Azərbaycan İdeyası

"Allah öz müqəddəs kitabında kölgələrdən canlı varlıq kimi danışır..."

Tarix:30-01-2017, 14:53
Baxış Sayı:567

  "Allah öz müqəddəs kitabında kölgələrdən canlı varlıq kimi danışır..."

Son zamanlar ölkədə ən çox müzakirə olunan məsələlərdən bir də ADP sədri Sərdar Cəlaloğlunun Nobel Komitəsinə öz nəzəriyyələrini təqdim etməsidir. Bəziləri peşəcə həkim olan bir siyasi xadiminin fizikayla məşğul olmasına ciddi baxmır, bu təşəbbüsü elmli görsənmək istəyi ilə əsaslandırır. Bəziləri isə onun gündəmdə qalması üçün “Nobel” arzusuna düşdüyünü düşünür. Təbii ki, onu tənqid edənlər arasında rəqibinin uğuruna sevinməyənlər də var. Sərdar bəy isə bütün sərt reaksiyalara baxmayaraq, öz işini davam etdirir, Nobel mükafatını bir gün mütləq Azərbaycana gətirəcəyini düşünür.
Eşitdiyimizə görə, o növbəti elmi əsərini də Nobel Komitəsinə təqdim edib. Bəs, görəsən, “Mütləq Nisbilik” nəzəriyyəsi adlanan bu əsərdə məğzi, irəli sürdüyü ideyalar nədən ibarətdir? ADP sədrilə bu dəfəki söhbətimiz bu mövzu ətrafında oldu.
Açığını desək, söhbətimiz zamanı Sərdar Cəlaloğluya yönələn tənqidlərin bir səbəbini də kəşf etdim. Sərdar bəy sovet elmi konteksindən fiziki aləmə materialist gözlə baxanların əzbərini pozurmuş. Üzərinə çəkdiyi bir çox qınaqlar da bundan qaynaqlanırmış. Ümidvaram ki, onunla aldığımız müsahibəni oxuyanda Siz də bizimlə razılaşacaqsınız.


- Sərdar bəy, eşitdiyimizə görə, Nobel Komitəsinə yeni bir əzərinizi-“Mütləq nisbilik nəzəriyyəsini” də göndəribsiniz. İstərdim ki, bu əsər barədə danışaq.

- Mənim bu nəzəriyyəm elmin, fəlsəfənin və dinin ən çox müzakirə edilən mövzularından birinə həsr olunub. Bilirsiniz ki, Qurana görə, Kainat Allahın bir sözüylə – “ol” deməsiylə vücuda gəlib. Ploton isə deyirdi ki, əvvəlcə “obyektiv ideya”, ondan sonra materiya yaranıb. Elmdə də Kvant fizikası atomun hippotetik hissəciklərdən əmələ gəldiyini kəşf edib. Yəni, Kvant fizikası yaradılışın nüvəsi olaraq gördüyü hissəciklərin fikrən mövcud, zahirən mövcud olmayan varlıqlar olduğunu irəli sürüb. Beləliklə, bu üç dünyagörüş arasında bir uyğunluq var və istər-istəməz belə bir suala yol açır: Doğrudanmı, Allah “ol” dediyi üçün Kainat yarandı? Bunun elmi izahı varmı?

Mən də bu suala cavab vermək üçün “Mütləq Nisbilik” adlı bir nəzəriyyə hazırladım. Bu nəzəriyyə həm Kvant fizikasını, həm Quranın məlum ehkamını, həm də fəlsəfənin “obyektiv ideya”dan materiyaya keçişi incələməyi qarşısına məqsəd qoyub. Nəzəriyyəmdə elm tarixində ilk dəfə maddənin 5-ci halının mövcud olduğu iddia və təfsir olunur.

- O zaman belə çıxır ki, maddənin 5-ci halı ideyadır? İdeya ilə materiyanı eyniləşdirmək, birini digərinin halı hesab etmək fəlsəfi aksiomların inkarı və yaxud qarışdırılması deyilmi?

