Mingəçevir iqtisadi cəhətdən Azərbaycanın 4-cü şəhəri sayılır. Bu şəhər həm də futbol məkanı kimi tanınıb. Hazırkı durumda bu ifadəni “tanınırdı" kimi ifadə etmək daha çox yerinə düşər. Çünki indi Mingəçevirdə futbolu özündə əks etdirən demək olar ki, nəsə qalmayıb. Bu haqda bir qədər sonra. Bu yazımızda sizə Mingəçevir futbolunun tarixindən və uğurlarından söz açacağıq. Bu da təsadüfi deyil. Çünki 2016-cı il bu şəhərin futbolu üçün əlamətdar ildir. Bu il Mingəçevir futbolunun 50 yaşı tamam olur. Yəni, yubileyidir.
Mingəçevirdə futbolun rəsmən yaranma tarixi 1966-cı ildən hesablanmağa başlayıb. Həmin vaxt Mİngəçevir təzəcə qurulduğundan futbol da yeni-yeni təkamül tapırdı. Şəhərin ilk peşəkar futbol klubları “Avtomobilçi", “Toxucu" sayılır.
Mingəçevir Azərbaycan futboluna bir çox tanınmış simalar bəxş edib. Ramiz Məmmədov, Mehman Alışanov, Mehman Baxışov, Arif (Aron) Zərbailov, Əli Məmmədov, Elbrus İsmayılov, Əkrəm Baxşəliyev, Ədahim Niftəliyev, Elşad Kərimov, Zaur Qarayev, Ruslan Əmircanov və digərləri. Mingəçevir futbolu ilə bağlı daha bir maraqlı fakt - SSRİ-nin tanınmış qapçılarından olmuş Yuri Romenski 1969-70-ci illərdə Mingəçevirin “Toxucu" komandasının şərəfini qoruyub. Sonradan məşhurlaşan qapıçı SSRİ yığmasına qədər yüksələ bilib. Ümumiyyətlə, SSRİ dövründə Mingəçevirin müxtəlif adlı komandalarının onlarla futbolçusu sonradan respublikanın əsas komandası sayılan “Neftçi"yə keçməklə daha da məşhurlaşıblar. Yəni, Mingəçevir komandaları bir növ “Neftçi"nin “depo"su sayılıb.
Ötən əsrin 90-cı illərində Azərbaycanın gənclərdən ibarət milli komandalarında da mingəçevirli uşaqların sayı az olmayıb. Azərbaycan Kubokunun tarixində vurulan ilk qolun da altında mingəçevirli imzası var. Belə ki, ölkə kuboku tarixində ilk qolu Mingəçevir futbol məktəbinin yetirməsi Mehman Baxışov vurub. Müstəqillik dövründə Mingəçevir daha çox “Kür-Nur" klubu ilə tanınıb. Bu haqda az sonra.
Haradasan, ay “Avtomobilçi”?
Sovet dövründə Mingəçeviri təmsil edən komandalar SSRİ birinciliyinin aşağı dəstələrində və respublika miyqaslı yarışlarda daim iştirak ediblər. Bu mənada “Avtomobilçi"ni xatırlamaq yerinə düşər. Komanda 1980-ci ildən 1987-ci ilə kimi SSRİ birinciliyinin II dəstəsinin 9-cu zonasında çıxış edib. Doğrudur, hansısa nailiyyət qazanmayıb, çox vaxt çempionatı sonuncular sırasında başa vurub. Amma dövrünün ən çətin komandalarından biri olub. Statistikaya nəzər salsaq, komanda ən yaxşı halda 2 dəfə - 1980 və 1986-cı illərdə 8-ci yeri tutub. 1981 və 1987-ci illərdə isə sonuncu olub. Məhz 1987-ci ildəki uğursuzluğa görə II dəstə ilə vidalaşıb. “Avtomobilçi"də məşhur futbolçulardan başqa tanınmış məşqçilər də işləyib. Məsələn, əfsanəvi Anatoli Banişevskinin adını çəkə bilərik. “Banya" “Avtomobilçi"nin ilk ilində komandada olmasa da, sonradan Mingəçevir təmsilçisi ona tapşırılıb. Buna kimi isə komandanı Nadir Qasımov çalışdırıb. Əfsanəvi futbolçu bu gün də Mingəçevirdə ehtiramla xatırlanır. Hətta bəzi azarkeşlər yarızarafat-yarıciddi onu mingəçevirli hesab edirlər.
