“Müsəlman birliyi” hərəkatının sədri Taleh Bağırzadə, hərəkatın 16 üzvü və Azərbaycan Xalq Cəbhəsi Partiyası (AXCP) sədrinin müavini Fuad Qəhrəmanlının cinayət işi üzrə məhkəmə prosesi iyulun 19-da başlayıb. Musavat.com-un məhkəmə prosesində iştirak edən müxbiri xəbər verir ki, məhkəmə prosesinə hakim Əlövsət Abbasov sədrlik edib. Hazırlıq iclasında təqsirləndirilən şəxslərin anket məlumatları dəqiqləşdirilib. Günün ikinci yarısında davam etdirilən məhkəmə prosesində təqsirləndirilənlərdən Şamil Abduləliyevin vəkili ilk olaraq çıxış edib. Vəkil onun səhhətində ciddi problemlər olmasını əsas gətirərək müvəkkili barəsində seçilmiş həbs qəti-imkan tədbirinin ev dustaqlığı ilə əvəz edilməsini istəyib.
“Hadisə zamanı Şamilin aldığı 3 güllənin 2-si hələ də bədənindədir. Onu xəstəxanadan məhkəməyə aparıb barəsində həbs qətiimkan tədbiri seçiblər. Oradan da birbaşa Kürdəxanıya aparıblar”- deyə vəkil bildirib. Təqsirləndirilənlərdən Taleh Bağırzadə özünü iki vəsatəti olduğunu deyərək çıxış edib.
Fuad Qəhrəmanlının günahsız olduğunu və azadlığa buraxılmasını istəyən T.Bağırzadənin digər vəsatəti özü ilə bağlı olub: “İş materiallarında “Hacı Taleh Bağırzadənin müraciəti” adlı kitabça var. Onun sübutlar siyahısından çıxarılmasını istəyirəm. Yazılıb ki, guya mən həmin kitabçada Azərbaycanda islam dövlətinin qurulmasına çağırış etmişəm. Həmin kitabçada hicab və Nardaran məsələləri qeyd edilir. Ancaq bu kitab 26 noyabrdan əvvəl çap olunub. Mən onda necə Nardaran hadisələrindən yaza bilərdim?
Biz Azərbaycanda İslam dövlətinin qurulmasını istəməmişik və istəmirik. Biz sadəcə hakimiyyətin dəyişməsini istəyirik. Fuad Qəhrəmanlı isə sonradan feysbuk yazılarına görə tutulub. Mənə 3 gün ağlasığmaz işgəncələr verildi. Nardaran hadisələrinin arxasında Əli Kərimlinin, Cəmil Həsənlinin dayandığını deməyimi istədilər. Mən bu işgəncələrə dözdüm. Sonra Fuad Qəhrəmanlını bu ittihamla tutdular”.
F.Qəhrəmanlının vəkili Yalçın İmanov müvəkkilinin dəmir barmaqlıqlar arasından çıxarılaraq vəkillərinin yanında əyləşməsi ilə bağlı vəsatət qaldırıb, ancaq vəsatət təmin edilməyib. F.Qəhrəmanlı isə məhkəmə prosesində Milli Şura sədri Cəmil Həsənli və AXCP sədri Əli Kərimlinin buraxılmamasına etiraz edib. O, növbəti prosesdə onların zala buraxılmayacağı halda etiraz olaraq məhkəməyə üzlərini çevirəcəklərini deyib. Hakim isə F.Qəhrəmanlının bu çıxışına münasibət bildirərkən deyib ki, açıq məhkəmə prosesi olduğundan onların iştirakına şərait yaradılmasında heç bir problem yoxdur. Məhkəmə nəzarətçiləri zalda yer olmadığını və təqsirləndirilənlərin yaxınlarının buraxıldığını bildirdi.
F.Qəhrəmanlının vəkilləri cinayət işinin ayrılıb istintaq orqanına qaytarılması, cinayət işinə xitam verilməsi, həbs qəti-imkan tədbirinin ev dustaqlığı ilə əvəz olunması, yolverilməz sübutların işdən xaric edilməsi, məhkəmədə audio və video çəkilişlərin aparılması ilə bağlı vəsatətlər qaldırıblar. F.Qəhrəmanlı vəsatələrinə münasibətində deyib: “Yazıblar ki, guya mən statusumda insanları hakimiyyət uğrunda mübarizdə şəhid olmağa çağırmışam. Hardadır bu statsus? Hakimiyyəti günahkar gücə bənzətməyim cinayət əməli kimi göstərilib. Tam absurd və cəfəng ekspert rəyi alınıb”. Təqsirləndirilənlər arasında yeganə yetkinlik yaşına çatmayan şəxs Ramin Yarıyevdir. Onun vəkili Gülşən Salmanova çıxışında deyib ki, müvəkkilinin hər iki valideynin sağ olduğu halda icra hakimiyyətinin nümayəndəsi onun qanuni nümayəndəsi kimi göstərilib.
“Mən işə qoşulandan sonra Nərimanov Rayon Məhkəməsində iş qaldırdım. Məhkəmə günü Raminin atası istintaq orqanı tərəfindən qanuni nümayəndə kimi tanındı. Məhkəmə vəsatətimizi təmin edərək atası qanuni nümayəndə olana qədər Ramin Yarıyevlə bağlı aparılmış istintaq hərəkətlərinin qanunsuz olması barədə qərar çıxardı. Raminə qarşı yeganə sübut onun özünün etirafedici ifadəsidir. Əgər istintaq hərəkətlərinin qanunsuz hesab edildiyini nəzərə alsaq, deməli, başqa bir sbut yoxdur və onun işinə xitam verilib, azadlığa buraxılmalıdır”- deyə vəkil bildirib.
T.Bağırzadəmnin vəkili Elçin Sadıqov ilahiyyatçının barəsində həbs qətimkan tədbirinin dəyişdirilərək ev dustaqlığı ilə əvəz olunması ilə bağlı vəsatət qaldırıb. E.Sadıqovun vəsatətinə Taleh Bağırzadə də münasibət bildirib: “Namaz vaxtı qara maskalılar evə hücum etdilər. Guya polisdə məlumat olub ki, orada silahlı dəstə var, terror qruplaşması var və dini təbliğat aparırlar. Bunlar da zərərsizləşdirməyə gəliblər. Əgər onlar terroristləri zərəsizləşdirməyə gəliblərsə, zirehli geyim niyə olmayıb? Dəfələrlə ilahiyyatçıların cibinə narkotik atan, şərləyib tutan hakimiyyətdən hər şey gözlənilir. Nə qədər gec deyil, bu işdən imtina edin. Gələcəkdə öz qohumlarınızın yanında bu məsələlər görə adınızı hallanmasından xəcalət çəkməyəsiniz”.
Təqsirləndirilən Abbas Hüseynovun vəkili Fariz Namazlı müvəkkilinin ev dustaqlığına buraxılması ilə bağlı vəsatət qaldırıb. Vəkillərin vəsatətlərinə baxılması növbəti məhkəmə prosesinə- iyulun 22-nə saxlanılıb.
Xatırladaq ki, ötən ilin noyabr ayında T.Bağırzadənin saxlamılması üçün Nardaranda keçirilən əməliyyat zamanı polislə dindarlar arasında silahlı qarşıdurma baş vermişdi. Silahlı qarşıdurma zamanı 2-si polis olmaqla, 6 nəfər dünyasını dəyişib.