Oktyabrın 11-də Bakıda Beynəlxalq Muğam Mərkəzində şəhid leytenant Teymur Tehran oğlu Məcidzadənin ad gününə haqqında yazılmış “Şuşada bitən yuxu” adlı kitabın təqdimatına həsr olunmuş tədbir təşkil olundu. Kitabın müəllifi Könül Fazilqızı, redaktoru və məsləhətçisi ədəbiyyatşünas alim Həyat Şamidir.
Tədbirdə şəhidin anası Yasəmən Cmalova və ailə üzvləri, Milli Məclisin sədr müavini Adil Əliyev, Milli Məclisin deputatı Könül Nurullayeva, şəhidin məzunu olduğu İqtisad Universitetinin rektoru Ədalət Muradov, oxuduğu fakültənin dekanı Elçin Eyvazov və dekan müavini Rahim Mürsəlov, Nizami Rayon İcra Hakimiyyətinin başçısı Coşqun Cəbrayılov, YAP Nizami rayon təşkilatının sədri, Mədəniyyət nazirinin müavini Fərid Kərimli və Nazirliyin daha bir neçə vəzifəli şəxsləri, Auditorlar Palatasının rəis müavini Fəxrəddin İsmayılov, Füzuli Rayon İcra Hakimiyyətinin başçısının müavini və Füzuli RİH-nin “Vətən müharibəsi iştirakçıları və şəhid ailələri ilə işin təşkili” şöbəsinin müdiri, Pirallahı Rayon İcra Hakimiyyəti başçısının müavini və YAP Pirallahı rayon təşkilatının sədri qonaq qismində iştirak etmişlər.
Tədbirin təşkilində Gənc Tamaşaçılar Teatrının direktoru Nahidə xanım Teatrın yaradıcı heyəti – rejissordan tutmuş aktyorlara qədər hamısı çox zəhmət çəkmişdir. Tədbirin aparıcısı tanınmış moderator Jalə Həsənova öz işinin öhdəsindən məharətlə gəldi.
İqtisad Universitetinin rektoru Ədalət Muradov Şəhid Teymur Məcidzadənin keçdiyi qısa və mənalı həyat yolu haqqında danışdı: “Teymurun UNEC arxivində saxlanılan attestatını valideynlərinə təqdim etdik. Kitabın müəllifi Könül xanım Fazilqızını təbrik edir və bu dəyərli kitaba görə təşəkkür edirəm”.
Şəhid anaları adından şəhid Cavid Həsənovun anası Mirvari Həsənova çıxış elədi və şəhid ailələrinə göstəriləın qayğıya görə dövlət rəhbərliyinə təşəkkürünü bildirdi.
Teymur Məcidzadə 1992-ci il oktyabrın 10-da Füzuli rayonunun Gecəgözlü kəndində anadan olub. 1993-cü ilin avqustunda Füzuli rayonunun Ermənistan Silahlı Qüvvələri tərəfindən işğal edilməsindən sonra Məcidzadələr ailəsi Bakı şəhərinin Xətai rayonunda yaşamağa başladılar. 2010-2014-cü illərdə Azərbaycan Dövlət İqtisad Universitetində (ADİU) "Dünya iqtisadiyyatı" üzrə ali təhsil alaraq oranı bitirmişdir. Teymur Məcidzadə "Neftçi" FK-nun sadiq fanatlarından idi. Ailə həyatı qurmamışdı.
Azərbaycan Ordusunun leytenantı olan Teymur Məcidzadə 2020-ci il sentyabrın 27-də Azərbaycan Silahlı Qüvvələri tərəfindən Ermənistan işğalı altında olan ərazilərin azad edilməsi və Azərbaycanın ərazi bütövlüyünün bərpa olunması üçün başlanan Vətən müharibəsi zamanı Cəbrayıl, Füzuli və Şuşanın azadlığı uğrunda gedən döyüşlərdə öz canını fəda edərək savaşmışdır. Teymur Məcidzadə noyabrın 9-da Şuşa döyüşləri zamanı şəhid olub. II Şəhidlər Xiyabanında dəfn olunub.