- Yox, söhbət ideyadan getmir. Söhbət mövcud olduğu təsəvvür olunan, amma görünməyən və bütün varlıqları formalaşdıran hissəciklərdən gedir. Məlum olduğu kimi, maddənin 4-cü halı plazmadır. Plazma halı elementlərin bir-birinə keçid mərhələsidir. Mənim nəzəriyyəmə görə, maddənin 5-ci halı da var və o, plazmadan əvvəlki-elementlərin daha əmələ gəlmədiyi mərhələsidir. Bu halda sadəcə elementar hissəciklər mövcuddur. Buna maddənin Kvant halı da deyə bilərik. Mən öz nəzəriyyəmdə onu maddəni “ildırım halı” olaraq adlandırmışam. Nəzəriyyəmdə belə bir suala ortaya qoymuşam: biz əgər işığın sürətini artırsaq, nə hadisəsi baş verə bilər?

Bilirsiniz ki, işığın yayılma sürəti saniyədə 300 min km-dir. Əgər biz onun sürətini artırsaq, o zaman 3 hadisə meydana gələr. Əvvəla, işıq öz mənbəyindən “qopar”. Bu, işığın müstəqil bir işığa çevrilməsi deməkdir. Mənbəyindən “qopan” işıq müstəqil işığa çevrilsə də, fasiləsiz enerji axını kəsildiyinə görə başqa maddələrdə yayılmaq xüsusiyyətini itirər və özü özündə yayılar. Bir növ, özü özünün mənbəyi olar. İşıq özü özündə yayıldığına görə, elektro-maqnit dalğaların dairəvi hərəkəti baş verər…

- Yəni öz oxu ətrafında fırlanar? Beynimdə “nur topası” təsəvvürü yarandı…

- Bəli, öz oxu ətrafında fırlanar. Bu, öz mənbəyindən qopan işığın ilk fərqli halıdır. Yəni maddəyə çevrilmə mərhələsinin başlanğıcıdır.

İkincisi, işığın ikili təbiəti var. Məşhur alman fiziki Maks Plank tədqiqatlar aparaq sübut etmişdir ki, işıq həm dalğa, həm də zərrəcik halında olur. Odur ki, Kvant fizikasında işıq həm maddə, həm də dalğa xüsusiyyətilə anılır. Başqa sözlə desək, işıq qarşısına maneə çıxana qədər enerji şəklində olur, maneə ilə qarşılaşdığında isə qum dənələrinə oxşar zərrəcik formasına düşür. Eynşteynin işıqla bağlı verdiyi əsas təyin də bundan ibarətdir.

Üçüncüsü, mənbəyindən qopmuş işıq öz oxu ətrafında hərəkət edəndə işığın hər iki halı-həm dalğa, həm zərrəcik halı eyni anda ortaya çıxır. Halbuki, öz mənbəyindən ayrılmayan işıqda bu hallardan yalnız biri mövcud olur. "Müstəqil" işıqda isə fotonlar onun mərkəzində qalır. Onun eşiyində elektromaqnit dalğaların hərəkəti boyunca fermionların yığılması baş verir. Buna biz “işığın səsi” deyirik. Səsin özü də hipotetik hissəciklərdən -fononlardan ibarətdir. Beləliklə, fotonlar, elektromaqnit dalğalar və fononlardan ibarət bir varlıq düşünsək, bu, maddənin beşinci halı olur.

- Sərdar bəy, biz bu dediyiniz 5-ci halı təbiətdə müşahidə edə bilərik?

– Əvvəla, Kvant fizikası hippotetikdir, yəni təsəvvürlərdən ibarətdir. Heç kim təbiətdə Kvant fizikasının real inikasını faktiki olaraq göstərə bilməz. Çünki biz mexaniki fiziki aləmdəyik. Bununla belə, aparılan tədqiqatlar nəticəsində bizi əhatə edən aləmin mənbəyinin maddə olmadığı artıq sübut olunub. Əldə edilən elmi kəşflər nəticəsində maddi aləmin tərkibinin maddi olmayan hissəciklərdən formalaşdığı anlaşılıb. Materializmin bir nəzəriyyə olaraq çöküşü də bundan sonra başladı. Nə yazıq ki, bu gün bizim fizika alimlərimiz hələ də sovet təfəkküründən ayrıla bilmədiklərindən irəli sürülən bu ideyalara kəskin qarşı çıxırlar. Halbuki, dünya çoxdan bu mərhələni keçib və materialist fiziklər belə, Kvant fizikasının tədqiqatlarının nəticələriylə razılaşıblar. O ki qaldı maddənin 5-ci halı dediyim nəsnənin maddi aləmdə olub-olmamasına, ona bənzər varlıqlar mövcuddurlar. Məsələn, şarvari ildırım maddənin bu halına çox bənzəyir. Şarvari ildırım yumru kürə şəklində olur. Digər ildırımlardan fərqli olaraq səs çıxarmır. Çünki səsini də içərisində saxlayır. Yerdə və ya havada harasa dəyib dəhşətli səs çıxararaq partlayır. Deməli, şarvari ildırımı maddənin 5-ci halına nümunə göstərə bilərik. Madənin bundan başqa 6-cı və 7-ci halı da mövcuddur. Həmin dərəcələrdən biri Platonun dediyi “obyektiv ideya”dır, digəri isə maddənin mütləq halıdır ki, Quranda deyildiyi kimi, Allahın istəyindən ibarətdir. Onun necə olduğunu biz bilə bilmərik…

