Bu gün Bakı Ağır Cinayətlər Məhkəməsində dələduzluqda təqsirləndirilən "AENT-E" MMC-nin direktoru Əkbər Cəfərovun cinayət işi üzrə məhkəmə prosesi davam etdirilib.
Korrupsiya-q.az -ın APA-ya istinadən məlumatına görə, hakim Novruz Kərimovun sədrliyi ilə keçirilən prosesdə prokuror çıxış edib.
O, Ə. Cəfərovun 12 il müddətinə azadlıqdan məhrum edilməsini istəyib.
Proses oktyabrın 23-də davam etdiriləcək.
Qeyd edək ki, Ə. Cəfərovun cinayət işi 400 nəfər zərərçəkmişin şikayəti üzrə yeni cinayət işi hakim Eynulla Vəliyevin icraatında da araşdırılır.
İttihama görə, Ə. Cəfərov qulluq mövqeyindən sui-istifadə edərək Xətai rayonu, Gəncə prospektində MMC tərəfindən inşa edilmiş çoxmərtəbəli yaşayış binasında əvvəllər satılmış mənzilləri saxta sənədlər əsasında təkrarən ayrı-ayrı şəxslərə satmaqla 166 min 500 manat məbləğində özgə əmlakını dələduzluq yolu ilə ələ keçirməkdə, 1 mənzili 6 nəfərə satmaqda təqsirləndirilir.
Faktla bağlı Cinayət Məcəlləsinin 178.3.2 (külli miqdarda ziyan vurmaqla dələduzluq), 179.3.2 (külli miqdarda mənimsəmə və ya israf etmə), 308.1 (vəzifə səlahiyyətlərindən sui-istifadə) və 320.1-ci (rəsmi sənədləri, möhürləri, ştampları, blankları saxtalaşdırma, qanunsuz hazırlama və ya satma) maddələri ilə cinayət işi başlanıb.