Azərbaycanın ərazi bütövlüyünün təmin edilməsi uğrunda döyüş əməliyyatlarına qatılan və hərbi hissə qarşısında qoyulmuş tapşırıqların icrası zamanı vəzifə borcunu şərəflə yerinə yetirdiyi üçün Azərbaycan Prezidenti İlham Əliyevin 15.12.2020-ci il tarixli Sərəncamı ilə ölümündən sonra "Vətən uğrunda" medalı ilə, 24.12.2020-ci il tarixli Sərəncama əsasən "Cəbrayılın azad olunmasına görə" medalı ilə, 25.12.2020-ci il tarixli Sərəncama əsasən "Füzulinin azad olunmasına görə" medalı ilə, 29.12.2020-ci il tarixli Sərəncama əsasən "Şuşanın azad olunmasına görə" medalı ilə, 30.12.2020-ci il tarixli Sərəncama əsasən "Hərbi xidmətlərə görə" medalı ilə təltif edilib.
Şəhidin anası Camalova Yasəmən Mehman qızı deyir ki, Teymur 8 aylıq olanda onu Füzulinin Gecəgözlü kəndindən qucağında qundaqda körpə ikən gətirib: “Mən müharibənin dəhşətlərini, o qanı, pis günləri gözümlə gördüm. Elə bilirdim Teymur böyüyənədək bu müharibə bitəcək. Sən demə, balamı gözləyirmiş ki, balam şəhid olsun, Şuşa fatehi olsun. 2 övladım var. Bir qardaş, bir bacı idilər. Aralarında 2 yaş fərqləri var, bacısı qardaşını universitetə hazırlayırdı, çox mehriban idilər. Azərbaycan dili müəllimi bunu çox istəyirdi, deyirdi ki, Azərbaycan dilindən 25 düz yazsan, yoldaşımın maşınını sənə hədiyyə edəcəyəm. Orta məktəbdə olimpiada yarışlarının qalibi olub Teymur. Bu evdə, bu həyətdə biz çox xoşbəxt yaşamışıq. Yoldaşım həyətdə ip çəkmişdi voleybol oynayırdıq. Atası ilə qızım bir olurdu, mən də oğlumla bir, oynayırdıq. Hamı deyir, sizin mehribanlığınız gözə gəldi sanki. Qismət, bəlkə balam sağ da gələ bilərdi. Allah bütün şəhidlərmizə rəhmət eləsin! O, “Neftçi” fan klubunun üzvi idi. Gözəl futbol oynayırdı. “Neftçin”in və “Real Madrid”in azarkeşi idi”.
Anası qeyd edir ki, Teymur bir gün dedi ki, mən hərbiyə gedəcəyəm: “Üç aylıq kurs keçdi, sonra Pirəkəşküldə işə başladı. Ordan İtalyan dili kursuna göndərdilər. Oğlum məzuniyyətdə idi. 26 sentyabr məzuniyyəti yarımçıq qoyub, getdi. Mənə deyirdi ki, ana, bizim elə oğullarmız var ki, ön cəbhəyə əsgər lazım deyil. Ondan nəsə bir sirr almaq çox çətin idi. Çox narahat idim, gecə yazı-pozusun çəkib atdı ki, narahat olma. Mənimlə eyni gündə, 10 oktybrda doğulmuşdu. 28 il ad günümüzü ana-bala qeyd etdik, 28-ci ildə ad gününü doğma torpaqlarımız olan Füzulidə qeyd elədi. Tezdən saat 6-da zəng etdi, məni təbrik etdi, mən də onu təbrik etdim. Bizim Gecəgözlü kəndindən zəng etdi. Atasına dedi təbrik edirəm, Gecəgözlü kəndinizi tamam aldıq! Atası soruşdu ki, hardasan? Dedi kəndin klubunun heykəlinin yanındayam. Soruşdu evimiz hardadır? Atası dedi oranı ermənilər şumlayıb, məhv ediblər, sən oranı gedib tapa bilməyəcəksən. Erməni vəhşiləri hamısını tamam darmadağın etmişdilər”.