- Belə çıxır ki, “obyektiv ideyanı” da maddənin bir halı kimi qəbul edirsiniz. Halbuki, fəlsəfəyə görə, ideya maddə deyil.

- Məsələ burasındadır ki, son zamanların elmi kəşfləri materiya ilə ideya arasındakı ayrılıqları aradan qaldırıb. Bayaq da dediyim kimi, materiyanın elə ideyadan-maddi olmayan varlıqdan təşəkkül tapdığı ortaya çıxıb…

Mənim nəzəriyyəmə görə, maddənin 6-cı halı isə enerjisi və kütləsi olmayan androndur. Kvant fizikasında ona “kvant kölgəsi” deyirlər. Əslində kvant kölgəsi Plotonun dediyi “obyektiv ideya”nın özüdür. Biz əgər hər hansı bir əşyadan enerji və kütləsini çıxarsaq, yerində kvant kölgəsi qalar.

Maraqlıdır ki, Quranda da kölgəylə bağlı ayələr keçir. Rəd surəsinin 15-ci ayəsində bildirilir ki, göylərdə və yerdə hər nə varsa, hamısının özləri də, kölgələri də mənə səcdə edir. Təsəvvür edirsinizmi, Allah öz müqəddəs kitabında kölgələrdən canlı varlıq kimi danışır. Bu, heç də insan səcdə edərkən, kölgəsinin də onunla bərabər enib qalxdığını bildirmək üçün deyilməyib. Zənnimcə, söhbət kvant kölgəsindən gedir. Hansı ki, bütün varlıqların ilk şəkli bu kölgələr olub. Onların nə kütləsi, nə enerjisi vardı. Platon da “obyektiv ideya” deyəndə bunu nəzərdə tuturdu. Bir başqa ayədə isə açıq şəkildə kölgələrin maddələrdən əvvəl yaradılışından söhbət gedir. Bu elə kvant kölgəsi deməkdir.

Louis De Brogli adlı fizikin apardığı tədqiqatlar maddələrin atom quruluşlarında da bəzən görünən, bəzən görünməyən zərrəciklərin mövcud olduğunu, atomların bu zərrəciklərdən formalaşdığını kəşf etdi. Bu isə həmin zərrəciklərin eynilə işıq kimi bəzən dalğa, bəzən də zərrəcik kimi davranması demək idi. Alimin həmin kəşfi bizim dünya kimi gördüyümüz varlıqların əslində kölgələrin birləşməsindən ibarət olduğunu, maddənin ilkin mənbəyinin materiyadan ayrılıb metafizikaya yönəldiyini göstərirdi.

- Sərdar bəy, sizin bu sözlərinizdən heyrətlənməmək mümkün deyil. Vaxtilə islam mütəsəvvüfləri də təxminən eyni şeyi deyir, dünyanın əslində Haqdan bir kölgə olduğunu irəli sürürdülər. Hətta Nəsiminin belə bir şeiri də var: “Surət bu aləm oldu bizə, ol məkanımız”. Yəni bu məkan əsl məkanın surətidir, görüntüsüdür. Kvant fizikası sanki elmi geriyə-orta əsrlərə aparır…