“Avtomobilçi"nin II dəstədə çıxış etdiyi vaxtlarda Azərbaycanın ilk derbisi reallaşıb. Bu barədə bir müddət əvvəl qəzetimizdə “Azərbaycan futbolunun ilk derbisi" başlıqlı araşdırma yazı da getmiş və futbol ictimaiyyəti arasında geniş rezonans doğurmuşdu. Söhbət “Avtomobilçi" və Gəncənin “Kəpəz" komandaları arasında keçirilən oyunlardan gedir. Bu iki komandanın, əsas da Mingəçevirdə keçirilən matçlarda yaşananlar bu gün də stajlı futbol azarkeşlərinin xatirindədir. Qarşıdurma, ajiotaj, təəssüf doğurucu məqam olsa da, dava-dalaş və s. həmin derbidə var idi. Mingəçevirli azarkeşlərin çılğınlığını daha qabarıq sezmək olardı. Ümumiyyətlə, Mingəçevir klublarının ev oyunlarında hər zaman böyük azarkeş kütləsi olurdu. Yusif Məmmədzadə adına 12 minlik stadiona nəzərdə tutulandan çox azarkeş toplaşırdı. Gəncə klubları ilə oyunlar isə bir qayda olaraq anşlaq şəraitində keçirdi. “Kəpəz"lə oyunlardan əvvəl və sonra mütləq gərginliq, qarşıdurma olmalı idi. Vay o gündən ki, “Avtomobilçi" məğlub olardı...
Qurumuş “Kür”, sönmüş “Nur”
Müstəqillik qazandıqdan sonra şəhər çempionatda “Kür-Nur"la təmsil olunub. “Kür-Nur" o vaxtlar Azərbaycanın ən güclü komandalarından biri hesab edilirdi. Təsadüfi deyil ki, Mingəçevir təmsilçisi 2 dəfə 1992 və 1994/95-ci illər mövsümündə Azərbaycan Kubokunun finalına çıxıb. Lakin hər 2 halda məğlub olub. Birinci dəfə Bakının “İnşaatçı" komandasına (1:2), ikinci dəfə isə “Neftçi"yə (0:1). Düzdür, komanda çempionatda da uğur qazana bilməyib, heç vaxt medalçılar sırasına düşməyib. Amma mövcud olduğu dönəmdə adından söz etdirməyi bacarıb. Xüsusilə də 1995-96-cı illərdə komanda iddialı olması ilə diqqət çəkib. Yeri gəlmişkən, 1995-ci ildə ölkə kubokunun finalına qədər irəliləyən “Kür-Nur"a təzyiqlər var idi. Ən çox da Samir Ələkbərova görə. Həmin vaxt Samir “Kür-Nur"un aparıcı futbolçusu idi və komandanın finala çıxmasında böyük pay sahibi olmuşdu. Lakin onun AFFA rəhbərliyi ilə ciddi problemləri var idi. Məhz bu səbəbdən də federasiya futbolçuya və kluba təzyiq edərək finalda oynamasına icazə vermədi. Bu isə “Kür-Nur"un gücünü azaltmaqla bərabər, digər futbolçulara psixoloji cəhətdən də mənfi təsir etdi. Yekunda “Neftçi" minimal hesablı qələbə qazanaraq kuboka sahib çıxdı.
1995-96-cı illər mövsümündə də “Kür-Nur" güclü heyət yığa bildi. Rəhbərlik bir sıra təcrübəli futbolçularla yanaşı “Turan"dan Musa və Qurban Qurbanov qardaşlarını transfer etdi. Nəticədə komanda “altılığ"a vəsiqə qazandı. Lakin orada daha güclü rəqiblərinə ciddi müqavimət göstərə bilməyərək, mövsümü 6-cı pillədə başa vurdu. 1997-ci ildə isə komanda maddi sıxıntı səbəbindən fəaliyyətini dayandırdı.
Yetim uşağa bənzəyən “Energetik”...
2003-cü ildə Mingəçevir böyük futbola “Energetik"lə qayıtdı. Həmin vaxt yaxşı heyət yığan komandanın başında futbolçu karyerasını yenicə başa vurmuş Zaur Qarayev dayanmışdı. Klub I Divizionda mübarizəyə başladı. Rəqiblər də yetərincə güclü və iddialı idi: “Gənclərbirliyi", “Göyəzən", “Karat"... Düzdür, mövsümün sonunda “Energetik" elitaya vəsiqə verən ilk iki yerdən birini tuta bilmədi. Bu yerlər “Gənclərbirliyi" ilə “Göyəzən"ə qismət oldu. Lakin mərhum Ramiz Mİrzəyevin yenicə prezident seçildiyi o vaxtı AFFA futbolda kütləviliyi artırmaq üçün 3-cü və 4-cü pilləni tutmuş “Karat"la “Energetik"i də elitaya buraxdı. “Karat" bu şansdan istifadə etsə də, təəssüf ki, “Energetik" rəhbərliyi gözlənilmədən geri çəkilərək yüksək liqada oynamaqdan imtina etdi. Səbəb kimi də maliyyə göstərildi. O gündən bu günə Mingəçevir futbolu böhrandan çıxa bilmir.