Yasəmən ana deyir ki, 4-6 oktyabrda Teymurun Türkiyəli hərbçilərlə təlimdə iştirak etdi, təltiflər aldı. Türklər ona təklif edib ki, gedib PUA-ların idarə olunması ilə bağlı təhsil alsın:
"O isə imtina edib ki, Vətən çağırır, mən əli silahlı döyüşə gedəcəyəm. Mənim torpaqlarım alınır, mən döyüş yoldaşlarımı qoyub gedə bilmərəm. Füzulidə cəhənnəm odun alovun içində idilər. Balam ordan çıxdı, Şuşanın azad olunması istiqamətində şəhid oldu. Bir ona sevinirəm ki, mənim balam Şuşanın azad olunmasını görüb, bilib. Allahıma bundan ötrü çox şükür edirəm!
Əsgərləri danışırdı ki, bir dəfə Cəbrayıl istiqamətində mühasirəyə düşüblər. 104 nəfərlik şəxsi heyəti Teymur öz bilik bacarığı ilə çıxarıb mühasirdən.
Füzulinin bütün kəndləri tamamilə azad olunandan sonra oktyabrın 29-da zəng etdi ki, ana, kalon düzülüb. Şəklini atdı baxdım ki, hamısı hisin, palçığın içindədilər. Deyirdi, ay ana, biz Xocəvənddəyik, bura bir gözəl yerdir. Gör, erməni mənfurları 30 ildə bizi nələrdən məhrum ediblər. Xocavəndən sonra Şuşa istiqamətinə ac-susuz getdilər, bir Allah bilir nə əzab- əziyyət çəkdi balalarımız orada. 052 ilə bunların istiqaməti eyni olub. Onların uşaqları sevinirmişlər ki, nə yaxşı ki gəldiniz, artıq nə qədər müddətdir susuzuq. Bunlar da susuz imiş, onlar da. Min bir əziyyətlə Şuşanı alıb balalarımız...
Mənim oğlum şəhid olmayacaqdı, qapıbir qonşumun övladı, qohumum, yaxınımın övaldı şəhid olacaqdı. Bu məni yandırmazdı? Təbii ki, yandırardı.Torpaqlarımızın işğaldan azad olunmasında mənim oğlum Teymurun da adı varsa, mənim üçün bu dünyadır! Mənə deyirdi ki, tez məni yığ. “Zəngimsel”ə Prezident İlham Əliyevin səsini qoymuşu. Çox sevirdi Prezidenti. Dövlətdən çox razıyam. Allah dövlətmizi, dövlətçiliymizi qorusun, amin!
Sonuncu telefon danışığı 30 oktyabrda oldu bizimlə. Döyüş yoldaşlarına atasının telefon nömrəsini vermişdi. Deyirdi ki, atama deyin hər şey yaxşıdır".
Ancaq oğlunun yoxluğu atası Nəcəfov Tehrana çox pis təsir edib. Oğlu II Fəxri xiyabanda dəfn olunandan sonra insult olub, sonra infarkt keçirib. 2021-ci ilin dekabrın 24-açıq ürək əməliyyatı keçirib.
Qeyd edək ki, şəhidin anası Yasəmən xanım uzun illər mühasib işləyib. Oğlu şəhid olandan sonra işdən ayrılıb. Ana deyir ki, daha balamdan sonra bunlar mənə çox mənasız gəlir:
"Balamı dəfn etdik, daha sonra xəbər gəldi ki, müharibə qurtardı. İnanın, bu gün mənim üçün o dünya gözümdə elə gözəlləşib. Gedib balama çatım kaş, elə bil çamadanım yığılıb hər zaman hazıram. Hər zaman o ümidlə yaşayıram ki, balamın yanına gedəm. Torpaqlarımız olmasa, nə ananı, nə də ailəni qorumağa dəyər. Bəlkə də illər keçəcək, minlərlə Teymurlar böyüyüəcək. Mənim Teymurum da xoş xatırlanacaq, onunla fəxr edirəm! Uca Allah Azərbayacanımızı qorusun! Körpələrimiz müharibəsiz, qan-qadasız böyüyəcəklər. Allah qalanlara cansağlığı versin, şəhidlərimizə rəhmət etsin! Oğul Vətən üçündür!"