- Əlbəttə. Burda qeyri-adi heç nə yoxdur. Elm, fəlsəfə mirasçılıq prinsipi üzərində qurulub. Bütün elm adamları özlərindən əvvəl gələn ənənəyə əsaslanıb və dolayısıyla dünəni bu günə, bu günü sabaha daşıyıblar. Hazırda kəşf olunan bütün yeniliklərin əsasında qədimilik dayanır. İlk insanların kəşf etdikləri bir çox məişət əşyalarını biz sadəcə təkmilləşdirmişik. Elmdə və fəlsəfədə də belədir. Çünki mütləq olan bir həqiqət var. Hər kəs hansı çağda yaşayırsa-yaşasın, bu həqiqəti öz informasiya potensialı çərçivəsində görür. Sizin dediyiniz Nəsimi, Füzuli, əl-Kindi, Fərabi, İbn Sina da fikirlərinin əslini özlərindən qabaq mövcud olan fəlsəfələrdən, elmi kəşflərdən almışdılar. Eyni proses bu gün də davam edir. Bütün fikirlərin məğzi hardasa eynidir. Çünki mütləq həqiqət də eynidir. Müasir insanlar sadəcə qədimdən bəri mövcud olan düşüncələri yeni ixtiralarla zənginləşdirir, sübuta yetirirlər. Mənim nəzəriyyəm də həmçinin…

Kvant fizikasına görə, bu dünyadakı, daha doğrusu, mexaniki aləmdəki kölgə ilə kvant kölgəsi arasında ciddi fərqlər var. Mexaniki aləmdə kölgənin yaranması üçün işıq və əşyanın birgə “əməkdaşlığı” lazımdır. Yəni işıq bir obyekt tərəfindən udulur və bu udulmanın ölçüsü qədər kölgə yaranır. Başqa sözlə desək, kölgəni mənfi enerji əmələ gətirir. Kvant fizikasında isə işıq yoxdur. Hələ bu aləmin yaranmadığı zamandan söhbət gedir. Deməli, kvant kölgəsi mövcudluğun ideyasıdır. Yaxud, əksinə desək, bu dünyadakı kölgə “obyektiv ideya”nın oxşarlığıdır. Dini görüşə görə, Allahın “ol” dediyi andır.

- Bəy, bunlar axı metafizikaya aid mövzulardır. Nobel Komitəsi metafizikanı da mükafatlandırır?

- Yox, bunlar Kvant fizikasının bəhsləridir. Bir çox fizikaçı alim məhz bu sahədəki tədqiqatlarının nəticəsində Nobel mükafatı alıb. Kvant fizikası bu gün də Nobel Komitəsinin ən çox dəyət verdiyi elm sahələrindən biridir. Mənim nəzəriyyəm də məhz metafizkadan Kvant fizikasına keçid və əksinə proses nəticəsində maddənin əmələ gəlməsini izah edir. Nəzəriyyəmin mahiyyəti bundan ibarətdir ki, kvant kölgəsi və ya “obyektiv ideya” deyilən nəsnə obyektsiz parametrlərə görə təsəvvür edilməlidir. Halbuki, indiki fizika aləmində bütün nəsnələri obyekt kimi ələ alınır. Məsələn, hər hansı bir əşyanın sürətini hansı zaman çərçivəsində nə qədər yerdəyişməsiylə tapırıq. Yaxud kütlə deyəndə nəyincə enerjisini nəzərdə tuturuq. Amma bir də Osvald tərəfindən irəli sürülən obyektsiz enerji kimi nəsnələr var. Yaxud obyektsiz qüvvə deyilən folk vektorları mövcuddur və nəyin qüvvəsi olduğu bilinmir. Ona görə də elmi ədəbiyyatlarda sadəcə bir vektorla, istiqamətlə işarə olunurlar. Bir növ, yoxluğun qüvvəsi kimi… Mən də bunun kimi bir ideya irəli sürmüşəm: obyektsiz hərəkət. Əgər obyektsiz enerji, qüvvə varsa, nəzəri olaraq, obyektsiz hərəkət də olmalıdır. Bu obyektsiz hərəkət statik vəziyyətə bərabərdir. Yəni işıq sürətindən də itidir ki, orda obyekt yox olur. Buna metafizik sürət də demək mümkündür.

- Yəni biz sürəti iti olduğuna görə bunu görmürük? Çünki elə bir təsəvvür var. Deyirlər ki, insan öz duyum ölçülərini aşan sürətləri görə bilmir. Məsələn, elə yüksək səslər var ki, biz onu eşitmirik.

- Bəli. Amma görməməyimizin, hiss etməməyimizin başqa bir səbəbi də var. Bu da onların iti sürətlərindən dolayı tam maddiləşməməsidir. İndi təsəvvür edin ki, biz həmin hərəkəti yavaşıtsaq, deyək ki, işıq sürətinə çatdırsaq, nə baş verə bilər?

