar 3-12 manata, rəsm albomu 30 qəpiyə, sadə karandaşlar 20-40 qəpiyə satılır.
Geyimlərin isə qiymətləri belədir: köynək - 8 manat, şalvar 15-18 manat, pencək - 25 manat, yubka - 15-18 manat.
Satıcılar söylədilər ki, valideynlər daha çox "Sədərək", Binə" bazarlara üz tuturlar. Lakin özlərinin dediklərinə görə, onların qoyduqları qiymətlər bazardan heç də fərqlənmir...
Daha sonra iri mağazalardan birinə yollanıb, orada satılan məktəbli ləvazimatlarının qiyməti ilə maraqlandıq. Müşahidə etdik ki, mağazada çeşidlər daha çoxdur. Çeşid çox olduğu kimi təbii ki, qiymətlər də fərqlidir. Öncə məktəbli çantalarından başlayaq. Belə ki, mağazalarda istənilən qiymətə çanta tapmaq mümkündür. Məsələn 8 manata da məktəbli çantası satılır, 80 manata da. Lakin təbii ki, keyfiyyətdə ciddi fərqlər var. Ucuz çantalar daha çox Çin istehsalıdır və ibtidai sinif şagirdlərinin istifadəsi üçün nəzərdə tutulub. Nisbətən bahalı çantaların isə ölçüləri də böyükdür və materialında da ciddi fərq var.
Mağazalarda su qabları 3 manatdan başlayır, qələm, karandaş, qələm yonanlar da demək olar ki, yarmarka ilə eyni qiymətədir.
Dəftərlərə gəlincə isə onların qiyməti aşağıdakı kimidir.
12 vərəqli dəftərlər 11 qəpik, 20 vərəqli 27 qəpik, 24 vərəqli 36 qəpik, 40 vərəqli 35 qəpik, 50 vərəqli 1.15 manat, 80 vərəqli 1.85 manat. Yerli istehsal olan 48 vərəqli dəftər 60 qəpik, 60 vərəqli 50 qəpik, 80 vərəqli 75 qəpik, 96 vərəqli dəftər 1 manat, 100 vərəqli dəftər isə 79 qəpiyə satılır.
Ümumilikdə isə ayaqqabı və digər ləvazimatları da nəzərə alsaq, bir uşağın məktəbə getməsi orta hesabla 150-180 manata başa gəlir.
Söhbət etdiyimiz valideynlər bildirdilər ki, ləvazimatların qiymətində ötən illə müqayisədə elə də böyük fərq yoxdur. Onlar söylədilər ki, fərq yalnız çantaların qiymətindədir ki, bu il onların bahalaşdığını müşahidə edirlər.