Milli Azərbaycan Tarixi Muzeyinin Vətən müharibəsi fondunda şəhid baş leytenant Teymur Məcidzadəyə məxsus kitel, şalvar, bloknot, saat, fotoşəkillər və sənədlər qorunur.
Teymurun son döyüşü arzularımızın şəhəri Şuşanın azadlığı uğrunda olur. 2020-ci il noyabrın 8-də – Ali Baş Komandanın Şuşanın azad olunması müjdəsini verdiyi gün mənfur düşmənin tör-töküntülərinin qala-şəhərimizdən tamamilə təmizlənməsi üçün gedən qanlı döyüşlərdə qəhrəmancasına şəhidlik zirvəsinə yüksəlir.
Şəhidin atası Tehran Nəcəfov qeyd edir ki, Füzulidə olarkən oğlu onunla əlaqə saxlayıb: “Zəng elədi ki, ata, kəndimizin girəcəyində qoyulan heykəlin yanındayam, evimiz hansı tərəfdədir? Kənddə evlərin hamısı yerlə yeksan edilib. Söylədim ki, oğlum, 28 il keçib, heç mən gəlsəm, evimizi tapa bilmərəm. Oğlumla sonuncu dəfə oktyabrın 30-da əlaqə saxlaya bildik. Dedi ki, narahat olmayın, Ordumuz inamla irəliləyir”.
Anası Yasəmən Camalova oğlunun uşaqlıqdan futbola böyük həvəsi olduğunu deyir: “Teymur “Neftçi” klubunun sadiq fanatlarından idi. Teymur kimi mərd oğulların sayəsində qaçqın-köçkün adından azad olduq. Yaxın zamanlarda da doğma yurdumuza qayıdacağıq. Allah Teymura və bütün şəhidlərimizə rəhmət eləsin”.
Teymur Məcidzadə 2020-ci il noyabrın 9-da Bakıda II Şəhidlər Xiyabanında torpağa tapşırılıb.
Hər zaman şəhidlərimizin xatirəsinin əbədiləşdirilməsi təşəbbüslərinə, şəhid ailələri üzvləri ilə bağlı dövlətimizin siyasətinə gərəkən informasiya dəstəyi verən “Korrupsiya və Qanun” qəzeti öz səhifələrində şəhid Teymur Məcidzadə haqqında şəhid Şıxəli Manafovun bacısı Səhər Manafovanın məqaləsini, Yasəmən xanımın tələbə yoldaşı, dəyərli ziyalımız Həyat Şaminin Teymur Məcidzadəyə ithaf etdiyi “Şəhidim” şeirini dərc etmişik.
Baş redaktorumuz və qəzetimizin əməkdaşları şəhid baş leytenant Teymur Məcidzadənin ailəsini ziyarət ediblər.
Yazılarımızda haqlı olaraq qeyd etmişik ki, budəfəki şəhid analarının ən böyük təsəllisi nə başsağlığı verməyə gələnlərin dedikləri sözlər, nə onlara qoşulub ağlayanların çoxluğu deyil, məhz müharibədə qazanılan Böyük Qələbə, torpaqlarımızın işğaldan azad edilməsidir.
Bəli, bu gün Teymur Məcidzadəniun və onun kimi bütün şəhidlərimizin ruhları şaddır. Çünki artıq erməni quldurların son iqamətgahı Xankəndi azad edilmişdir. Arayik Arutyunyan və onun kimi digər hərbi cinayətkarlar, onlara maliyyə dəstəyi verən Ruben Vardanyan qollarına qandal vurularaq xalqımızın hüzuruna gətirilmişlər.
Allah bütün şəhidlərimizə rəhmət eləsin. Xalqımız igid oğul və qızlarımızın xatirəsini daim yaşadacaqdır. Ona görə də “Şuşaşada bitən yuxu” və vətənpərvərlik mövzusunda qələmə alınan bütün qəhrəmanlıq dastanlarının əhəmiyyəti böyükdür.
Xuraman Əhlimanqızı