Mexaniki fizikada hərəkət edən bir maşın dayananda entropiya hadisəsi yaranır. Yəni maşının getməsinə sərf olan enerji, hansı ki hərəkəti yaradır, ətraf mühit tərəfindən udulur və nəticədə hərəkət də dayanır. Əks halda, hərəkət davam edər. Buna entropiya hadisəsi deyilir. İndi sual oluna bilər ki, entropiya mühiti olmayan yerdə hərəkət dayananda nə baş verə bilər? Bu hərəkətin azalması prosesi nəyin hesabına reallaşar?

Eynşteyn düsturuna görə, E=mc2/2. Yəni enerji bərabərdir kütlə x hərəkətin kvadratının ikiyə bölünməsi. O zaman hərəkət də bərabər olmalıdır – kök altında 2E bölünsün m-ə. Fizikada bu enerji entropiya olunduğuna görə, tərsinə hərəkətdən kütlə və enerji əmələ gəlmir. Yəni belə deyək, biz maşınla getdiyimiz yolu bir də geri qayıdanda yanacaq çəninə benzin dolmur. Amma entropiya mühiti olmayan halda hərəkətin azalması nəticəsində enerji və kütlə yenidən əmələ gəlməlidir. Başa düşürsünüz, nə deyirəm?


- Təxminən, başa düşürəm. Deyirsiniz ki, bizim aləm mexaniki fiziki aləmdir. Bu aləmdə hər şey parazit kimidir. Mühit enerjini yeyir. Əgər enerji yeyilməsəydi, tərsinə hərəkət kütlə və enerji yaradardı. Biz bir dəfə maşınımıza benzin doldurardıq. Getdiyimiz yerdən geri qayıdanda sərf etdiyimiz yanacaq da yenidən bankımıza axardı.

- Gətirdiyin nümunəyə qədər hər şeyi düz başa düşübsən. Nümunədəki müqayisə isə səhvdir. Mən izah edim deyə, misal üçün elə demişdim. Demək istədiyim odur ki, ətraf mühit enerjini udmasaydı, tərsinə proses ilk vəziyyətə dönüşü şərtləndirərdi.

- Bir sözlə, entropiya mühitində enerji başqa enerjiyə çevrildiyindən, geriyə dönüş prosesi yaşanmır…

- Bəli, bu cür demək daha doğrudur. Mənim nəzəriyyəmə görə, haqqında danışdığımız metafizik sürət işıq sürətinə qədər azalanda ideya kütlə və enerjiyə çevrilir. Kütlə və enerji olan yerdə isə maddə meydana çıxır. Yaradılışın sirri də burdadır.

- Yəni deyirsiniz ki, metafizik sürətin işıq sürətinə qədər azalması Allahın “ol” deməsidir?

- Bəli. Dəqiq tutubsunuz. Mən öz nəzəriyyəmdə Quranın, Plotonun və Kvant fizikasının dediklərini birləşdirərək dünyanın necə yaradılmasını ortaya qoymuşam. [xfgiven_embed] [/xfgiven_embed] [xfgiven_youtube][/xfgiven_youtube]

OXŞAR XƏBƏRLƏR
Azərbaycan əhalisinin sayı açıqlanıb
Azərbaycan əhalisinin sayı açıqlanıb
Zaqatalada leysan yağışları fəsadlar törədib: Çaylardan sel keçib
Zaqatalada leysan yağışları fəsadlar törədib: Çaylardan sel keçib
Azərbaycanda 22 yaşlı tələbə qəsdən öldürülüb: Saxlanılan var
Azərbaycanda 22 yaşlı tələbə qəsdən öldürülüb: Saxlanılan var
Elşad Hacıyev: “Kibertalama riskləri artır, hər kəs diqqətli olmalıdır”
Elşad Hacıyev: “Kibertalama riskləri artır, hər kəs diqqətli olmalıdır”
2024-cü ilin yanvar-mart aylarında Goranboyda istehlak bazarı
2024-cü ilin yanvar-mart aylarında Goranboyda istehlak bazarı
Azərbaycanda minimum əməkhaqqı artırıla bilər
Azərbaycanda minimum əməkhaqqı artırıla bilər
Bu gün şəhid Milli Qəhrəmanımız polkovnik İlqar Mirzəyevin doğum günüdür - FOTO
Bu gün şəhid Milli Qəhrəmanımız polkovnik İlqar Mirzəyevin doğum günüdür - FOTO
8 May Qarabağın ürəyi Şuşanın işğalı günüdür
8 May Qarabağın ürəyi Şuşanın işğalı günüdür