Azərbaycan İdeyası

Nazirin məşuqəsinə bir gecəyə xərclədiyi pul və meyitindən qisas alınan xalq artisti

Tarix:22-10-2015, 10:59
Baxış Sayı:485

İntiqam VALEHOĞLU

Əslində bu yazı xalq artisti Nuriyyə Əhmədova vəfat edəndən 3-4 gün sonra-yaxınları ona ehsan verməyə pul tapmayanda, yalnız mətbuatın müdaxiləsindən sonra Mədəniyyət və Turizm Nazirliyi aktrisanın yaxınlarına 5-3 qəpik-quruş kömək edəndə, xalq artistinin ölümü ilə bağlı quruca nekroloq yayılmayanda (saytlarda yarım saat axtarış apardım ki, bəlkə nekroloq yayılıb, amma rast gəlmədim) yazılmalıydı.
Heç hələ onu demirəm ki, nazirlikdən heç olmasa, müavin səviyyəsində həmin yas mərasimində iştirak edən olmamışdı. Onu da dilimə gətirmirəm ki, kimlərsə kimlərinsə hesabına dövlətdən üç dəfə mənzil alanda Nuriyyə Əhmədova quruca xalq artisti adına, həmin adın ona verdiyi yüz manata və bir də dost-tanışın, qohum-əqrəbanın, axır günlərində isə əməkdar artist Nahidə Orucovanın evinə sığınmışdı.
Bunları ona görə dilimə gətirmək istəmirəm ki, irili-xırdalı səksəndən artıq filmə çəkilmiş və səkkiz ildir ölkənin xalq artisti adına daşıyan aktrisanın belə bir duruma düşməsi Mədəniyyət və Turizm Nazirliyi üçün utancvericidir. Hər halda, fəxri adı o özü kimlərinsə kabinetlərindən "keçərək" almamışdı, özünüz vermişdiniz və halal haqqı idi. Mən demirəm ki, Nuriyyə Əhmədova əfsanəvi aktrisa idi, əvəzolunmazdır. Xeyr. Peşəkar, yaddaqalan və koloritli aktrisa idi, müəyyən cəhətlərinə görə hardasa, rəhmətlik Nəsibə Zeynalovanı xatırladırdı, bəlkə də özünü ona bənzədirdi. Heç Fəxri Xiyaban söhbətini də eləmirəm. Çünki xalq artisti İlham Əsgərov dünyasını dəyişəndə göstərilən münasibətdən sonra anlamışdım ki, Fəxri Xiyabanda yerlər çoxdan "zanitdi". Hətta bir həmkarımın təbirincə desək, bütün həyat və yaradıcılığını Fəxri Xiyabanda dəfn olunmağa həsr etmiş adamlar var. Camaat gülməsə, indidən həmin yerlərin üstünə adlarını da yazdırarlar.

Adamı kirayələrdə, onun-bunun evində öldürdünüz, sağ olun. Heç olmasa, son dəfə əziyyətini çəkməkdə özünüzdə cəsarət tapardınız. Axı bu xanım Monqolustanın yox, Özbəkistanın yox, Azərbaycanın mədəniyyətinə xidmət edib. Axı bu nazirlik təkcə Turizm Nazirliyi deyil. Gündə əlli cür mənasız tədbirlərin press-relizlərini saytlara qəzetlərə göndərirsiniz ki, bunu dərc edin. Və şübhəsiz ki, həmin tədbirlər lopuğa başa gəlmir, ona görə büdcədən pul ayrılır və sair. Axı Nuriyyə Əhmədovanın dəfn xərclərini çəkmək elə o tədbirlərdən sadəcə birinə xərclənən vəsait qədər idi, hansısa nazirin, bir məmurun, bir deputatın məşuqəsinə bir gecəyə xərclədiyi puldan artıq etmirdi.
Hər şeyi başa düşdüm. Mədəniyyətimizə xidmət etmiş, heç kimin "saqqalının" altından keçməmiş SƏNƏTKARLAR "cəzalarını" öləndə alırlar. Daha doğrusu, bu adamların meyitlərindən sanki qisas alınır. Başa düşürəm, sizə görə haqsızam, onu da anlayıram ki, siz heç vaxt ölməyəcəksiniz və sair.
Bəs niyə ölkənin xalq artistinin başdaşını hansısa iş adamı hazırlatmalıdır? Axı o iş adamının belə bir borcu yoxdur.
Düşünürsünüz ki, ildə bir dəfə alayarımçıq tamaşalarla teatr mövsümünün açılışını etməklə, kino işçilərinin bayramında hərənin əlinə bir gül verməklə iş bitir? Sizcə, Mədəniyyət və Turizm Nazirliyi elə bunun üçündür? Xalq artistinin başdaşını iş adamı hazırladacaqsa, başqa bir xalq artistinin (İlham Əsgərov) cənazəsi 33 il işlədiyi teatrdan deyil, evindən götürüləcəksə, direktor aktyorları işlədib pulunu verməyəcəksə, aktyor jurnalistlərin məsələy müdaxiləsindən sonra aldığı qəpik-quruşu aparıb dərmana xərcləyəcəksə, teatrda iki xalq artisti məhz rəhbərliyin ucbatından bir-birinə yumruq atacaqsa və hər kəs bu yumruqlaşmaya ucadan susacaqsa, onda Mədəniyyət və Turizm Nazirliyi kimə lazımdır? İldə bir dəfə hotellərə lisenziya paylamaq üçün?
Əgər belədirsə, yə Hotel Nazirliyi yaradıla bilər, ya da ümumi Turizm Nazirliyi.
Bu yazı kiməsə, yaxud kimlərə görə çox sərt görünə bilər. Amma baş verənlər fonunda yazdığım yazını heç özüm də bəyənmirəm. Kaş bildiklərimin heç olmasa, yarısını yaza biləydim...

OXŞAR XƏBƏRLƏR
The New York Times Naftalandan elə şeylər yazdı ki! TƏFSİLAT
The New York Times Naftalandan elə şeylər yazdı ki! TƏFSİLAT
Kim kimə borc vermək istəsə, Fəqan Şabanovla məsləhətləşsin Yüksək vəzifəli icra məmuru: “Malı verəndə bizə demişdin ki, indi də bizdən istəyirsən?”+VİDEO!
Kim kimə borc vermək istəsə, Fəqan Şabanovla məsləhətləşsin Yüksək vəzifəli icra məmuru: “Malı verəndə bizə demişdin ki, indi də bizdən istəyirsən?”+VİDEO!
Boşanmış ər keçmiş arvadı ilə bölünməli olan əmlakı öz anasına necə bağışlayıb?
Boşanmış ər keçmiş arvadı ilə bölünməli olan əmlakı öz anasına necə bağışlayıb?
Azərbaycanda ər arvadını bıçaqlayıb qaçdı
Azərbaycanda ər arvadını bıçaqlayıb qaçdı
Dollar bahalaşıb? - RƏSMİ MƏZƏNNƏ
Dollar bahalaşıb? - RƏSMİ MƏZƏNNƏ
Azərbaycanda Milli Dirçəliş Günü qeyd edilir
Azərbaycanda Milli Dirçəliş Günü qeyd edilir
1) 2021-2023-cü illərdə Saatlı rayonunda “İdmanın əsas göstəriciləri haqqında” məlumat
1) 2021-2023-cü illərdə Saatlı rayonunda “İdmanın əsas göstəriciləri haqqında” məlumat
Bakının bu ərazisində qaz olmayacaq
Bakının bu ərazisində qaz olmayacaq