“Energetik"in hazırkı çıxışı isə Mingəçevir futbolu adına ləkədən başqa bir şey deyil. Çətin ki, əsl mingəçevirli azarkeş 0:10 hesablı məğlubiyyəti həzm edə bilsin. Komanda “Azərişıq Enerji" şirkətinin himayəsindədir. Amma necə deyərlər, Allah kəssin belə himayəni. Futbolçulara sanki dilənçi payı verilir. Zavodda fəhlə kimi qeydiyyata alıb ayda “5-10” manat maaş ödənilir. Bu vəziyyətdə təbii ki, hansısa inkişafdan, ümumiyyətlə, futboldan danışmaq olmaz. Futbolçuların çoxunun məşq etməyə forması, butsusu belə yoxdur. Üzücü məqamlardan biri də budur ki, Mingəçevir şəhər rəhbərliyi də komandaya biganədir. Elə bil, heç şəhərdə bu adda komanda yoxdur.
“Müalicə"yə ehtiyacı olan “xəstə”
Mingəçevir futbolunun acı durumunu şəhərin baş arenasının simasında da aşkar şəkildə görmək olar. 12 min tamaşaçı tutumu olan Yaşar Məmmədzadə adına stadionun vəziyyəti ürək ağrıdır. Stadion 1953-cü ildə inşa olunub. İstifadəyə verildiyi vaxtdan bu günə kimi 2 dəfə kosmetik təmir edilib. Hələ 2003-cü ildə “AzərTAC"ın yaydığı məlumatda bildirilirdi ki, stadion 50 illik yubileyi münasibətilə əsaslı təmir edilir. 2009-cu ildə agentlik stadionun yenidən qurulması ilə bağlı daha bir xəbər yaydı. Xəbərdə qeyd olunurdu ki, prezident İlham Əliyev Mingəçevirə səfəri çərçivəsində Yaşar Məmmədzadə adına şəhər stadionunda aparılan yenidənqurma işləri ilə də tanış olub. Məlumatda 1953-cü ildə tikilən stadionun müasir tələblərə cavab vermədiyi də xüsusi olaraq vurğulanırdı. Maraqlıdır ki, 2003-cü ildə əsaslı təmir olunan arena 2009-cü ildə tələblərə niyə cavab verməsin? Dərd burasındadır ki, heç, 2009-cu ildəki təmir də əslində əsaslı aparılmayıbmış. Çünki arena indi də müasir tələblərə cavab vermir, dağınıq vəziyyətdədir. Bir vaxtlar minlərlə azarkeşə qucaq açan tribunalar həm boş qalıb, həm də dağılıb gedir. Oturacaqlar sındırılıb. Sektorlar nəmişlikdən göyərib, suvaqlar tökülüb. VİP-loja və soyunub-geyinmə otaqları da müasir standardlara cavab vermir. Stadion rəhbərliyi yalnz yay aylarında qazonu normal vəziyyətdə saxlamağa çalışır. Onu da qeyd edək ki, stadionun 11 hektara yaxın ərazisində xeyli məcburi köçkün məskunlaşıb. Bəs, iki dəfə əsaslı təmir edilən arena bu durumda niyə olsun? Bax, bu suala cavab tapmaq olmur. Hələ ötən il stadion rəhbərliyi mətbuata açıqlamasında bildirmişdi ki, stadionun təmiri nəzərdə tutulub və plana da salınıb. İşlərə də 2016-cı ildə start verilməsi gözlənilirdi. Lakin 2016-cı il yarıya çatsa da, hələ də Mingəçevir stadionunda hansısa iş görülməyib.
Bax belə. Mingəçevir futbolu, onun tarixi, uğurları, yetişdirdiyi futbolçular, Azərbacan futboluna verdiyi töfhələr haqqında çox yazmaq olar. Bu dəfə mövzunu bir qədər ümumiləşdirərək Mingəçevir futbolu haqqında bir qədər qısa məlumatla kifayətləndik. Təəssüf ki, böyük adət-ənənəsi olan Mingəçevir futbolunun yubileyini bu cür qeyd etdiyinin şahidi oluruq - autsayder komanda, dilənçi gününə salınan futbolçular və dağılıb gedən stadion... 50 yaşın mübarək, miskin yubilyar!